Ca. İyn 27th, 2019

İkinci Dünya Müharibəsi ilə bağlı az bilinən 10 fakt – Müttəfiqlər almanları necə aldada bildilər?

6 iyun 1944-cü ildə Britaniya, ABŞ və Kanada hərbi birləşmələri Normandiya sahillərinə çıxmaqla Fransa ərazisinə girmiş oldular. Bu, şimal-qərbi Fransanın müttəfiqlər tərəfindən ələ keçirilməsini nəzərdə tutan strateji “Overlod” əməliyyatının birinci mərhələsiydi.

Əlverişsiz hava şəraitinə və almanların müqavimətinə baxmayaraq həmin günün sonunda 156 min əsgər və zabit Normandiya sahillərinə ayaq basdılar.

Həmin o “D günü”ndə Britaniya və Amerika sektorlarına beş piyada, üç hava qoşunu bölməsi və tank briqadası çıxarıldı. Onlar sahil zolağınının eni 3-5 km olan hissəsini ələ keçirə bildilər. Ərazi düşməndən bir gün sonra tam təmizləndi.

Normandiyaya dəniz desantının çıxarılması dünya tarixində ən böyük dəniz desantı əməliyyatıydı.

On bir ay sonra Almaniya təslim oldu.

Normandiya əməliyyatı haqqında, ola bilsin, əvvəllər heç rast gəlmədiyiniz 10 maraqlı faktı təqdim edirik.

1.Şəkil axtarışı

Hələ 1942-ci ildə BBC Norveçdən Pireneylərə qədər Avropa sahillərinin fotoşəkil və açıqcalarını topladığını elan etmişdi. Bu, desant çıxarmaq üçün uyğun çimərliklər haqqında kəşfiyyat məlumatları toplamaq üsulu olaraq düşünülmüşdü.

Normandiya sahilləri bu yolla seçilmişdi.

Toplanan milyonlarla şəkil müdafiə nazirliklərinə göndərilmiş, Fransa Müqavimət Hərəkatının fəalları və hava kəşfiyyatçılarının köməyilə desant üçün dəqiq yerləri müəyyənləşdirmək mümkün olmuşdu.

çimərlikNormandiyada 1944-cü ildə salınmış süni limanın qalıqları

2. Xəyali ordu

Müttəfiqlər almanları əməliyyatın Normandiyadan yox, Kale-Bulondan başlayacağına inandırmaq üçün xeyli əmək sərf etmişdilər.

Düşməni dezinformasiya mühitində saxlamaq üçün müxtəlif vasitələrdən istifadə edilmişdi: radio, mətbuat, əməliyyat yerlərinin yalançı maketləri, şəhərciklərin salınması və xüsusi aerodromların tikilməsi.

Düşmənin hava və agentura kəşfiyyatını çaşdırmaq üçün Kentdə hərbi baza mulyajları quraşdırılmışdı.

Həmin “bazalara” manekenlər və maketlər, şişirmə tanklar yerləşdirilmiş, məqsədyönlü şəkildə səhv informasiyalar sızdırılmışdı. Nəticə etibarilə almanlar həqiqətən də inanmışdılar ki, müttəfiqlər Pa-de-Kale və Norveç tərəfdən gələcəklər.

Hətta “D günü”ndən sonra da onlar ikinci hücumu gözləyərək əsas qüvvələrini Kaledə saxlamışdılar.

3. İki milyonluq ordu

1944-cü ildə Britaniya ərazisində 12 ölkədən yığılmış 2 milyonluq ordu vardı.

“D günü”ndə müttəfiq güclər əsasən ABŞ, Britaniya və Kanada ordularından ibarətiydi, amma Avstraliya, Belçika, Çexiya, Hollandiya, Fransa, Yunanıstan, Yeni Zenlandiya, Norveç, Rodeziya (indiki Zimbabve) və Polşanın da dəniz, quru və hava qüvvələri əməliyyatda iştirak edirdi.

Fransız posteriİkinci dünya müharibəsinə aid Fransa plakatı: “Qələbə üçün hamımız birlikdə”

4. Havanın monitorinqi

Əməliyyatın təşkilatçıları hücum gününü seçmək üçün ciddi səy göstərmişdilər.

