Ç. İyn 19th, 2019

“Konsertimin sponsoru yoxdur, bütün məsələləri özüm həll edirəm” – Nuriyyə Hüseynova 5 iyun konserti haqda danışır

Əməkdar artist Nuriyyə Hüseynova səhnəni ön cəbhə hesab edir

O, bir Turan sevdalısı…

O, xarakteri, yaşam tərzi, böyütdüyü övladları ilə örnək ola biləcək bir Azərbaycan xanımı…

O, elinə-obasına, ölkəsinə, dövlətinə başucalığı gətirən bir vətəndaş…

O, səsi, sənəti ilə Azərbaycan musiqisini dünyada layiqincə təmsil etməyə çalışan, UNESKO tərəfindən kompakt-diski buraxılan bir xanəndə…

O, Azərbaycanın qəhrəmanlıq tarixində şərəfli yerlərdən birini tutan Cavad xanın ömür-gün yoldaşı Şükufə xanımın filmdə bədii obrazını yaradan istedadlı bir aktrisa…

O, Mədəniyyət və İncəsənət Universitetində, Bülbül adına orta ixtisas musiqi məktəbində tələbələr yetişdirən bacarıqlı pedaqoq…

O, Əməkdar artist Nuriyyə Hüseynova…

Azərbaycanın və dünyanın müxtəlif ölkələrində konsert proqramları ilə çıxış edən Nuriyyə xanım Heydər Əliyev Sarayında “Eşq bir sirdir” adlı ilk böyük solo-konsertinə hazırlaşır. İyunun 5-i yaxınlaşdıqca məşqlər daha da intensivləşir. Tanınmış xanəndə ilə növbəti məşqdən öncə söhbətləşirik.
– Nuriyyə xanım, yaradıcılığınızı yaxından izləyən biri kimi deyə bilərəm ki, tez-tez konsert proqramları ilə çıxış edirsiz, sonuncu konsertinizdən o qədər də çox vaxt keçməyib…
– Sənətlə məşğul olan insanlar, özəlliklə də biz xanəndələr daim xalqın arasındayıq. Düşünürəm ki, təkcə telekanallarda, radio efirlərində, el məclislərində çıxış etməklə kifayətlənməməli, böyük konsert salonlarında da tamaşaçılar qarşısında hesabat verməliyik.
Müxtəlif illərdə Filarmoniyada, Akademik Opera və Balet Teatrının səhnəsində, Muğam Mərkəzində solo-konsertlər vermişəm. 2017-ci ildə Avstriyanın Vyana şəhərində keçirilən konsertim də yaradıcılıq bioqrafiyamda önəmli yer tutur. Avropanın mədəniyyət paytaxtlarından biri sayılan bu şəhərdə Vyananın “Virtuoz” Kamera Orkestri ilə çıxışım uğurlu alındı. Müxtəlif ölkələri təmsil edən tamaşaçılar muğam və xalq mahnılarımızı, Azərbaycan bəstəkarlarının əsərlərini böyük maraqla qarşıladılar. Əcnəbilər tərəfindən alqışlanmaq, dəfələrlə səhnəyə dəvət olunmaq təbii ki, qürurvericidir. Ötən il ABŞ-ın Çikaqo şəhərindəki konsertim də yüksək səviyyədə keçdi.
Qeyd etdiyiniz kimi, Bakıda sonuncu konsertimdən o qədər də çox zaman keçməyib. Ötən ilin yayında Muğam Mərkəzinin səhnəsində Mədəniyyət və İncəsənət Universitetindəki tələbələrimlə “Vətənimizi sevirik” adlı kompozisiya ilə çıxışım oldu və biz bu konserti Cümhuriyyətimizin şanlı 100 illiyinə həsr etdik. Noyabrda Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdindəki “Dədə Qorqud” ansamblı ilə “Bura Vətəndir” adlı konsert verdim. Qeyd etdiyiniz kimi, qısa fasilədən sonra yenidən tamaşaçılarla görüşə hazırlaşıram. Ölkəmizin ən möhtəşəm salonunda- Heydər Əliyev Sarayında ilk böyük solo-konsertim olacaq.
– Konsertin adından da göründüyü kimi həmin axşam “Eşq bir sirdir” mahnısını ifanızda bir daha eşitmək imkanı olacaq…
– “Eşq bir sirdir” 10 ildən çoxdur ki, repertuarımdadır. Düşünürəm ki, istər ölkəmizdə, istərsə də Azərbaycandan kənarda tanınmağımda və populyarlıq qazanmağımda bu mahnının böyük rolu olub. Yaratdığınız fürsətdən istifadə edib “Eşq bir sirdir” kimi əsəri ərsəyə gətirən insanlara- mahnının sözlərini yazan Nizami Muradoğluna, bəstəkarı-qızım Çilənay xanıma, aranjiman edəni Mahir İbrahimova və səs rejissoru Elçin Əhmədova bir daha təşəkkürümü yetirirəm.
– Bu gün izlədiyim məşqdən belə anlaşıldı ki, solo-konsertdə həm muğamlarımız, həm də bəstəkar mahnıları səslənəcək…
