Ça. İyn 18th, 2019

Əsgər alnı hədəf deyil!

Aqil Camal

Yaralanmış temiz alnından uzanmış yatıyor;

Bir hilal uğruna ya rab, ne güneşler batıyor!

(Mehmet Akif)

Atəşkəs şəhidlərimizin sayı neçəyə çatdı?

Biz qürurlanırıq, Vətən torpağına daha bir oğulun qanı axdı, deyə.

Belə məqamlarda nəyin necə baş verdiyini götür-qoy etməyin fərqində olmuruq.

Bu dünyaya gəlmiş hər bir insan kimi Onların da yaşamaq haqqı vardı. Hələ-hələ belə gənclik çağlarında…

Şəhid dedik, qara torpağa gömdük.

Onlar da kiminsə övladı, qardaşı, sevgilisi idilər…

Şəhid dedik, deyiləcək başqa sözlərin qarşısına sədd çəkdik.

Şəhid! Bitdi. Əgər əyninə əsgər forması geynibsə və naçar bir gülləyə tuş gəlibsə təfərrüata ehtiyac duymarıq.

Şəhidlik ali məqamdır, Vətən, dövlət, millət yolunda…

Amma mən atəşkəs dövründə itirdiyimiz əsgərləri həm də qurban sayıram.

Onlar Vətən uğrunda qurbandırlar. Eyni zamanda, ehtiyatsızlığın, onlar üzərində komandirlik edənlərin məsuliyyətsizliyinin qurbanıdırlar.

Ata-ananın zülm-zillətlə böyüdüb-başa çatdırdığı əsgər, ondan telefon konturu güdən zabitin əmrləri altında səngərdə özünün müdafiəsini hansı səviyyədə təmin edə bilər?

Məgər, insanlar min bir əziyyətlə övlad böyüdüblər ki, məsuliyyətsiz zabitlərin günahı ucbatından düşmənin snayper gülləsinə tuş gəlsinlər?

Bir halda ki, müharibə başlamayıb, əsgərlərə açıq güllə qarşısına çıxmağa kim imkan verir?

Adi dövrdə əsgərlərimizi itiririksə, onlara şəhid adı qoymaqla işi bitmiş hesab etmək həm də məsuliyyətsizlik deyilmi?

Müdafiə Nazirliyi tezliklə atəşkəs şəraitinə uyğun müdafiə sistemini hazırlayıb tətbiq etməlidir. Həm, zirehli geyimlər, həm səngərdə müdafiə-istehkam quruğları, həm də düşmən gülləsindən özünümüdafiə ilə bağlı sərt tələblər işə düşməlidir. Əsgərini təsadüfi düşmən gülləsindən mühafizə edə bilməyən cavabdeh zabit qanunun sərt üzü ilə cəzalandırılmalııdır.  

Bir halda ki, savaş getmir, şərti olaraq atəşkəs rejimi qüvvədədir, hərbçilərimizin təmas xəttində müdafiəsi də məhz bu şəraitin şərtlərinə uyğun qurulmalıdır.

Camaatın övladına şəhid deyib yaxanı kənara çəkmək olmaz. Əsgərin alnı hədəf nöqtəsi deyil ki, düşmən snayperi istədiyi vaxt onu rahatca nişan alıb həyatdan məhrum etsin.

Onsuz da ön cəbhədə xidmət keçən əsgərlər istisnasız olaraq rayon yerlərindən gəlmiş və kasıb ailələrdən çıxan uşaqlardı. Az qala bütün şəhidlərimizin tərcümeyi-halı bunu deyir.

Sanki, düşmənlə üzbəüz hərbi xidmət məhz bu kasıb balalarının alın yazısıdır. Olsun! Bəs onların alınlarını düşmən gülləsindən qorumağa nədir sözünüz?

Azərbaycan ordusu torpaqlarımızın azadlığı yolunda xalqın tək ümid yeridir. Aprel döyüşləri ilə bu ümid daha da qüvvətlənib. Bu ümidi məsuliyyətsizcəsinə sarsıtmağa kimsənin haqqı yoxdur!

Paylaşılıb
CrestaProject