Ça. İyn 18th, 2019

Gün: İyun 2, 2019

Oruc neçə cür olur?

İmam Qəzali oruc haqqında:
Oruc üç cür olur.
1. Şəriət orucu: Yəni müsəlman dinimizin buyurduğu kimi oruc tutur, səhərdən axşama qədər ac qalır, boğazından heç nə keçirmir, orucun şərtlərinə əməl edir.
2. Mükəmməl oruc: İnsan bütün əzaları ilə birlikdə oruc tutur, təkcə ağız, mədə ilə iş bitmir, dil yalan
danışmır, göz harama baxmır, qulaq ona aid olmayan şeyi eşitmir, əl harama uzanmır, ayaq ziyana tərəf addımlamır, beləcə insan bütün bədən üzvlərini bir ordu kimi səfərbər edib, oruca yönəlir.
3. Xas oruc: Bu oruc hər kəsin bacaracağı bir şey deyil. Xas orucu tutan adam bütün əzaları ilə oruc
tutur və üstəlik ruhunda, beynində, düşüncələrində Allahdan başqa heç nə olmur, dünyanı düşünmür, maddiyyatı ağlından keçirmir, dünya nemətlərini unudur.

Günə bir dua
Allahım!
Qəlbimi dinində və Sənin sevgində sabit qıl, dinindən və sevgindən ayırma!  /yeniavaz.com/

Məşhur “vor-zakon” öldü – “Lotu Quli” onun yerinə keçir?

Rusiyada azərbaycanlı avtoritet, Nadir Salifovun (Lotu Quli) rəsmi nümayəndəsi Vaqif Güləhməd oğlu Sultanov (Vaqif Kamışlovski adı ilə tanınan) 67 yaşında ölüb. 
Vaqif Kamışlovski Sverdlovsk vilayətinin şərqində uzun müddət oğru aləminin “nəzarətçi”si olub. Rusiya mətbuatı yazır ki, mərhumun qohumları onun nəşini Azərbaycana gətirib və burada dəfn ediblər.
Mənbələrin bildirdiyinə görə, Vaqif Kamışlovskiy son zamanlar çox xəstə olub və heç kimi tanımırmış. Ancaq yaxınları və azərbaycanlı diasporası ümid edirlərmiş ki, o, bərpa olunacaq. Bu məqsədlə hətta onun xaricdə müalicəsi üçün pul yığıblar.
Qeyd olunur ki, “Kamışlovski”nin aktiv işlərdən uzaqlaşması kriminal aləmdəki vəziyyətə də təsir edibmiş. Hələ apreldə “hakimiyyət”in “Vorotnik”ə (Aleksandr Vorotnikov) təhvil verilməsinin planlaşdırıldığı oğru “sxodka”sı polislər tərəfindən dağıdılıb. Belə ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (OBOP) əməkdaşları güc tətbiq edərək görüşün qarşısını alıblar.
Mənbənin bildirdiyinə görə, “Vaqif Kamışlovski”nin yerinə keçə biləcək namizədlər arasında “Lotu Quli”, “Aqayar Aqayev”, “Qiya Akoyev” də var. (lent.az)

Paşinyanın özünü təmizə çıxarma cəhdi alınmadı

Bu günlərdə bəzi KİV-lərdə dərc edilən məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstana səfərini yarımçıq kəsməyi qərara alıb.

Paşinyan oraya Avrasiya Ali İqtisadi Şurasının (AAİŞ) iclası çərçivəsində keçirilən tədbirlərə gedib. Bildirilir ki, RF Prezidenti Vladimir Putin Ermənistanın baş nazirini qəbul etməkdən vaz keçib və Paşinyan Avrasiya Ali İqtisadi Şurasının beşinci ildönümü münasibətilə təltif edilməyən yeganə yüksəkvəzifəli qonaq kimi inciyərək bu qərara gəlib. 

Ermənistan hökumətinin dəfələrlə biabır olmuş rəhbəri təbii ki, özünü təmizə çıxarmağa çalışıb. Jurnalistlərlə görüşündə “Putinlə görüş nəzərdə tutulmamışdı”, – deyən Paşinyan daha sonra əlavə edib ki, əgər onu AAİŞ-in beşinci ildönümü münasibətilə təltif etsəydilər, öz tərəfindən bunu ən azı qəribə addım hesab edərdi, axı o, “bir ildən bir qədər artıqdır ki, Ermənistanın baş naziri vəzifəsini tutur”. 

Təltiflə əlaqədar qeyd etmək lazımdır ki, özünə bu cür haqq qazandırmaq cəhdi baş tutmadı. Əvvələn, Paşinyan kimi Qırğızıstan Prezidenti də AAİŞ-i yaradanlardan biri olmayıb, amma onu təltif ediblər. Üstəlik, erməni şərhçilərin özlərinin qeyd etdiyi kimi, adətən bu cür təltiflərə şəxsən rəhbərləri deyil, onların təmsil etdiyi dövlətləri layiq görürlər. Paşinyanın məntiqinə görə, məsələn, NATO-nun və ya Aİ-nin 100 illiyi münasibətilə mükafatları bəlkə də heç kimə vermək mümkün olmayacaq, çünki o vaxta qədər bu təşkilatlara üzv dövlətlərin rəhbərləri yəqin ki, 1949-cu və ya 1993-cü ildən həmin vəzifələri tutan liderlər olmayacaq. 

Buna görə təltif məsələsində Paşinyan bir qədər çaşıb. Onun təltif edilməməsinin səbəbi heç də özünün dediyi deyil, sadəcə budur ki, orada onu özlərinə tay hesab etmirlər. 

Putinlə görüşün ümumiyyətlə nəzərdə tutulmaması məsələsinə gəldikdə isə sual olunur: əgər belə görüş nəzərdə tutulmamışdısa, onda nəyə görə Paşinyan özü Qazaxıstan səfərindən əvvəl bu görüş barədə anons verirdi? Axı erməni KİV-ləri yazırlar ki, Paşinyan özü ikitərəfli görüş nəzərdə tutulduğunu bildirib. Belə çıxır ki, baş nazir yalan deyir! Görüş planlaşdırılmışdı, lakin adı çəkilməyən hansı səbəblərdənsə Rusiya tərəfi Paşinyana audiensiyadan imtina edib və Ermənistanın baş nazirinin mətbuat katibi Vladimir Karapetyanın interpretasiyasında bu görüş “nəzərdə tutulmamış” kimi elan olunub. 

