Ç. İyn 19th, 2019

İrəvanda HƏRBİ ÇAXNAŞMA: “Paşinyan bir aya devriləcək”

“Qarabağdakı separatçılarla Paşinyan arasındakı münasibətlərin gərginləşməsi proqnozlaşdırılan gediş idi. Paşinyan hakimiyyətə küçədən gəlmişdi və necə gəlmişdisə, elə də getməlidir. Tarixi hadisələr göstərir ki, kim hakimiyyətə hansı yolla gəlirsə, o yolla gedir”.

Bunu politoloq Cümşüd Nuriyev deyib.

Ekspertin sözlərinə görə, Baş nazir Nikol Paşinyan hakimiyyətə gəlmək üçün xalqı məcbur etmişdi:

“Bir növ bununla özünü siyasətə pərçim etmişdi. Buna görə də, separatçılarla Paşinyanın münasibətlərinin gərginləşməsi gözlənilən idi. Əslində Qarabağdakı separatçılar Daşnaksütyun Partiyasının üzvləridir. Hazırda Ermənistanda siyasi faşizm yüksək səviyyədədir, ermənilərdə millətçilik yoxdur. Buna görə də, Ermənistanda faşizm baş qaldırıb. Paşinyanın özü də faşizmin yeni nümayəndələrindən biridir.

Artıq o, özünün siyasi qürubunu yaşayır. Çünki Paşinyan nə Ermənistanı iqtisadi blokadadan çıxara bildi, nə Azərbaycanla dil tapa bildi, nə də Azərbaycana qarşı etdiyi şantajlar öz nəticəsini verdi. Eyni zamanda, yerli ermənilərlə Qarabağ erməniləri arasındakı qarşıdurma son həddə çatıb. Pul daha çox “Qarabağ klanı”ndadır, Ermənistanda da bunlardan beziblər. Bu, Paşinyanın sonunu gətirməlidir”.

Cümşüd Nuriyev qarşıdakı bir ayda Ermənistanda baş verəcək siyasi olaylar barədə proqnozunu da açıqlayıb:

“Ehtimal edirəm ki, yaxın bir ay ərzində Ermənistanda hakimiyyət dəyişikliyi baş verəcək. Bunun mitinqlə baş tutmaq ehtimalı çox aşağıdır, buna görə də mən hərbi çevriliş gözləyirəm. Ordunun təminatının aşağı düşməsi də bu prosesə təkan verəcək.

20 il hakimiyyətdə olmuş “Qarabağ klanı” orduda öz adamlarını yerləşdirib. Yəni, onlar istədiyi vaxt Ermənistan daxilində təxribat törədə bilirlər. Amma Paşinyan Rusiyanın irəli sürdüyü şərtləri həyata keçirsə, müəyyən dəyişiklik ola bilər. Lakin bu da baş tutmayacaq. Çünki Paşinyan eyni anda həm Qərbin, həm də Rusiyanın kürsüsündə oturur. Küçədən gəlmiş bu jurnalist elə bilirdi ki, həm Rusiyanı, həm də Qərbi idarə edə biləcək”.

Politoloq hesab edir ki, Paşinyanın Qərb və Rusiya arasında manevr etmək imkanı yoxdur:

“Bu kürsülər sürətlə bir-birindən aralanır, bu adam da başını itirib, bilmir ki, hansı kürsüyə tullansın. Buna görə də hazırda Ermənistanda silahlı çevrilişin olacağı ehtimalı yüksəkdir, vəziyyət Paşinyanın əleyhinədir. Amma “Qarabağ klanı”nın da qələbə qazanması o demək deyil ki, hər şey yaxşı olacaq. Əksinə, növbəti dalğa bundan da güclü olacaq. Bu da Qarabağı azad etmək üçün yaxşı şansdır”. (teleqraf.com)

Paylaşılıb
CrestaProject