Ca. İyn 27th, 2019

Dünyada 115 milyon kişi uşaqkən evlənib – UNICEF-dən maraqlı statistika

Dünyada 115 milyon oğlan və kişi uşaqkən evləndirilib. Bunu UNICEF uşaq təşkilatı iyunun 7-də açıqladığı hesabatında bildirir. Onların hər 5-dən biri, yaxud 23 milyonu 15 yaşa çatmamış evləndirilib.

Hesabat 82 ölkədən əldə olunmuş məlumat əsasında hazırlanıb. Dünyanın bir çox ölkələrində oğlanlar arasında erkən nikahların geniş yayıldığı bildirilir. Bu hallara Saxaraaltı Afrika, Latın Amerikası və Karib, Cənubi Asiya, Şərqi Asiya və Sakit Okean regionunda rast gəlinir. Kişilər arasında erkən nikah ən çox Mərkəzi Afrika Respublikasında (28%) yayılıb. Ondan sonra Nikaraqua (19%) və Madaqaskar (13%) gəlir .

Yeni hesablamalarla dünyada erkən ailə quran uşaqların sayı 765 milyona çatıb. Qızlar daha çox təsirə məruz qalırlar. 20-24 yaşlı hər 5 qadından biri 18 yaşından tez ərə verilib. Gənc kişilər üzrə bu göstərici hər 30 nəfərə 1-dir. İndiyədək qızlar arasında erkən nikahlar geniş araşdırılıb, ancaq oğlanlar kənarda qalıb.

Erkən nikah qurbanlarının əsasən kasıb regionlarda, kənd yerlərində yaşadığı, təhsili olmadığı bildirilir.

“Uşaq Hüquqları Konvensiyasının 30 illiyini qeyd etdiyimiz bir məqamda yaddan çıxarmamalıyıq ki, oğlan və qızları uşaq ikın evləndirmək Konvensiyadakı hüquqlara ziddir. Daha çox tədqiqat, sərmayə və səlahiyyətlə bu pozuntuya son qoya bilərik”, – UNICEF-in icraçı direktoru Henrietta Fore deyib.