Paşinyan vətənə qayıdandan sonra çarəsi bircə ona qalıb ki, qalmaqallı futbolçu Henrix Mxitaryana zəng vurub ona “heyran olduğunu” bildirsin və xatırlatsın ki, “irqçilik” səbəbindən Mxitaryan Bakıya gəlməsin. Yəni unutmasın ki, birdən jurnalistlər səbəbini soruşanda onlara necə cavab verməlidir. 

Amma bir şey aydın deyil: baş nazir nəyə “heyran imiş” – Mxitaryanın bütün bu biabırçı və uğursuz tamaşada heç də həsəd aparılmamalı rolunu necə ifa etməsindən, yoxsa çətin anda öz komandasını ataraq idmançıdan daha çox ermənilərin təbliğat-təşviqat aktyoruna çevrilməsindən? 

Heyif ki, həmin günlərdə Bakıya gəlmiş və burada idmançı kimi ləyaqətlə çıxış etmiş erməni gimnastlar Qarsevan və Duxik Canazyanlar baş nazirdən belə zəng şərəfinə layiq görülməyiblər. Paşinyanın uydurduğu “irqçilik” nədənsə bu gimnastların çıxışına mane olmayıb. Bu, onların başının ucalığıdır. 

Mxitaryan və Paşinyan isə son iki gündə planetin müxtəlif guşələrində məruz qaldıqları biabırçılığı öz aralarında bölsünlər.    /AzərTac/

Anası üçün icad etdi, amma bütün qadınları xilas edəcək – FOTO

Bütün bunlar onun anasının döş xərçənginə tutulmasıyla başlayıb. 

Meksikada yaşayan 18 yaşındakı gənc anasının döş xərçənginə tutulduğunu öyrəndikdən sonra döş xərçəngini öncədən aşkar edə bilən məmədan hazırlayıb. Bu məmədan bir ağıllı telefon tərəfindən idarə olunaraq döşdəki xərçəng hüceyrələrini öncədən aşkar etməyə müvəffəq olacaq.

Julian Rios Kantu adlı gəncin ərsəyə gətirdiyi proyektin adı “Eva”dır. Gənc ixtiraçının üç yoldaşıyla qurduğu şirkət 56 ölkədən, 56 ixtiraçının qatıldığı yarışmada 20 min dollarlıq bir ödülün sahibi olub. Bununla da hazırlanan məmədan döş xərçənginin vaxtında aşkar edilərək müalicə olunmasına kömək edəcək. 

Normal bir məmədan kimi hazırlanan “Eva” olduqca asan şəkildə çalışır. Xərçəng hüceyrələri artan zaman bunu biruzə verir. Bu məmədanın daha bir xüsusiyyəti isə temperaturu ölçməsidir. Məmədanın bu xüsusiyyətlərini həyata keçirməsi üçün həftədə 60-90 saat ondan istifadə etmək lazımdır. Gənc ixtiraçının çarəsiz zamanlarında ixtira etdiyi bu layihə gerçəkləşərsə, dünya çapında xərçənglə mücadələ də çox böyük bir irəliləyiş əldə edilmiş olacaq.   /moderator/

Image result for Anası üçün icad etdi, amma bütün qadınları xilas edəcək

Azərbaycanda tələbə qızın dəhşətli ölümü ilə bağlı YENİ FAKTLAR

Samuxda baş vermiş intiharın başvermə şəraiti məlum olub.

Rayonun Eldar kəndində ötən gün intihar etmiş 19 yaşlı qız Bəsti Yasin qızı Aslanova hadisə zamanı evdə tək olub.

B.Aslanova Gəncə şəhərində yerləşən özəl təhsil müəssisələrinin birində tibb üzrə təhsil alırmış. İkinci kurs tələbəsinin Gəncədə kirayədə yaşadığı bildirilir. O, intihardan bir müddət öncə tətilə çıxdığı üçün yaşadıqları babası evinə gedib.

Hadisədən bir qədər sonra evə gələn ailə üzvləri B.Aslanovanın özünü kəndirlə asaraq intihar etdiyini görüblər. Gənc qızın intihar səbəbi tam açıqlanmır. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.  /publika.az/

İrandan xəbərdarlıq: Bir güllə atılsa, neftin qiyməti 100 dolları keçər

İran və ABŞ arasında Fars körfəzində istənilən qarşıdurma neftin qiymətinin bir barrelə görə 100 dollardan çox artmasına səbəb olacaq.

TASS xəbər verir ki, bunu İran Ali liderinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi bəyan edib.

Onun sözlərinə görə, amerikalılar Birləşmiş Ştatların regiondakı silahlı qüvvələrinin İranın raket zərbələrinin əhatə dairəsində olduğunu yaxşı anlayır.

Hərbi müşavir onu da bildirib ki, ABŞ-ın və digər xarici ölkələrin Fars körfəzindəki Hərbi Dəniz Qüvvələri də İslam İnqilabı Keşikçiləri Korpusunun “yer-dəniz” tipli raketlərinə tuş gələ bilər:

“Körfəzdə atılan ilk güllə neftin qiymətinin 100 dollardan çox artmasına gətirib çıxaracaq. Bu, Amerika, Avropa, eləcə də ABŞ-ın Yaponiya və Cənubi Koreya kimi müttəfiqləri üçün dözülməz olacaq”.

Qeyd edək ki, Vaşinqtonun “Abraham Linkoln” aviadaşıyıcısı başda olmaqla, Hərbi Dəniz Qüvvələrinin zərbə qrupunun Fars körfəzinə göndərilməsi barədə qərarı İran və ABŞ arasında siyasi qarşıdurmanın daha kəskinləşməsinə səbəb olub.

