Ça. İyn 18th, 2019

Paşinyanın sonuncu “xilas kəməri”

“Qarabağ hərəkatı” hələ SSRİ-nin dövründə başlayıb, hansı SSRİ-də ki, bir dəfə Zəngəzuru və Göyçə gölü ətrafını Ermənistana bağışlamışdılar

Azərbaycanın işğal altındakı ərazilərində “siçanların çarpışması” davam edir. Hansı ki, normal dövlətdə siyasət adlandıralardı.

Ərazimizdə “Miatsum” siyasi biliyi” özünün varlığını bəyan edib və bəyanatla çıxış edib.

Orada deyilir: “Biz, “Arsax ermənilərinin” nümayəndələri milli və dövlət məsuliyyətini rəhbər tutaraq, bir daha birləşmiş erməni suveren dövlətinin və “Arsax”da legitim dövlət hakimiyyətinin qurulmasının tamhüquqlu, ayrılmaz və bölünməz hissəsi olmaqla bağlı siyasi qətiyyətimizi təsdiq edirik. Birlik “Arsax”da, bütün Ermənistanda mili və dövlət quruculuğuna, təhlükəsizliyə zəmanət verən ümummilli hədəf və gündəmdir”.
Bəyanata imza atanlar arasında “Sasna Tser”in və “Ramkavar Azatakan”ın yerli bölmələri də, “əfqanların” yerli şöbələri və hətta “Qarabağ özünü müdafiə qüvvələri”nin ilk komandanı Arkadi Karapetyan da olub.

Burada əlbəttə ki, dəqiqləşməyə lüzum var. Məsələ ondadır ki, beynəlxalq birlik həm düzən, həm də Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edir və bizim razılığımız olmadan Azərbaycan sərhədlərini heç kim dəyişməyəcək. Üstəlik, Qarabağın “müstəqilliyi” haqda nağıllara yalnız Lapşin və Edik Limonov tipli çağırılmış subyektlər inana bilər. O da həddən ziyadə İrəvanın brend içkisindən, “Qarabağ tut arağı”nı vurandan sonra.

Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisi olduğuna dair sübutlar nə qədər istəsəndir. Nikol Paşinyanın oğlunun burada xidmət eləməsi onlardan yalnız biridir. O ayrı məsələ ki, belə deyək, “de-yure” birləşmə ilk baxışda tamamilə “güclü gediş” kimi görünə bilərdi – özü də tutaq ki, Arkadi Karapetyan kimi personalar üçün yox, baş nazir Nikol Paşinyan üçün. Həmin Paşinyan ki, bir neçə gün öncə rusiyalı jurnalistlərlə görüşü zamanı artıq belə bir ideyanı dövriyyəyə buraxmağa cəhd edib: “Mənim əlimdə danışıqlar prosesində Dağlıq Qarabağı təmsil eləmək üçün əsas yaradacaq arqumentlər yoxdur. Bu, naz etmək məsələsi deyil, danışıqlar prosesinin effektliliyi məsələsidir. Əgər kimsə başqa cür düşünürsə, demək, o hesab edir ki, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir. Əgər belədirsə, onda gəlin, bunu rəsmiləşdirək”.

Aydındır ki, söhbət “təmsilçilik”dən getmir. Gerçəkdə Nikol Paşinyan bu yolla ən əvvəl özünün daxili siyasi problemlərini həll eləməyə çalışır. Nikol Vovayeviç heç də əsassız olmayan şəkildə əmindir ki, belə bir qərar (birləşmə qərarı – red.) həm İrəvanda, həm də işğal altındakı Xankəndində ona “qəhrəman çələngi”ni təmin edə bilər. Hələ bir təmin etməsin də? Axı ona kimi bu addıma nə Robert Köçəryan, nə də Serj Sərkisyan cəsarət edib. Danışıqlar zamanı Paşinyanın “Qarabağı satmaq” istəməsindən şübhələnənlər artıq bunu qəti şəkildə unudacaqlar. Ən başlıcası, Paşinyanın əlinə Qarabağda situasiyanı “təzədən format” eləmək üçün əla fürsət düşmüş olacaq.

