Be. İyn 17th, 2019

“Ölkəmizi mümkün risklərdən qorumaq əsas vəzifəmizdir” – Prezident Əliyev

Mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Turkustan.info Azərtac-a istinadla  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

Prezident İlham Əliyev nitqində bildirib ki, dünyada gərginliyin davam etdiyi bir vaxtda Azərbaycanda sabitliyi qorumaq, xalqın rifahını yaxşılaşdırmaq və ölkəmizi mümkün risklərdən qorumaq bizim əsas vəzifəmizdir. “Biz müasir dövlət qurmuşuq. O dövlət ki, dərin milli-mənəvi təməl üzərində qurulub”, – deyən Prezident İlham Əliyev İslam dəyərlərini milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi kimi xarakterizə etdi, Azərbaycanın İslamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya çatdırdığını və bu fəaliyyətin bundan sonra da davam etdiriləcəyini qeyd edib. 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. “Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq”, – deyən dövlətimizin başçısı Cocuq Mərcanlı kəndinin və orada Şuşa məscidinin bənzərinin inşa olunmasının xalqımızın əyilməz ruhunu təcəssüm etdirdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycanda tarixi, dini abidələr qorunur və son illərdə yüzlərlə məscid tikilib, təmir edilib. Ölkəmizdə dinlərarası münasibətlər də ən yüksək səviyyədə tənzimlənir. Bütün dünya bu reallıqları bilir və qəbul edir. Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparıldığı mərkəzə çevrilib. Prezident İlham Əliyev Azərbaycanın uğurlu, dayanıqlı inkişafının bundan sonra da təmin olunacağını, ölkə qarşısında duran vəzifələrin icra ediləcəyini bildirib.

Paylaşılıb
CrestaProject