QHT sədri: “Prezidentin sərəncamı həssas sosial qruplardan olan vətəndaşlara qayğının növbəti təzahürüdür”

Azərbaycan Respublikası prezidentinin imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncam cənab İlham Əliyevin həssas sosial qruplardan olan vətəndaşlara qayğısının növbəti təzahürüdür.
Cənab prezident tərəfindən ardıcıl olaraq həssas sosial qrupdan olan insanların həyat tərzinin yaxşılaşdırlması istiqamətində tədbirlər həyata keçirilir.
Yeni sərəncam isə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmətlərin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə şərait yaradacaq.
Sərəncamda xüsusən ayrılmış 5 milyon vəsaitin konkret olaraq, “Sosial xidmət haqqında” Qanuna uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə istifadə olunması göstərilir.
Bildiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında ölkəmizin şəhər və rayonlarında 28 günərzi qayğı mərkəzi, 22 icma əsaslı sosial reabilitasiya mərkəzi, autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzi, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 reabilitasiya və surdoloji xidmətlər mərkəzi, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyət göstərir.
Ayrılmış vəsait hesabında bu sahədə fəaliyyətlərin genişlənməsi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin də bu istiqamətdə araşdırmalar aparıb və ehtiyac duyulan sahələr üzrə konkret təkliflərlə çıxış edib.
Nazirlik cari ildə
•günərzi qayğı mərkəzlərinin sayının 58-ə;
•icma əsaslı sosial reabilitasiya mərkəzlərinin sayının 58-ə;
•autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzlərinin sayının 15-ə;
•məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin sayının 15-ə;
•eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya və surdoloji xidmətlər mərkəzlərinin sayının 10-a;
•görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin sayı 3-ə;
•sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək göstərilməsi mərkəzlərinin sayı 10-a çatdırlmasını təklif edir (planlaşdırır).
Və eyni zamanda,
•ahıllar üçün də 5 günərzi mərkəzinin;
•əlilliyi olan şəxslərə 10 peşə-sosial reabilitasiya mərkəzinin;
•insan alveri qurbanları üçün 3 reabilitasiya mərkəzinin yaradılmasını təklif edir (planlaşdırır).
Göründüyü kimi Sərəncamın əhatə dairəsi çox geniş və əhatəlidir.
Eyni zamanda bu sərəncam ölkədə ardıcıl olaraq, sağlamlıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan uşaqların, əlilliyi olan şəxslərin sosial təminatı, çətin həyat şəraitində olan şəxslərin və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, baxımsız uşaqların sosial adaptasiyası və s. istiqmətdə aparılan uğurlu sosial müdafiə siyasətinin inkişaf etdirilməsinə birbaşa xidmət edir.
QHT sədri qeyd edib ki, uğurlu sosial müdafiə siyasətində, Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə və eyni zamanda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin xüsusi çəkisi vardır. Bu layihələr əhatə dairəsinə və əldə olunan nəticələrə görə, xüsusi əhəmiyyət kəsb edir.
30 dekabr 2011-ci il tarixində qəbul olunan “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və 14 mart 2012-ci tarixində prezident tərəfindən “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə imzalanan Fərman sosial müdafiə sistemində yeni qanunvericilik və idarəetmə sisteminin əsasını qoydu.
Qəbul olunan qanun, həmçinin qanunun tətbiqi ilə bağlı fərman çox mütərəqqi yeni fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tuturdu. Bu yeniliklərdən biri də, Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi ilə bağlı idi.
Ötən müddətdə bu sahədə xeyli sayda layihələr həyata keçirilib və təcrübə toplanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev tərəfindən ölkə başçısının göstərişi ilə nazirliyin tabeliyində olan bütün istiqamətlər üzrə islahatlar aparılır. Sosial sifarişlərin də həyata keçirilməsində müsbət məqamlar görünməkdədir.
Günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri ilə bağlı mərkəzlərin fəaliyyətləri inkişaf etmiş ölkələrdə sınaqdan çıxmış bir təcrübədir.
Bu sərəncam isə bütövlükdə bu mərkəzlərin yeni müstəviyə qədəm qoyması, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin inkişaf etdirilməsi və genişləndirilməsi üçün dəstək rolunu oyanacaq.

“Verilmiş ərazilərimiz” və tarixi həqiqətlər

Araz Aslanlı

Mütəmadi olaraq Azərbaycan mediasında belə başlıqlara rast gəlirik: “İrəvanı kim verdi”, “filan rayonu kim satdı”, “filan rayondan olanlar niyə döyüşmədilər” və s. Bunlar kifayət qədər qüsurlu və zərərli jurnalistika vərdişinin nümunələridir. Təəssüf ki, cəmiyyətimizdə geniş yayılmış bir xəstəlik olan “mütəmadi olaraq ittiham etməyə adam axtarmaq” xəstəliyi bu cür başlıqlarla birləşincə özünütəhlil imkanlar məhdudlaşır, qorxaq, satqın və xain axtarışları başlayır.

Təbii ki, ərazi itkisi ciddi acıdır, təbii ki, tariximizi ciddi analiz etməliyik və səhvlərdən ciddi nəticə çıxarmalıyıq, vacib olduqda kimlərisə ittiham etmək və hüquqi məsuliyyət varsa cəzalandırmaq da lazımdır. Amma yerli-yersiz bu cür başlıqlar atmaq, məsuliyyəti sadəcə öz daxilimizdəki digərlərinə yükləməkdoğru deyil. Ən azı iki səbəbə görə; diqqəti işğalçıdan və onun arxasındakı güclərdən yayındırmamaq üçün və öz məsuliyyətimizi də dərk etməyimiz üçün.

Sırf ideoloji, siyasi və s. maraqlar baxımından qarşı tərəfi təmsil edənləri günahlandırmaq, hansısa lideri pisləməyə və ya mövqeyini zəiflətməyə çalışmaq, öz mövqelərini daha güclü göstərmək, öz məsuliyyətini azaltmaq və s. naminə aparılan bu cür kampaniyalar ədalətdən uzaq olduğu kimi milli maraqlarımıza da zərər verir, milli kimliyimizin formalaşma prosesində mənfi izlər qoyur.

Azərbaycan qonşu dövlətin (Ermənistanın) ərazi iddialarına və işğalçı hücumlarına məruz qalıb, bu işğala xaricdən ciddi dəstək verilib, ərazimizin 20%-i hələ də Ermənistanın işğalı altındadır. Ərazi itkimizlə bağlı istənilən müzakirənin təməlində bu fakt dayanmalıdır, bu məqamı kənara qoyaraq məsuliyyəti sadəcə “babalarımıza” ya da ümumiyyətlə içimizdəki digərlərinə yükləməyə çalışmaq həm ədalətli deyil, həm də zərərlidir.

