Bz. İyn 16th, 2019

Yeni yaradılacaq kommersiya məhkəmələrinin vətəndaşlara NƏ XEYRİ OLACAQ?

Azərbaycanda kommersiya məhkəmələri yaradılır.

Yeni yaradılan məhkəmələrin vətəndaşlara hansı faydaları dəyəcək?

Hüquqşünas Ellada Bayramova Redaktor.az-a açıqlamasında bildirib ki, nəzərdə tutulan dəyişiklik fonunda, məhkəmələrin ixtisaslaşması çox yaxşı haldır:

“Kommersiya məhkəmələrinin əsas mahiyyəti maliyyə məsələləri ilə bağlı bütün prosesləri əhatə etməkdir. Bu məhkəmələrin yaradılması müsbət cəhətdir. Çünki müəyyən iqtisadi problemlər təyinatı üzrə bir məhkəmədə həll olunacaq və iş qrafiklərində yumşalmalar baş verəcək. İxtisaslaşmanın yüksək xidməti məhkəmə sistemi ilə yanaşı, əhalinin rahatlığına da müsbət təsir edəcək.

Maliyyə problemi ilə bağlı kommersiya məhkəmələrinə müraciət olunacaq.

Bütün kommersiya və iqtisadi məsələlərlə bağlı problemi olan vətəndaşlar yeni yaradılan məhkəmələrə rahat şəkildə müraciət edə biləcəklər. Yəni, ümumi məhkəmələrə müraciət etməyə ehtiyac qalmayacaq. Hazırda inzibati iqtisad məhkəməsi var. Bu məhkəmədə fiziki deyil, hüquqi şəxsləri məhkəməyə vermək mümkündür. İnzibati iqtisad məhkəmələrinin sistemi budur. Fiziki şəxslər isə maliyyə problemi ilə bağlı məsələlələrə görə yeni yaradılmış kommersiya məhkəməsinə müraciət edəcək.Ümumilikdə məhkəmə sistemində atılan addımlar  proseslərə daha operativ və surətli yanaşmağa şərait yaradacaq”.

Qeyd edək ki, Kommersiya məhkəmələrinin yaradılması ilə bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna yeni 46.1 maddə əlavə edilməsi təklif olunub. Kommersiya məhkəməsi sədr və hakimlərdən ibarət olacaq. Bu məhkəmələrdə 12 və daha çox hakim ola bilər. Burada sədr müavini vəzifəsi də təsis edilir. Hakimlərin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir.

 

Paylaşılıb
CrestaProject