Bz. İyn 16th, 2019

Naxçıvan torpaqlarını qoruyan ilk əfsanəvi İdman Rotasının 18 may qəhrəmanlıq zirvəsi

1992-ci il 18-28 may tarixlərində Sədərək kəndi və Mil təpəsi uğrunda həyatlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə

Məhəmməd İsrafiloğlu

Naxçıvan torpaqlarını qoruyan ilk Xüsusi Təyinatlı Əfsanəvi İdman Rotasının 18 may qəhrəmanlıq zirvəsi.

Düz 27 ili öncə bu tarixdə Naxçıvan torpaqları rəsmən müharibə alovu içindəydi. Erməni Ordusunun Naxçıvan sərhədlərində yerləşən hərbi birləşmələri təpədən dırnağa silahlı gücləriylə Sədərək, Buzqov, Gərməçataq istiqamətində hücüma keçmişdilər. Bu azğın hücuma qarşı Naxçıvanın bütün əhalisi, dövlət orqanları, Xalq Cəbhəsinin könüllüləri, OMON birləşmələri ən gərgin şəkildə müdafiə olunurdular. Döyüşlərin ən qızğın və qaynar nöqtəsiysə Sədərək kəndi, ermənilərlə sərhəd zolağının ən yaxın təmas nöqtəsi olan Mil təpəsiydi.Bu təpəni heç cür düşmənə vermək olmazdı, heç cür. Heç verilmədi də, burada döyüşən Vətən övladlarının xarüqaldə cəsarəti, son damla qanınadək vuruşan əzmi buna imkan vermədi. Həmin odlu alovlu döyüşlərdə Azər Məmmədovun başçılığı ilə OMON qüvvələri  Sədərəkdə Ucubizdə,könüllülərdən ibarət batalyon Qırmızılarda, Mil təpəsinin Koroğlu bulağı deyilən istiqamətində, rəhmətlilk,bütün xalqın ən dərin məhəbbətlə sevdiyi cəsur Şahmərdan Cəfərov isə öz döyüşçüləriylə Əjdəkan və Beşbarmaqda vuruşurdular. Bu sadalanan istqamətlərdə komandirindən ta ki sıravi əsgərinədək hamısı düşmənə qarşı öldürmək və şəhid olmaq adına bütün canıyla, qanıyla vuruşurdular.

 Həmin illər Naxçıvanın müdafiəsinin həm ən ağır həm də qanla yazılan qəhrəmalığın tayı bərabəri görünməyən misilsiz bir nümunəsi, möcüzəsi baş verdi. Mil təpəsində bu möcüzəvi qurtuluşun qəhrəmanları indi də dillərə dastan olan Xüsusi Təyinatlı İdman Rotasının heyəti oldu.( el arasında Sportrota adıyla məşhurdur-M.İ).
Xüsusi Təyinatlı İdman Rotası 1991-ci ili yaz ayında həmin dönəmdə Naxçıvan MR İdman Komitəsinin Sədri işləmiş, Naxçıvanın müdafiəsində müstəsna xidmətləri olmuş Siyavuş Mustafayevin təklifiylə Xalq Cəbhəsi və Dövlət Müdafiə Komitəsinin Sədri Elman Abbasovla razılaşdırlaraq yaradılmışdır.Siyavuş Bəy öz kabinetini səngərlərə daşıyan nadir vəzifəli şəxslərdən idi, könüllülərdən ibarət Batalyonun Komandiri kimi Naxçıvanın elə bir döyüş bölgəsi yox idi ki iştirak etməsin,vuruşmasın. S.Mustafayevin rəhbərliyi ilə Sədərək döyüşləri vaxtı Sədərək reğional qərərğahında vahid komandanlıq təşkil edilmişdi.Heydərəbad qəsəbəsinin darmadağın edilmiş məktəbinin zirzəmisində qərərgah yaradılmışdı.Sədərək və Naxçıvanın hər yerindən gələn könüllü döyüşçülərlə bərabər yerli Polis və OMON qüvvələri də daxıl olmaqla milli ordunun Sport rotası da Sədərək reğional komandanlığının rəhbəri Səyavuş bəyə tabe etdirilmişdir.