Milli kimliyimizin formalaşma prosesində bizim sadəcə satan, qaçan, qorxan və s. insanlar olduğumuzun təbliğatı da eyni dərəcədə qüsurlu və zərərlidir. Halbuki əksini, yəni, çətin şəraitdə göstərilən qəhrəmanlıqları, qazanılan uğurları sübut edən nə qədər nümunə var.

Xüsusi olaraq İrəvanla bağlı məsələyə gəldikdə isə… Tiflisdə qurulmuş, Gəncəyə köçməyə hazırlaşan, Bakını özünə nə vaxt paytaxt edəcəyi hələ tam bəlli olmayan, dövlət ənənəsi, kadrları və ən əsası ordusu olmayan bir cümhuriyyəti İrəvanı verməkdə ittiham etmək heç bir haqqa-hüquqa sığmır. Təsəvvür edin ki, imperiyanın mərkəzində inqilab (ya da çevriliş) olub. Tarixi şəraitdən də istifadə edən Milli Şura Azərbaycan Xalq Cümhuriyyətini elan edir. Yəni, söhbət mövcud olmuş hansısa bir dövlətdə yeni rejim qurmaqdan, hətta hansısa daha öncə mövcud olmuş bir dövlətin bərpasından getmir. Tarixi dövlətçilik ənənəsində fasilələr yaranmış, uzun müddətdir əsarət altında olan, əraziləri parçalanmış, milli şüuru formalaşmamış bir xalqın yeni dövlətinin qurulmasından gedir. Ortada bu cümhuriyyət üçün mübarizə aparan (1980-ci illərdə olduğu kimi) yüzminlərlə insan (hətta onminlərlə də) yoxdur. Ordu yoxdur. Azərbaycan adını, bu adda ayrıca dövlətin mövcudluğunu (müstəqilliyini), onun sərhədlərini heç kimə, hətta ölkə daxilindəkilərin xeyli hissəsinə belə qəbul etdirə bilmirlər. Bu dövləti yaxında və uzaqda qəbul etmək istəyən demək olar ki, yoxdur. Bu dövlətin özünün qurulması sual altındadır, nəinki tarixi Azırbaycan ərazilərinin hamısını öz sərhədlərinə daxil etmək imkanı olsun.

Bir müttəfiq var (Osmanlı). O da müharibədə məğlub olub. Ayrıca Qafqaza və Azərbaycana dair bütün yanaşmaları bizimkilərlə üst-üstə düşmür. Bu insanlar “yoxdan bayraq yaradırlar”, Azərbaycan adını, onun müstəqilliyini və sərhədlərini əsasən əksər qüvvələrə qəbul etdirirlər. Bakını paytaxt edirlər. Həmin dövrdə sadəcə Şərq üçün deyil, Qərb də daxil olmaqla insanlıq üçün müsbət nümunələr yaradırlar. Bu günkü nəsillər üçün ciddi bir müsbət miras qoyub gedirlər.Biz isə onları İrəvana da sahib dura bilməməklə ittiham edirik.

Azərbaycan Xalq Cümhuriyyətini quranların fəaliyyətlərində qüsurlar, əskikliklər və s. ola bilər. Amma onların fəaliyyətini ciddi incələmədən, hansı tarixi şəraitdə hansı nəticələr əldə etdiklərini düzgün dəyərləndirmədən, bütün tarixi əraziləri qoruya bilməməkdə ittiham etmək insafsızlıqdır. Bizim borcumuz isə mütəmadi olaraq xain, satqın, qorxaq axtarışı yerinə həm də keçmişi düzgün analiz etmək, daha yaxşı gələcək üçün bütün imkanlarımızı səfərbər etmək və mümkün qədər daha çox töhfə verməyə çalışmaqdır.

Bu şəxslərə veriləcək təqaüdün məbləği və ödənilməsi QAYDASI müəyyənləşib

Nazirlər Kabineti “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nı təsdiq edib.

Turkustan.info-nun məlumatına görə, bu Qayda peşə hazırlığına cəlb olunduğu dövrdə işsiz şəxsə verilən təqaüdün ödənilməsi qaydasını müəyyən edir.

İşsiz kimi qeydiyyata alınmış şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və “DOST” mərkəzlərinın göndərişi ilə peşə hazırlığı aldığı dövrdə aylıq təqaüd almaq hüququna malikdirlər. İşsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda, ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir. Peşə hazırlığı dövründə təqaüdün məbləği minimum aylıq əməkhaqqı məbləğində müəyyən olunur.Həmin məbləğdə təqaüd Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb olunan işsiz şəxsin bank hesabına köçürülür. Peşə hazırlığına cəlb olunan işsiz şəxsə təqaüdün ödənişi tədris prosesi başlandıqdan sonra növbəti ayın 5-dən gec olmamaqla ödənilir. Tədris ayı tam olmadıqda, təqaüdün məbləği həmin ay ərzində olan iş günlərinin sayına bölünüb tədris günlərinin sayına vurulmaqla müəyyən edilir.

Peşə hazırlığına cəlb olunmuş işsiz şəxsə verilən təqaüd aşağıdakı hallarda dayandırılır:

– işsiz kimi qeydiyyatı ləgv edildikdə;

– işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda;

– təhsil müəssisəsindən xaric olunduqda.

Yeni Qaydanın təsdiqi ilə əlaqədar “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərar ləğv edilib.  /Modern.az/

SON DƏQİQƏ: Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyənin Sakarya əyalətində yerli vaxtla 16:08-də güclü zəlzələ baş verib.

Turkustan.info Türkiyənin “Milliyet” qəzetinə istinadən məlumat verir ki, rixter cədvəli üzrə 4,7 bal gücündəki yeraltı təkanların episentri Hendek rayonunda yerin 9,5 km dərinliyində qeydə alınıb. Dağıntı barədə məlumat yoxdur.