– Repertuar seçiminə həmişə ciddi yanaşmağa çalışıram, çünki bu, həssaslıq tələb edən məsələdir. Solo-konsertlərdə çox ağır musiqi ilə tamaşaçını yormaq olmaz, proqram elə tərtib edilməlidir ki, konsertə gələnlər vaxtın necə gəlib-getdiyini hiss etməsinlər. Əvvəlki konsertlərimdə olduğu kimi, bu dəfə də muğamlarımızdan, təsniflərdən və görkəmli bəstəkarlarımızın əsərlərindən ibarət 2 hissəli proqram hazırlamışam. Ölkə rəhbərinin sərəncamı ilə bu il “Nəsimi İli” elan olunub. Repertuarda bunu də nəzərə almağa çalışmışam, konsertdə Nəsiminin qəzəlləri səslənəcək. İyunun 5-i həm də nakam taleli şairimiz Müşfiqin doğum günüdür, onun sözlərinə bəstələnən mahnılar səslənəcək. Eyni zamanda, bu gün Türkiyədə, Cənubi Azərbaycanımızda sevilən türkilər ifa edəcəm. İyunun 5-i Azərbaycanımızda həm də Ramazan bayramı qeyd olunacaq. Mövlanənin, Yunus Əmrənin sözlərinə bəstələnən ilahilərlər də ifa etməyi də düşünürəm. Düşüncəmə görə, Allaha varmağın yolu təkcə məscidlər, camelər gəzməkdən keçmir, o yollardan biri də insanın özünə varmaqdır. Bu yolu gedən insan sonda hökmən Allahına varacaq. Tanıyanlar yaxşı bilir ki, mən Turan sevdası ilə yaşayan, millətimi sevən, ermənilər xaric bütün millətlərə, dinlərə sayğı ilə yanaşan bir insanam.
Məşqin gedişindən də gördüyünüz kimi, çox ciddi və məsuliyyətlə çalışırıq. Hər zaman bunu söyləyirəm, səhnə ön cəbhədir, orda qalibiyyət də var, məğlubiyyət də. Səhnədə məsuliyyət hiss etməsən, fədakarlıq göstərməsən, sənətə, tamaşaçıya eşqlə, sevgi ilə yanaşmasan məğlub olarsan. Solo-konsertdə Mövlanənin, Yunus Əmrənin, Nəsiminin, Hüseyn Cavidin, Müşfiqin tərənnüm etdiyi sevgidən bir çələng hörməyə çalışacağıq.
– Solo-konsertin aparıcılığını kimə etibar edəcəksiz?
– Gözəl sənətkara, qardaş saydığım dəyərli bir insana. Amma onun adını hələ açıqlamaq istəmirəm. Məni səhnədə “Dədə Qorqud” ansamblı müşayiət edəcək, amma kənardan da bir neçə musiqiçi dəvət etmişəm. Həmin axşam musiqili qonağım da olacaq, onu da hələlik gizli saxlayıram. Deyirsiniz ki, konsertlə bağlı bütün sirləri açım?
– Niyə də yox?
– Qoy bəzi məsələlər konsert başlayana qədər dəyərli tamaşaçılarım üçün gizli qalsın.
– Hətta sponsorun adı da?
– Nuriyyə Hüseynovanın solo-konsertinin sponsoru yoxdur. Bütün məsələləri özüm həll edirəm. Amma həmin gün tədbirimizin yüksək səviyyədə alınması üçün çalışan insanlar var, onları mütləq qeyd etməliyəm. Heydər Əliyev Sarayının direktoru Fərhad Babayev, İctimai Televiziyanın Baş direktoru Balakişi Qasımov məhz belə insanlardı. İTV solo-konserti lentə alıb televiziya tamaşaçılarına təqdim etməyi planlaşdırır, bunun özü mədəniyyətimizə, musiqimizə verilən dəyərin bir nümunəsidir.
– Bilet satışı ilə maraqlanırsızmı?
– Təbii ki, maraqlanıram. Satış hələlik pis getmir, konsert gününə qədər biletlərin satılıb qurtaracağına inanıram. Bayaq qeyd etdiyim kimi, sənətkar gərək tamaşaçıya sevgi, sayğı ilə yanaşsın. Eyni zamanda da tamaşaçının münasibəti də qarşılıqlı olmalıdır. Bu eşq, bu sevgi qarşılıqlı olmasa heç kimi məcburən konsert salonuna gətirib 2 saat orada oturda bilməzsən. Son günlər Türkiyədən, İrandan zəng edib konsertimdə iştirak etmək üçün Bakıya gələcəklərini deyənlər var, sosial şəbəkələr üzərindən də xeyli tamaşaçım yazır, bilet aldıqlarını bildirirlər.
Deyirlər hər bir solo-konsert sənətkar üçün tamaşaçıları qarşısında bir imtahandır. Mən də bu fikirlə razıyam. Lakin hesab edirəm ki, “Eşq bir sirdir” adlı solo-konsertim həm də tamaşaçılar üçün bir test imtahanı olacaq. Bilmək istəyirəm ki, onlar ciddi sənətlə məşğul olan sənətkarı çox dəyərləndirir, yoxsa şou göstərən şoumeni…

Etibar CƏBRAYILOĞLU

Paylaşılıb
CrestaProject