  İdman rotası döyüş, kəşfiyyat əməliyyatlarının daha çevik, professional şəkildə həyata keçirilməsi zərurətindən doğmuşdur. Rotaya komandirlik hərbi xidmətini Sovetlər dönəmində Macarıstanda keçirmiş zabit Əliyev Səfər Bəkir oğluna həvalə edilmişdir. Olduqca cəsur, cüdo üzrə gözəl idmançı, dəmir intizamlı Səfər Bəy tez bir zamanda ilk olaraq ətrafına özünün inandığı idmançı dostlarını toplayraq heyətini qurmağa başlamışdır. Səfər Bəy ilkin olaraq Əfqanıstnda Xüsusu Təyinatla Bölükdə xidmət etmiş İbrahim Əliyevi döyüş əməliyyatları üzrə komandir müavini, Ələddin Bəyi və bir neçə nəfərdən ibarət heyət oluşdurur.Başlanğıcda rotanın tərkibi könüllülərindən ibarət idi. Lakin Naxçıvanda Sovet Ordusuna əsgər göndərilməsi dayandırldıqda hərbi xidmət yaşına çatmış cağırışçılar rotaya cəlb edilməyə başladı. Səfər Bəy öz heyətini qurarkən həm fiziki cəhətdən həm də əqli və ruhi baxımdan, iradəcə möhkəm olan gənclər üzərindən seçimini edirdi. Heyət qurulandan sonra tam fəaliyyətinə rəsmi olaraq qərar verilir. Bu heyətin qurulmasında Səfər Bəyin müavini İbrahim Əliyevin olduqca böyük rolu olmuşdur, onu da qeyd edək ki ibrahim Bəy özü belə qürumun yaradılmasından xəbər tutaraq bu işə qoşulmuş və Səfər Bəylə ilk tanışlığı da buradan yaranmışdır. Necə deyərlər artıq İdman Rotası hərbi çağırış yaşına çatmış gənclərdən tam olaraq təşkil olunaraq əməli fəaliyyətə başlayır. Qısa bir zamanda rotada yüksək döyüş əhval ruhiyəsi yaranır komandirlik tərəfindən.
Və rotanın qəhrəmanlıq səhifələri də bundan sonra yazılmağa başlayır. Bu rotanın Naxçıvanın müdafiəsi konusunda ağlagəlməz, heyrətamiz xidmətləri olmuşdur. Nə yazıq ki bu xidmətlər hərb tariximizin bilinməyən, obyektiv bir biçimdə tarixləşməyən gizlinlərində qalmaqdadır, əsl layiqli dəyərini almamaqdadır. Həmin illər mənim də hərbi xidmət illərim olub, bu rotanın yapdğı xidmətlərin şahidi olmuşuq hamılıqla bütün həmyaşlarımla. Təsəvvür edin ki bu rota təkcə döyüş bölgələrində vuruşmurdu, eyni zamnda həmin illərdə Sovet ordusunun silahlı texnikasının tərksilah edilərək DMK-nə təhvil verilməsində inanılmaz fəaliyyətlərdə bulunurdu eynən “Difai” təşkilatı kimi. Duzdağ lokatrının ələ keçirilməsi, Ordubadın “Soyuq” strateji yüksəkliyinin ələ keçirilməsi, həmin dönəmdə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin şəxsi qorunmasını təmin edən bu rotanın əsgərləri idi. Bir sözlə bu rotanın komandirindən tutmuş əsgərinədək hamısı biri birindən cəsur idi, əsla qorxaq deyildi.Bu cür məziyyətləri biz adətən filmlərdən izləmişik, amma bu rota bütün əməliylə, əxlaqıyla bir nümunə idi, hərbi məktəblərdə belə olmayan nizam intizama sahib idi. Biri birinə sədaqət səngərdə də sonunadək idi.
Bu rotanın qəhrəmanlıq salnaməsi Mil təpəsi uğrunda gedən döyüşlərdə şəhid qanlarıyla yazıldı. 18 nəfərlik heyətiylə Mil təpəsi uğrunda sayca, texnikaca qat-qat üstün düşmənə sipər oldu.Həmin gün 18 may 1992 ci ildə Sportrota Vətən müdafiəsində ən cəsur, igid oğullarıyla şəhid verdi. 


Məmmədov Surəddin Oruc oğlu, Məmmədov Muxtar İsa oğlu, Səfərov Müşvig Qasım oglu, Tağiyev Rustəm Rəşid oğlu, Cəfərov Şakir Səttar oğlu, Əliyev Kamran Yaqub oğlu( əsgər yoldaşları Tampo deyərdilər ona-M.İ.) son damla qanlarınadək vuruşaraq şəhidliyin uca zirvəsinə vardılar. İndi döyüş yoldalarıının əziz xatirəsinə çevriliblər. 18 may günü 18 nəfər OMON, Könüllülər və Sport rotadan olan döyüşçülər şəhid oldu. Ümumiyyətlə 18-28 may ərəfəsində 50 yə yaxın şəhid verdik.Şəhidlərin cənazəsi 10 günə kimi neytral zonada qalmışdı. Qırmızı Xaç çəmiyyətinin iştirakıyla götürmək mümkün olmuşdu. Şəhidlər demək olar ki tanınmaz hala düşmüşdülər.

Ermənilərdən də 60 dan çoxu öldürüldü.