Bölgədəki fəsadların müəyyən edilməsi üçün xilasedicilər cəlb edilib. Yeraltı təkanlar İstanbulda da hiss edilib.  /Redaktor.az/

Ukraynadan ürəyi ermənilərlə olan Poznerə zərbə

Rusiyalı jurnalist və aparıcı Vladimir Pozner Ukraynanın qalmaqallı “Mirotvoreç” saytının məlumat bazasına düşüb.

Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, Pozner sayt tərəfindən “Rusiya işğalçıları tərəfindən tutulmuş Krıma getmək üçün bilərəkdən Ukraynanın dövlət sərhədini pozmaq, Rusiyanın Ukraynaya qarşı təbliğat fəaliyyətlərində iştirak etmək, Krım Muxtar Respublikasının anneksiyasını qanuniləşdirmək cəhdlərində iştirak” da ittima edilib.

Qeyd edək ki, Vladimir Pozner müsahibəsində Ermənistan və ermənilərə böyük simpatiyasının olduğunu bildirmişdi.

Netanyahudan gözlənilməz bəyanat

Qolan təpələrinin raket atəşinə tutulmasına cavab olaraq Suriyadakı hədəflərə zərbə endirilməsi haqda göstərişi şəxsən özüm vermişəm.

TASS xəbər verir ki, bunu İsrail baş naziri Binyamin Netanyahu bəyan edib.

“Ərazimizin atəşə tutulmasına dözmək niyyətində deyilik və bizə qarşı istənilən təcavüzə böyük qüvvə ilə cavab verəcəyik. Bu, yürütdüyüm davamlı siyasətdir və biz bunu İsrailin təhlükəsizliyi naminə etməkdə davam edəcəyik”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bu gecə İsrail ordusu Suriyadakı hədəflərə zərbə endirib. Suriyanın SANA agentliyinin məlumatına görə, nəticədə 3 suriyalı hərbçi ölüb, yeddi nəfər yaralanıb.  /Oxu.az/

İmamoğlu, yoxsa Yıldırım qalib gələcək? (SORĞU)

4 araşdırma şirkəti 23 iyunda keçiriləcək İstanbul bələdiyyə seçkilərinin nəticəsilə bağlı sorğu keçirib.
Nəticələrə əsasən, Əkrəm İmamoğlu rəqibi Binəli Yıldırımdan ön sırada qərarlaşıb. Belə ki, “Konsensus” şirkətinin apardığı araşdırma nəticəsində İmamoğlu 2.1 faiz səslə Yıldırımı geridə qoyub.
1040 nəfər arasında aparılan anket sorğusu nəticəsində seçicilərin 50,2 faizi İmamoğluna, 48,1 faizi Binəli Yıldırıma, 1,7 faizi isə digər partiyaların namizədinə səs verəcəyini bildirib.
“Mak” şirkətinin 11 min insan arasında apardığı anket sorğusunun nəticəsinə əsasən, İmamoğlunu 50,3 nəfər, Yıldırımı isə 48,2 nəfər dəstəkləyib.
“Optimar” araşdırma şirkətinin sorğusunda iştirakçıların 52 faizi Əkrəm İmamoğlunu qalib görmək istəyib.
“PİAR” şirkəti 23 iyun İstanbul bələdiyyə seçkisində kütlə psixologiyasının daha çox Əkrəm İmamoğlunun lehinə olduğunu bildirib. (axar.az)

Əri ilə dalaşan 73 yaşlı qadın özünə OD VURDU

Dünən günorta saatlarında Saatlı rayonu Dədə Qorqud kəndində yaşadığı evin həyətində intihara cəhd edən 73 yaşlı Umleyla Mirzəyeva bu gün xəstəxanada dünyasını dəyişib.

Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki,  üzərinə benzin tökərək özünə od vuran ahıl qadın ailə üzvləri tərəfindən Saatlı rayon xəstəxanasına çatdırılıb. Xəstəxanada U.Mirzəyevaya ilk tibbi yardım göstərilib. Daha sonra ağır dərəcəli yanıq xəsarətləri alan qadın paytaxtadıkı 5 saylı kliniki xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ailə məişət zəminində baş verib. Mərhumun həyat yoldaşı Tapdıq Mirzəyevlə tez tez aralarında mübahisə və münaqişələri olub. Ailədaxili narazılıqlar 73 yaşlı qadının intihara cəhd etməsinə gətirib çıxarıb.

U.Mirzəyeva həm də epilepsiya xəstəliyindən əziyyət çəkib.

Saatlı rayon prokurorluğundan bildirilib ki, hazırda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Şair kimi doğulan “Xalq”ın müxbiri

Şairlik peşə deyil, İlahi təyinatdır. Bu təyinatla dünyaya gələn adam sözlə oynamağa məhkumdur. Daha doğrusu, sözlə “rəsm çəkməyə”, yeni poeziya nümunəsi yaratmağa. Jurnalist isə sıradan bir peşədir. Hər peşənin olduğu kimi jurnalistikanın da öz incəlikləri vardır. Bu gün sizə jurnalist işləyib, şairlik təyinatını icra edən Əli Nəcəfxanlıdan söhbət açmaq istəyirəm.

Deyir ki,- “Mənim ilk qələm təcrübəm şeirlə olub. Hələ ibtidai sinifdə oxuyarkən məndə şeir yazmağa böyük həvəs var idi. Şeirlərimə baxsın deyə məni Neft Akademiyasını bitirən və Elmi Tədqiqat İnstitunda işləyən mühəndis dayımın yanına aparırdılar. Bakı haqqında, neft haqqında şeir formasında analoji yazılar yazırdım və bu da məni ruhlandırırdı. Orta məktəbi bitirərkən şairlik məktəbi olmadığı üçün mən də ona yaxın bir sahəni, jurnalistikanı seçməyə qərar verdim və hazırda hər iki sahədə qələmimi sınayıram”…

