Ç. İyn 26th, 2019

Bakıda zəlzələ həyəcanı

Respublika Seysmoloji Xidmət Mərkəzi açıqlama yaydı

Bu gün saat 13 radələrində Bakının böyük hissəsində eşidilmiş gurultu şəhər sakinləri arasında zəlzələ baş verməsi ilə bağlı həyəcan yaradıb və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM)  yayılan məlumatlara münasibət bildirib.

Turkustan.info-nun məlumatına görə, RSXM-nin Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, 14:00-a qədər respublika ərazisində maqnitudu 3 və ya 3 -dən yuxarı olan hər hansı təkan qeydə alınmayıb:

“Hər hansısa ərazidə silkələnmə və ya titrəyişlər olubsa, bu hansısa tikinti işləri və ya başqa texnogen amillərlə bağlı ola bilər. Bununla belə hər birinizdən informasiya yazarkən bizimlə dəqiqləşdirməyi xahiş edirəm. Çünki ictimaiyyətimizin, insanlarımızın düzgün məlumatlandırılması bu sahəyə cavabdeh qurum kimi bizim dəyərli KİV nümayəndələri ilə sıx əməkdaşlığmız nəticəsində mümkündür”.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakının Yasamal rayonunda zəlzələ baş verdiyi ilə bağlı məlumatlar yayılıb. Gurultu Bakını Badamdar, Yasamal, Alatava massiflərində, metronun “Elmlər Akademiyası” stansiyasında eşidilib.   /İstiPress/