Şəfəq çağı sahilə çıxa bilmək üçün ayın bütöv, dənizin qabarma halında olması lazımıydı. Amma bu şərtlər əməliyyata cəmi bir neçə günün uyğun gəlməsi deməkdi.

Əvvəlcə hücum iyun ayının 5-nə təyin edilmiş, pis hava şəraiti səbəbilə bir gün sonraya təxirə salınmışdı.

5. Frau Rommelin ayaqqabıları

Əslində hava proqnozu o qədər pisiydi ki, Şimali Fransadakı alman qoşunlarının komandanı feldmarşal Ervin Rommel qəti əminiydi: heç bir hücum olmayacaq. Ona görə də o, xanımının 50 illik yubileyi üçün aldığı ayaqqabıları ona hədiyyə etmək üçün evə yollanmışdı.

Müttəfiqlərin sahilə çıxdığı məlum olanda Rommel Almaniyadaydı.

"Belfast" kreyseri“Belfast” kreyseri Normandiya sahillərinə sarı üzür (iyun, 1944)

6. Yatmış Hitler

Müttəfiqlər Normandiya sahillərinə çıxanda nasist Almaniyasının lideri Hitler yuxudaydı.

Onun generallarından heç biri müəyyən edilmiş qaydanı pozub füreri oyatmağa cəsarət etməmişdi.

Beləliklə, Normandiya uğrunda döyüşdə almanlar bir neçə həlledici saat itirmişdilər.

Səhər 10-da yuxudan oyanan Hitler əməliyyatın başlaması xəbərini eşidib ruhlanmışdı – o düşünürdü ki, Almaniya müttəfiqləri asanlıqla məğlub edəcək.

7. Sayca az amerikalılar

“D günü” əməliyyatında Britaniya və Kanada hərbçiləri sayca amerikalılardan çox olublar.

6 iyunda Fransa sahillərinə çıxan 156 min əsgər və zabitin 73 min nəfəri amerikalı, 83 min nəfəri isə britaniyalı və kanadalılarıydı. Birliyin hərbi-dəniz kontingenti amerikalılarınkından iki dəfə çoxuydu.

8. Qanlı “Omaha”

Normandiya sahillərinə şərqdən qərbə doğru beş sektorda çıxışın kod adları beləydi: “Yuta”, “Omaha”, “Qold”, “Cuno”, və “Sord”.

Müttəfiqlər ən böyük itkiyə “Omaha” çimərliyində məruz qalıblar, orda 4 minə yaxın ölən və yaralanan olub, ABŞ hərbi hissələrindən biri yaralı və ölü olaraq şəxsi heyətinin 90 faizini itirib.

“Qold” sektorunda itkilər bundan 80 faiz az olub.

"Yuta" sektorunda sahilə çıxmaqABŞ-ın 7-ci korpusunun hərbçiləri “Yuta” sektorunda sahilə çıxırlar

Normandiya əməliyyatı zamanı gedən döyüşlər Birinci dünya müharibəsindəki qədər qanlı olub. Bir günün itkisi 1916-cı ildəki Soma döyüşünün – insanlıq tarixinin ən qanlı qarşıdurmasının sıradan bir gününün itkisindən xeyli çox olub.

9. Çatlamış unitazlar

“Belfast” kreyserindəki silahların vibrasiyası o qədər güclü olub ki, gəmidəki santexnika çatlayıb.

10. Pab sınağı

Britaniyalı podpolkovnik Terens Otuey 6 iyunda Mervil artilleriya batareyasına hücum tapşırığı alandan sonra əsgərlərinin həmin günə qədər bu sirri qoruya biləcəklərindən əmin olmaq istəyib. Onları yoxlamaq üçün Terens mülki paltar geymiş 30 ən gözəl hərbçi qadını əsgərlərin dislokasiya yerlərindəki kənd pablarına göndərib.

Onlar qarşıdakı əməliyyat haqqında əsgərlərdən mümkün qədər çox məlumat toplamalıydılar. Amma əsgərlərin heç biri hərbi sirrin üstünü açmayıb. (BBC Azərbaycanca)