O, “Xalq” qəzetinin Sumqayıt və cənub bölgəsi üzrə müxbiridir. Bütün ömrü boyu kimdənsə, nədənsə yazıb. Yazdıqca özü də, qələmi də püxtələşib. Necə deyərlər, əvvəlcə imzasını tanıtdırıb, indi də imzası onu tanıtdırır. Bir insan kimi də dəyərlidir. Zəhmətkeş ailədə dünyaya gəlib. Halal süfrənin ətrafında böyüyüb boya-başa çatıb. Dostluqda sədaqətli, mədəni, mehriban, gülərüz adamdır. Özünü sevdirməyi bacarır. Xeyir-şərdən, dəvət olunduğu tədbirlərdən heç vaxt geri qalmır. O ki, qaldı şairliyinə dostlardan biri yerində deyib: “Əli yaxşı şairdir, amma jurnalistika onu qələm sahibi kimi talayır.” Əslində insanın şairlik təyinatını hansı səviyyədə icra etdiyini dəyərləndirməkdən ötrü bir şeirini nəzərdən keçirmək kifayət edir. Gəlin onun “Bu payız özünə oxşamadı heç” şeiri ilə tanış olaq:

Bu payız özünə oxşamadı heç,
Eləcə vaxtını ötürdü, getdi.
Dünyanı güldürən gözəllikləri
Görməmişsayağı götürdü, getdi-
Bu payız könlümü oxşamadı heç…

Sarala-sarala ötüşdü gün-ay,
Arzu meyvələrim dada gəlmədi.
Qismətim olmadı eşq adlı günah,
Mənə bu payızdan “qada” gəlmədi-
Bu payız özünə oxşamadı heç…

Qarışdı ömrümün üzü-astarı,
Mənə olacaqlar əyan olmadı.
Görmədim döşünə döyən dostları,
Cücəni bu payız sayan olmadı-
Bu payız özünə oxşamadı heç…

Nə qapım açıldı, nə qaşqabağım,
Ovcum – göz yaşımın qəm piyaləsi.
Bu payızsonrası, bu qışqabağı
Məni yerə vurdu həsrət şələsi-
Bu payız özünə oxşamadı heç…

Ötdüm yana-yana gündə yanından,
Payızdan umanın payı zoğaldı…
Bu payız, gözəllik imtahanından
Kəsilib o biri payıza qaldı-
Bu payız özünə oxşamadı heç…

Gözəldir, eləmi? Başqa cür ola da bilməz. Çünki Əli Nəcəfxanlı İlahi təyinatı icra edir, şair doğulub…
Bu gün, iyunun 2-si Əli Nəcəfxanlının doğum günüdür. Bu münasibətlə onu təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Bu işsizlərə pul veriləcək – Baş nazirdən QƏRAR

Baş Nazir Novruz Məmmədov “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın təsdiq edib.
Turkustan.info AZXEBER.COM-a istinadən xəbər verir ki, qayda “Məşğulluq haqqında” Qanunun 29.3-cü maddəsinə əsasən hazırlanıb.
Qaydaya görə, işsiz kimi qeydiyyata alınmış şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və “DOST” mərkəzlərinın göndərişi ilə peşə hazırlığı aldığı dövrdə aylıq təqaüd almaq hüququna malikdirlər.
İşsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda, ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir.
Peşə hazırlığı dövründə təqaüdün məbləği minimum aylıq əməkhaqqı məbləğində müəyyən olunur.
Peşə hazırlığı dövründə bu Qaydanın 1.4-cü bəndi ilə müəyyən edilmiş məbləğdə təqaüd Xidmət tərəfindən peşə hazırlığına cəlb olunan işsiz şəxsin bank hesabına köçürülür.
Peşə hazırlığına cəlb olunan işsiz şəxsə təqaüdün ödənişi tədris prosesi başlandıqdan sonra növbəti ayın 5-dən gec olmamaqla ödənilir.
Tədris ayı tam olmadıqda, təqaüdün məbləği həmin ay ərzində olan iş günlərinin sayına bölünüb tədris günlərinin sayına vurulmaqla müəyyən edilir.
Peşə hazırlığına cəlb olunmuş işsiz şəxsə verilən təqaüd aşağıdakı hallarda dayandırılır:
– işsiz kimi qeydiyyatı ləgv edildikdə;
– işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda;
– təhsil müəssisəsindən xaric olunduqda.

Allergiyanı aradan qaldıran vasitələr

Havaların isinməsi, təbiətin oyanması bir sıra allergik xəstəliklərin baş qaldırmasına səbəb olur. Geyinilən paltar, qəbul olunan qidalar və məişətdə istifadə edilən allergenli maddələrin çoxluğu həmin xəstəlikləri daha da artırır. Allergiya deyəndə ilk növbədə bədəndə səpgilər və qaşınma başa düşülür. Onlar allergiyanın ilkin əlamətləridir, lakin onlarla yanaşı bronxial astma kimi illərlə davam edən xəstəliklər də var.

Turkustan.info xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizulu Hüseynov deyib: “Allergiyası olanlar bədənin allergenə, yəni allergiya törədən maddəyə qarşı müqavimətini artırmaq üçün illərin sınağından çıxmış üsullardan istifadə edə bilərlər. Həmin üsullardan biri kömək etməyəndə digərini sınamaqdan çəkinmək lazım deyil, çünki əlavə ziyanlı təsirləri yoxdur, orqanizmin möhkəmləndirilməsi üçün də faydalı təsir göstərir.

Məsələn, udi-hindi allergiya əleyhinə mükəmməl vasitədir. Təcrübə nəticəsində 10-15 il allergiyadan əziyyət çəkənlərin udi-hindi qəbul edərək sağalması müşahidə olunub. Bunun üçün gündə 2 dəfə 1 çay qaşığı udi-hindi tozu 1 stəkan qaynar suya qarışdırılır, 5 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edilərək yeməkdən əvvəl 1 stəkan içilir. Prosedur ildə 2 dəfə – yaz və payız aylarında 2 ay müddətində aparılır.

Allergiya baş verəndə dərman axtarmağa tələsmək lazım deyil. 3 ədəd keçibuynuzu meyvəsi yarım litr suda 5 dəqiqə qaynadılır, soyuyandan sonra süzülərək içilir. Təxminən 10 dəqiqə ərzində səpgilər tam keçir. Allergiyanın davam etməməsi üçün prosedur 1 ay aparılır.

Kiçik yaşlı uşaqlarda əmələ gələn səpgilər zamanı yatıqqanqal mükəmməl vasitədir. 2 xörək qaşığı yatıqqanqal 1 stəkan suda dəmlənilir və səpgilərin üzəri pambıqla silinir. Yaxud 50 qram yatıqqanqal 500 qram zeytun yağında günəş işığı altında 10 gün saxlanıldıqdan sonra süzülür. Əldə edilən yağla dəridə olan səpgilər silinir, həmçinin diatezlər zamanı istifadə olunur.