İş ondadır ki, Paşinyanın Xankəndindəki işğalçı rejimin rəhbərliyi ilə münasibətləri, yumşaq desək, alınmayıb. Bako Saakyan açıq-aşkar Robert Köçəryanı müdafiə edir. Erməni KİV-lərinin məlumatına görə isə, Xankəndindəki güc rəhbərliyi erməni oliqarxları ilə birgə artıq Paşinyana qarşı qəsd hazırlayır. Paşinyanın özü isə vəd edib ki, “Qarabağı əks-inqilab ocağından inqilab ocağına çevirəcək”. Ancaq bu sözdən o yana getmədi, Saakyanı xalq etirazları ilə “devirmək” alınmadı. Nikol Vovayeviç ikinci cəhdini hələ eləməyib. Ancaq əgər indi kütləyə “miatsum” şüarı atılsa, o zaman onun müəllifləri babat üstünlüyə ümid edə bilərlər. Və əgər Qarabağ Kotayk, Şirak kimi de-yure erməni “marz”ına (əyalət – red.) çevrilərsə, o halda, Paşinyana Xankəndini öz siyasi rəqiblərindən təmizləmək daha asan olacaq. Bir sözlə, “miatsum” şüarını reanimasiya eləməklə Nikol Vovayeviç bir çox şeyi nəzərə alıb. Bircə onu nəzərə almayıb ki, Ermənistan və işğal edilmiş Qarabağ – hələ dünyanın hamısı deyil.

Buradaca Paşinyanın vaxtilə siyasi karyera qurmağa başladığı “komanda”nın rəhbəri Levon Ter-Petrosyanın müsahibələrinin birində dediyi sözləri yada salmaq yerinə düşər O demişdi: “Biz Qarabağ uğrunda mübarizəni bir situasiyada başladıq, başqa bir situasiyada davam etdiririk”.

Məlumdur ki, “Qarabağ hərəkatı” hələ SSRİ-nin dövründə başlayıb, hansı SSRİ-də ki, bir dəfə Zəngəzuru və Göyçə gölü ətrafını Ermənistana bağışlamışdılar, Rusiya Qazaxıstandan Orenburqu öz cənginə keçirmişdi və s. O SSRİ ki, orada hər şeydən göründüyü kimi, o vaxtkı erməni liderləri həqiqətın də xalqı küçələrə çıxarmaqdan öncə Moskvadan müəyyən zəmanətlər almışdılar. Ancaq 1991-ci ildə SSRİ dağıldı. 1992-ci ildə keçmiş sovet respublikaları dünya ictimaiyyəti tərəfindən mövcud sərhədləri çərçivəsində tanındı. Bu isə vəziyyəti kökündən dəyişirdi. Götürüb başqasının ərazisini özününkü elan eləmək artıq alınmırdı. Özü də 90-cı illərin birinci yarısında Ermənistan mahiyyət etibarilə dünya ictimai rəyi üzərində monopoliyaya malik idi, o ki ola ondan sonra birləşmə qərarı verəydilər.

Serj Sərkisyan 2016-cı ilin aprel döyüşlərinin isti izləri əsasında Ermənistan parlamentində belə bir təşəbbüsə cəhd eləmişdi. Ancaq sonra çox tez təşəbbüsündən vaz keçdi. Çünki İrəvandakıların “öz müqəddəratını təyinetmə” nalələrinə rəğmən, dünya birliyi Qarabağı Azərbaycanın ərazisi sayıb və sayır. Və indi əgər İrəvanda başqasına məxsus ərazinin bir hissəsini özününkü elan eləsələr, beynəlxalq birlik bunu “həzm etməyəcək”. Xüsusən də Krımın ilhaqından sonra. Üstəgəl, əgər İrəvanda “miatsum” prosesini sürətləndirmək istəsələr, bu, Qarabağ nizamlanmasını sadəcə, məhv edəcək. Nizamlama prosesi isə nə deyir-deyilsin, mahiyyət etibarilə hərbi variantdan yeganə “sığortalanma” vasitəsidır.

Nəhayət, Azərbaycanın işğal altındakı ərazilərində müxtəlif növ radikal ssenarilərə cəhd ölkəmizə vəziyyətə yüz faizli müdaxilə edib qayda yaratmağa əsas verir. Xüsusən də elə bir vaxtda ki, bundan ötrü güc və vasitəmiz, hüquqi əsaslarımız yetərincədir. Odur ki, əgər hətta Paşinyan “miatsum”u özü üçün “xilas kəməri” sayırsa belə, əslində bu, “üzən mina”dır. Hansı “mina” ki, partlaması ilə təkcə Xankəndinin deyil, İrəvanın da “külünü” göyə sovuracaq. (Musavat.com)

Paylaşılıb
CrestaProject