Dörd ölkənin sərhəddində yerləşən Sədərək qəsəbəsi Yerevanın 60 kilomertliyində,Naxçıvan şəhərindən isə 90 km məsafədə yerləşir. Çox maraqlı faktdır ki Milli ruh o qədər yüksək idi ki Səyavuş bəy erməni tərəfə bir post qoyduğu halda Naxçıvan tərəfədən axışan yerli əhalinin qarşısını almaq üçün 3 yerdə post qoydurmuşdu.

Əfsanəvi “ Sportrota” nın Naxçıvanın düşməndən qorunmasında qəhrəmanlıq göstərib sağ qalan üzvləri üçün 18-28 may Mil təpəsi uğrunda gedən döyüşləri xatırlamaq heç də asan deyil.

 Şəhid olan dostların boşluğu heç cür doldurulmur nə yazıq ki…

Bütün şəhilərimiz işıqlar içində yatsın, onların müqəddəs qanları üzərində Bütöv Vətən inşa etmək hər birimizn boynunun borcudur. Ruhları o zaman şad olacaq.
AĞRILI QEYD. Odlu alovlu döyüş yolu keçmiş İdman Rotasında xidmət etmiş dostlarımla dünən telefonla danışarkən onların bir çoxunun müharibə veteranı vəsiqəsi ala bilməməsinə çox üzüldüm. Ordu quruculuğu prosesində bu qəhrəmanların keçdiyi döyüş yolu , normal bir qaydada qeydiyyata alınması məsələsində səhlənkarlıq yapılmış, Naxşıvan Dövlət Müdafiə Komitəsi onlara bu günədək heç bir təsdiqləyici sənəd verməmişdir. Halbuki arxiv var, arxiv yoxsa vicdan var, təsəvvür edin ki Naxçıvanın müdafiəsində elə bir tale yüklü məsələ yoxdur ki, İdman Rotasının orada rolu olmasın və keçmiş DMK üzvləri həmin illərdə bu cəsur qəhrəmanlara olmazın iltifatlarını yağdırardılar, çünki buna şahidəm. Hansı döyüş bölgəsində təhlükəli durum yaranırdısa bu rəhbərlik ildırım sürətiylə İdman Rotasını önə verərdi, ilk ağıllarına bu gələrdi. Fəqət indi bu qəhrəmanların keçdiyi döyüş xidməti illərinə dair heç bir sənəd verilmir. Şahidmi lazım buna?! Şahid- Bütün Naxçıvan eli, həmin illərdə hərbi xidmət etmiş insanların vicdanı. Naxçıvanda indinin indisi həmin nəslin nümyəndələrinə bu Rota haqqında söz açsan hamısı qürurla ağızdolusu, bəlkə də qəhərlənərək danışacaq çünki bu Rota həmin illərin igidlik əfsanəsiydi rəsmən.
Sportrotanın cəsur heyətinə yapılan bu haqsızlığın bəraəti əsla yoxdur.
Bu gün 18 maydır, düz 27 il öncə Mil təpəsi uğrunda gedən döyüşlərdə şəhid olub Vətən torpağının bir qarşışını belə düşmənə buraxmayan fədailərimiz anım günüdür. Kaş ki Mil Təpəsinin dili osa, kaş ki bu gün bu rotanın vuruşub döyüşlərdə sağ qalan cəsur heyətinə yapılan haqsızlığa Ucubiz, Əjdəkan, Qarağac, Kilid, Soyuq, Gərməçataq, Şada, Buzqov haray çəksə. Hər halda dağlar unutqan insan yaddaşından vəfalıdır, Almas Yıldırım demişkən Mənim sirdaşım dağlar…
Sonda Sədərək döyüşlərində şəhid olan övladların siyahısını paylaşıram. Bu adların arxasından öz qanlarını Üçrəngli Bayrağımıza dönüşdürən Vətən fədailərimiz boylanır.
UNUTMAYAQ Kİ, 
UNUDULMAYAQ!

Sədərək şəhidlərinin ümumi siyahısı:

Abbasov Bahadır Bayram oğlu
Əsgərov Abdulla Rza oğlu
Abbasov Mehman Musa oğlu
Əsgərov Canpolad Ağaverdi (Ağoş) oğlu
Abbasov Namiq İlyas oğlu
Adnayev Elşad Səxavət oğlu
Əsgərov Sədi Sabir oğlu
Ağayev Qulu İbrahim oğlu
Heydərov Hüseyn İsgəndər oğlu
Ağayev Musa Ağamalı oğlu
Heydərov Yusif Qafar oğlu
Ağayev Nəsib Ağamalı oğlu
Həsənəliyev Asəf Ələkbər oğlu
Babayev İlqar Kamil oğlu
Həsənov Bayram Həsən oğlu
Babayev Rəşad Abbas oğlu
Həsənov Cəfər Əli oğlu
Canməmmədov Vəli Eldar oğlu
Həsənov Fariz Sabir oğlu
Cəfərov Adil Allahverdi oğlu
Həsənov Muxtar Həsən oğlu
Əbülhəsənov Hidayət Allahverdi oğlu
Həsənov Müşfiq Hüseynqulu oğlu
Həsənov Nemət Arif oğlu
Əhmədov Eldar Paşa oğlu
Həziyev Namiq Əyyub oğlu
Əhmədov Etibar Rzaqulu oğlu
Hüseynov Araz Səməd oğlu
Əhmədov Kərim Yəhya oğlu
Hüseynov Coşqun Hüseyn oğlu
Ələkbərov Vahid Zahid oğlu
Hüseynov Etibar İslam oğlu
Əliyev Elbrus Ələkbər oğlu
Hüseynov Rəhim Həsən oğlu
Əliyev Elxan Vəli oğlu
Hüseynov Şamil Telman oğlu
Əliyev Ənvər Bilal oğlu
Xanlarov Elmidar Nurəddin oğlu
Əliyev Kamran Yaqub oğlu
Xudaverdiyev Səməd İmran oğlu
Əliyev Malik Qabil oğlu
İbrahimov Əşrəf İbrahim oğlu
Əliyev Məhəmməd Nurəddin oğlu
İbrahimov Orxan Yusif oğlu
Əliyev Səyyad Əhəd oğlu
İmanov Əbülfəz Bəbir oğlu
Əsədullayev Kamal Fətulla oğlu
İsmayılov Elman Cabbar oğlu
İsmayılov Fərmayıl İsmayıl oğlu
Nəzərəliyev Abbasəli Qaragöz oğlu
İsmayılov Mehman Qurban oğlu
Kazımov İlham Cəbrayıl oğlu
Orucov Mehman Rövşən oğlu
Qasımov Əhməd Sadiq oğlu
Ramazanov Hidayət Əjdər oğlu
Qasımov İlyas Sabir oğlu
Rzayev Surxay İsa oğlu
Qasımov Qadir Qasım oğlu
Sarıyev Sədi Əhəd oğlu
Qaybalıyev Bəxtiyar Nəsib oğlu
Seyidov İlkin Mirnazir oğlu
Qədimov Hamlet Əli oğlu
Seyidov Məhərrəm Mirəziz oğlu
Qədimov Vəli Rəhim oğlu
Seyidov Mirəyyub Miryusif oğlu
Quliyev Qulam Əli oğlu
Seyidov Mirhəşim Mirşəmil oğlu
Mahmudov Əbdül Qəhrəman oğlu
Səfərov Müşfiq Qasım oğlu
Mahmudov Vilayət Təvəkkül oğlu
Səfərov Sabit Vaqif oğlu
Mehdiyev Lətif Nəsib oğlu
Səfərov Şakir Səttar oğlu
Məmmədov Bəhlul Musa oğlu
Səfərzadə Vidadi Vaqif oğlu
Məmmədov Əhməd Həsənqulu oğlu
Səfərzadə Vüqar Nəsib oğlu
Səmədov Əli Səməd oğlu
Məmmədov Faiq Yaqub oğlu
Sultanov Kamil Hüseyn oğlu
Məmmədov İdris Ələsgər oğlu
Sultanov Nazim Fərman oğlu
Məmmədov Kamran Cəbrayıl oğlu
Süleymanova Səmərqənd İbrahim qızı
Məmmədov Məmməd Əli oğlu
Məmmədov Muxtar İsa oğlu
Şahverdiyev Mübariz İslam oğlu
Məmmədov Nüsrət Hüseyn oğlu
Şəfiyev Rasim Vəli oğlu
Məmmədov Surəddin Oruc oğlu
Şirəlıyev Mustafa Hüseyn oğlu
Məmmədov Valid Qasım oğlu
Tağıyev Azər Nemət oğlu
Mıəmədova Seyran Mirəli qızı
Tağıyev Rüstəm Rəşid oğlu
Mirzəyev Fərhad Səyyad oğlu
Vəliyev Rövşən Nizami oğlu
Muxtarov Vüqar Bayram oğlu
Vəliyev Şükür Məhərrəm oğlu
Musayev Firuddin Qulu oğlu
Yusifova Ruhiyyə Abdulla qızı
Nağıyev Elşad Arif oğlu
Zamanov Aydın Əhməd oğlu
Nəsibov Vüqar Şəmil oğlu
Zamanov Fazil İmran oğlu
Nəsirov Elvin Tofiq oğlu
Zeynalov Mahmud Zeynalabdin oğlu
Nəsirov Malik Tofiq oğlu.

Nur içində yatsınlar!

 

 

Paylaşılıb
CrestaProject