Hər gün 1 çay qaşığı zabrus, yəni bal qaymağı yeyilməsi allergiyanı əhəmiyyətli dərəcədə azaldır.  /Redaktor.az/

Mütəxəssislərdən ŞOK XƏBƏRDARLIQ: Meyvə, tərəvəzi, qarpızı və lobyanı…

“Reader’s Digest” dərgisi qida təhlükəsizliyi mütəxəssislərinin açıqladığı istifadə olunmadan əvvəl mütləq şəkildə yuyulması vacib olan qidaların siyahısını yayımlayıb.

Turkustan.info həmin siyahını təqdim edir:

Dənli bitkilər

Səhiyyə və təhlükəsizlik araşdırmaçısı Ketlin Hoff dənli bitkilərin çiy suda və ya ət suyunda yumuşaldılmasından əvvəl mütləq yuyulmasının lazım olduğunu deyib: “Düyü, arpa kimi dənli bitkilərdə nişasta, çirk və mikrob yığılır. Buna görə də bişirilməzdən öncə soyuq su ilə yuyulmalıdır”.

Avokado

Yuyulmamış avokado qabığında böcək dərmanı və paketləmə, ixrac prosesləri zamanı keçən başqa mikroblar ola bilər. Buna görə də mütləq şəkildə yuyulmalıdır.

Qarpız

Mütəxəssislər bildirir ki, qabığı yeməli olmasa da, qarpız da yuyulmalıdır. Üstəlik, dadına baxmaq üçün kəsilən qarpızlardan uzaq durmaq lazımdır. Ancaq salmonella və listeriya adlı bakteriyalar qarpız qabığında yaşaya bilər. Məhsul kəsildiyi zaman bu bakteriyalar yeyilən qisimlərə keçə bilər. Bunun qarşısını almaq üçün qarpız yuyularkən sərt dişli fırçalardan istifadə etmək lazımdır.

Konservləşdirilmiş lobya

Hoff bildirir ki, konservləşdirilmiş lobyanı birbaşa tavaya atmaq təhlükə siqnalıdır. Lobya duzu və başqa ədvaları öz üzərində saxlaya bilir. Buna görə yuyularaq təmizlənməlidir.

Qabıqlı dəniz məhsulları

Qabıqlı dəniz canlılarının içi yeməli olsa da, qabığının üzərindəki bakteriyalar təhlükəlidir. Bu səbəbdən, bu canlıları yeməzdən əvvəl üzərindəki qumun və çirkin yuyulması vacibdir.

Meyvə və tərəvəz

Çiy və ya bişmiş yeyilməsindən asılı olmayaraq gündəlik istifadə olunan bütün meyvə və tərəvəzlər yuyulmalıdır. Mütəxəssis Kazey Seyden bildirir ki, sirkə və duz kimi özəl şeylərdən istifadəyə gərək yoxdur. Məhsulları təmiz su ilə yumaq kifyaət edir.

Cəfəri

Cəfəri ən çirkli göyərti hesab olunur. Aşpaz Kristian Souvenir cəfəri ilə yanaşı, keşniş, nanə və reyhanı uzun müddət soyuq suda yuyulmasının lazım olduğunu bildirir.

Göbələk

Göbələklər kiçik süngər kimidir. Böyüdükcə daha çox çirk toplayırlar. Bu da onları yumağın əsas səbəblərindən biridir. Texasda yerləşən bir restoranın şefi Tanner Aqar tövsiyə edir ki, böyük bir qabı su ilə dolduraraq göbəlkələrin həmin suyun içində üzməsinə şərait yaradın. Daha sonra suyu çalxalayın və çıxan çirklərin qabın dibinə çökməsini izləyin.

Və əlləriniz…

Məhsulları, qabları, yumurtaları və digər qidaları təmizləyə bilərsiniz, amma əlləriniz mikrobları, bakteriyaları və virusları hər yerə asan şəkildə bulaşdıra bilər. Bunun qarşısını almaq üçün iş görməzdən əvvəl mütləq əllərinizi isti su ilə yarım dəqiqə yumalısınız.  /Publika.az/

Final matçında ŞOK MƏNZƏRƏ – Bakının kölgəsində qalan Madrid – VİDEO

Hazırda İspaniyanın paytaxtı Madriddəki “Vanda Metropolitano” stadionunda İngiltərənin “Tottenhem” və “Liverpul” klubları arasında keçirilən oyunda xoşagəlməz hadisə baş verib. 

Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, oyun əsnasında çılpaq xanım azarkeş təhlükəsizlik qüvvələrinin gözündən yayınaraq yaşıl meydanın mərkəzinə qədər gəlib. Təhlükəsizliyin yetəri səviyyədə təşkil olunmaması nəticəsində baş verən olaya görə matç bir neçə dəqiqə dayanmalı olub. Belə olaylar UEFA-nın qəti şəkildə xoşlamadığı hallardandır. Təhlükəsizlik tədbirlərindəki bu boşluq əcnəbi şərhçilər tərəfindən də kəskin tənqid edilib.

Halbuki bir neçə gün öncə keçirilən Avropa Liqasının Bakı finalında Azərbaycan təhlükəsizlik tədbirlərinin nümunəsini dünyaya göstərdi. Məhz düzgün təşkilatçılığın nəticəsi olaraq Bakıda futbol matçına kölgə salacaq bu kimi hallar yaşanmadı.

Yeni yaşınız mübarək, Afaq Məsud!

