Ç. İyn 26th, 2019

Yalnız müharibə yolu ilə ermənilərin fikrini DƏYİŞDİRMƏK OLAR – Torpaqların geri alınması…

Ermənistanda bəzi generalların bəyanatları və bu kriminal ünsürlərin arxasında dayanan güclər Paşinyanı yıxmaq üçün səfərbər olublar.

Turkustan.info bildirir ki, ermənişünas Qafar Çaxmaqlı Redaktor.az-a açıqlamasında Ermənistandakı son vəziyyəti dəyərləndirib.

Q.Çaxmaqlı hesab edir ki, Ermənistanda klan yox, hakimiyyət mübarizəsi gedir:

“Amma onların bunu bacaracağına ümid azdır. Buna heç Qarabağ klanının revanşı demək də doğru deyil. Bu mübarizənin nəticəsinin Azərbaycan üçün elə bir əhəmiyyəti yoxdur. Çünki Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Dağlıq Qarabağla bağlı işğalçı mövqe sərgiləyiblər. Demokrat görünümlü Paşinyan da daha təhlükəli mövqe nümayiş etdirib. Bundan sonra hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, bu siyasət dəyişməyəcək. Ermənilərin Qarabağı Azərbaycana qaytarmaq fikirləri yoxdur. Erməni toplumunu və siyasi elitasını həmin fikrə gətirmək üçün isə bizdən maksimum fəaliyyət tələb olunur. Bu fəaliyyətin birincisinin adı zor tətbiq etməkdir”.

Q.Çaxmaqlı vurğulayıb ki, Azərbaycan ordusu uyğun bir məqamda qarşıya qoyduğu vəzifəni yerinə yetirmək gücündə olmalıdır:

“Yalnız müharibə yolu ilə ermənilərin fikrini dəyişdirmək olar. Aprel müharibəsindən sonra erməni cəmiyyətinin bəzi təbəqələri, hətta Ermənistan Milli Konqresində təmsil olunan partiyalar, başda Ermənistan ilk prezidenti Levon Ter Petrosyan olmaqla Dağlıq Qarabağın ətrafında işğal altındakı torpaqların geri verilməli olduğunu deyirdilər. Heç olmasa, Dağlıq Qarabağı saxlamaq üçün onlar bu yolu seçirdilər. Bu fikir uzun müddət Ermənistan cəmiyyətində müzakirə edildi və torpaqların qeyd-şərtsiz geri verilməsi an məsələsi idi. Biz daha böyük güclə Ermənistanın üstünə gedə bilərdik. Bunu etmədik. Yenə araya ATƏT-in aldadıcı diplomatiyası girdi və bunlar Ermənistanın torpaqları BMT-nin qətnamələrinə uyğun olaraq geri almağımıza əngəl oldu. Keçən zaman içində vəziyyət dəyişdi, ermənilər toparlandılar və ən müxtəlif siyasi, diplomatik manevralarla bu məsələni əvvəlki şəklinə gətirib çıxardılar”.

Q.Çaxmaqlı hesab edir ki, indi ermənilər dünya ictimaiyyətinə süni gərginlik sırımağa çalışırlar:

“Guya generallar and içib, diaspor erməniliyi Paşinyana qarşıdır. Bütün bunlar hekayədir və diqqəti əsas məsələdən yayındırmaq üçün cəhdləridir. Paşinyanla bağlı heç bir oyun oynanılmır, ssenari belə getməlidir. Onun devriləcəyi ilə bağlı da dövrəyə buraxılanlar erməni siyasi dairələrinin işidir. Ermənilərin əsas məqsədi bu ərazilərin işğalını davam etdirmək üçün vaxt əldə etməkdir. Bu vaxtı biz onlara verməməliyik. Paşinyan yıxılsa da, yıxılmasa da bizimüçün heç fərqi yoxdur. Nə əvvəlki hakimiyyət, nə klanlar, generallar, nə də indiki Paşinyan güruhu bizə sərf edir. Biz burada gedən prosesləri izləməli, dəyərləndirməli və buna uyğun da hərəkət etməliyik”.

Q.Çaxmaqlı proseslərə Rusiyanın müdaxilə edib-etməməsinə də münasibət bildirib:

“Bu ölkə Paşinyanın inqilab edən də səsini çıxarmadı, indi də. İşin nəzarəti öz əlində olduğuna görə burada yaşananlara əhəmiyyətsiz bir olay kimi baxır. Köçəryan olayı da qəsdən ortaya atılmış oyunlardan biridir”.