Deyir ki,- “Mən həmişə Azərbaycan ədəbiyyatından kənarda olmuşam. Əgər bəşəriyyət bir qadın və bir kişidən artıb törəyibsə, sonradan irqlərə, millətlərə bölünsə belə ədəbiyyat milli olmamalıdır…”

Bəlkə də haqqlıdır. Axı ədəbiyyat o zaman böyük uğur qazanır ki, hər hansı bir xalqa deyil, bəşəriyyətə ünvanlanır. Bəli, Azərbaycan ədəbiyyatına məxsus olan əsərlərin əksəriyyəti milli ruhda qələmə alındığı üçün azərbaycanlı təfəkkürünün məhsulu olduğu ilk səhifəsindən nəzərə çarpır. Elə ona görədir ki, bizim yazarların əsərləri əcnəbilər arasında yalnız etnik ədəbiyyatın mütaliəsinə həvəsi olan oxucular üçün əhəmiyyət kəsb edə bilir. Daha doğrusu, milli ədəbiyyatımız çox az əcnəbini maraqlandırır…

…Məktəb illərində xeyli çətinlikləri olub. “Nə yaxşı ki, məktəb həyatını sağ-salamat bitirdim”- söyləyir. Yazmağa başlayandan bir qədər sonra anlayıb ki, ərsəyə gətirdiyi hekayələri yazıçı olmaq üçün deyil, sadəcə daxili sıxıntılardan, şahidi olduğu hadisələrin yaratdığı narahatlıqdan xilas olmaqdan ötrü qələmə alır. Və heç zaman düşünməyib ki, niyə ənənəvi ədəbiyyatdan uzaq düşüb, hamı kimi yazmır. Söylədiyinə görə onun yazdıqlarının əksəriyyəti mistik duyğuların məhsuludur, düşüncələrinin təzahürüdür…

Deyir ki,- “Real həyat oyuna bənzəyir. İnsan bilə-bilə ki, qocalacaq, əzizləri dünyadan köçəcək. Və qarşıda onu xəstəliklər, ölüm gözləyir, buna baxmayaraq çox rahat yaşayır. Bax budur mistika, eyni zamanda real həyat”…

…Babası Əli Vəliyev Azərbaycanın xalq yazıçısı idi. Atası Məsud Əlioğlu isə filolologiya elmləri doktoru olub…

Haqqında söhbət açdığım yazıçı Afaq xanım Məsuddur. O, Bakı şəhərində dünyaya gəlib. 1979-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1979-1988-ci illərdə “Azərbaycantelefilm”də redaktordan direktor vəzifəsinədək yüksələ bilib. 1989-2014-cü illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru işləyib. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru vəzifəsinə təyin olunub…
2015-ci ildə türkdilli ölkələr arasında ədəbi əlaqələrin möhkəmlənməsi istiqamətində göstərdiyi uğurlu fəaliyyətinə, teatr sənətinin inkişafında xidmətlərinə görə TÜRKSOY-un “Haldun Taner” mükafatını alıb. 2017-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. 2019-cu ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Xalq yazıçısı” fəxri adına layiq görülüb…

Texnologiya inkişaf edəndən üzü bəri dünyanın bu başından o başına on beş saata getmək, hər hansı bir məlumatı anındaca göndərmək olur. Bəli, dünya bu qədər balacalaşıbsa ədəbiyyat da dünyanı əhatə etməyi, ümumbəşəri olmağı bacarmalıdır. Bu gün Azərbaycan ədəbiyyatı dünyanı fəth edə bilmirsə, deməli balaca bir topluma xidmət göstərir, hələ də ümumbəşəri ola bilmir. Nə isə, əsas məslədən çox uzaqlaşmayaq. Axı iyunun 3-ü hörmətli Afaq xanım Məsudun “Xalq yazıçısı” fəxri adına layiq görüləndən sonra qeyd edəcəyi birinci doğum günüdür. Onu bu münasibətlə şöhrəti dünyanı dolaşan, ümumubəşəri yazıçı Con Qriffit Çeyninin vətəni Amerika Birləşmiş Ştatlarından təbrik edir, Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Yeni yaşınız mübarək, Afaq xanım!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

#ElmanEldaroğlu #AfaqMəsud #ABŞ #Xalqyazıçısı #Yazıçı #Kitab

 

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ağdamda tibbi aksiya

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Pediatrlar Assosiasiyası, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşdıqları Dördyol qəsəbəsində uşaqlar üçün tibbi aksiya keçirilib.

Aksiya zamanı 200-dən çox uşaq pediatr, stomatoloq, nevropatoloq, oftalmoloq və terapevtlər tərəfindən müayinə edilib. Müayinə olunan uşaqlara hədiyyələr verilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva AZƏRTAC-a müsahibəsində bildirib ki, Komitə tərəfindən 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər il silsilə tədbirlər keçirilir. Bu il də Gəncə şəhərində və Ağdam rayonunda belə tədbirlər təşkil edilib. Ağdam rayonunda məcburi köçkün uşaqlar üçün tibbi aksiyanın keçirilməsində əsas məqsəd uşaqların sağlamlığı ilə bağlı problemlərin erkən aşkarlanaraq müalicə edilməsidir. Müayinədən keçən uşaqlara uyğun müalicə təyin olunur. Ehtiyac olduqda reabilitasiya mərkəzlərinə yazılır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri Yazgül Abdiyeva isə deyib ki, dünyada 19 milyon uşaq göz xəstəliyindən, o cümlədən 1,5 milyon uşaq korluqdan əziyyət çəkir. Görmə zəifliyi inkişafı və təhsilinə əhəmiyyətli dərəcədə təsir edən uşaqların sayı isə 1,5-2 milyon arasındadır. Odur ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası göz xəstəliklərinin profilaktikası və korluğun qarşısının alınması üçün hər ay paytaxtda, respublikanın şəhər və rayonlarında mütəmadi aksiyalar keçirir. Aksiyada məqsəd pasiyentləri müayinə-müalicə etmək, refraksiya anomaliyalarının aşkarlanmasını müəyyənləşdirmək, onların səhhətləri ilə bağlı problemlərin həllinə kömək göstərməkdən ibarətdir.

Yazgül Abdiyeva qeyd edib ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən rayonlarda əhaliyə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilib: “Mərkəzin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu, dövlətimizin başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası və bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Bununla yanaşı, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar qatarı da fəaliyyətə başlayıb”.

Uşaqlar üçün keçirilən tibbi aksiya rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb. Ağdam rayonunun Saybalı kəndindən olan məcburi köçkün Adil İsmayılov tibbi müayinənin təşkilindən razılığını ifadə edərək deyib: “Bu gün mən nəvəmi tibbi müayinə olunmaq üçün gətirmişəm. Həkimlərdən çox razı qaldıq. Akademik Adilə Namazova nəvəmi hərtərəfli müayinə etdi. Aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm”.