C. İyn 21st, 2019

Milli Məclisdə xeyli qanun layihəsi yarımçıq qalıb – SİYAHI

İyunun 13-ü və 14-də Milli Məclisin növbədənkənar xüsusi sessiyasının ilk plenar iclası keçiriləcək. İclasların gündəliyinə 15 məsələ daxil edilib.

Qeyd edək ki, Milli Məclisin xüsusi sessiyanın plenar iclaslarının iyunun 13-ü, 14-ü, 28-i və iyulun 9-u, 12-də keçirilməsi nəzərdə tutulub.

Maraqlıdır, Milli Məclisin komitələrində müzakirə edilməmiş, yarımçıq qalan qanun layihələri varmı?

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə yarımçıq qanun layihəsinin olmadığını deyib:

“Bizim komitədə yarımçıq qalan qanun layihəsi yoxdur. Bir qayda olaraq dövlət başçısı tərəfindən gələn qanun, yaxud da qanuna dəyişikliklər layihəsidir ki, onu müzakirə edib parlamentə tövsiyə edirik. Daxil olan bütün layihələrə baxılır və parlamentə təqdim edirik. Bu gün bizim qovluğumuzda baxılmamış sənəd yoxdur”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri  Ziyad Səmədzadə bildirib ki, yarımçıq qalan qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq:

“İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsində “Lombard haqqında” qanun layihəsi yarımçıq qalacaq. Çünki növbəti plenar iclas zamanı qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq. İkinci oxunuşda müzakirəyə çıxarılması isə Milli Məclisin payız sessiyasına qalacaq”.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov  yarımçıq qanun layihəsinin olduğunu bildirib:

“Aqrar siyasət komitəsində elə ciddi yarımçıq qalan qanun layihəsi yoxdur. Sadəcə olaraq “Aqrar sığorta haqqında” qanun layihəsi var ki, onu bu günlərdə qəbul etməliyik. Bir neçə qanun layihəsi var ki, onun üzərində işləməliyik. Güman ki, həmin qanun layihələri payıza qalacaq”.

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli yarımçıq qalan qanun layihəsini payıza sazladıqlarını söyləyib:

“Əmək və sosial siyasət komitəsində yarımçıq qalan qanun layihəsi var. Bu da “Turizm haqqında”qanun layihəsidir. Qanun layihəsi yarımçıq qaldı. Onu işləyib çatdıra bilmədik. Qanun layihəsi beynəlxalq təşkilatlarla, Prezident Aministrasiyası  ilə müzakirə olunur. Daha təkmil və daha ciddi qanun layihələri üzərində iş gedir. Ona görə də tələsmirik. Biz qanun layihəsini payıza saxlayırıq”.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov  həll edilməyən qanun layihələrinin payzı sessiyasına qaldığını bildirib:

“Bir neçə qanun layihəsi var ki, həll edilməyib. Qarşıda bir neçə plenar iclaslarımız var. Əgər qanun layihələri həll edilməsə, Milli Məclisin payız sessiyasına saxlanılacaq”.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli də yarımçıq qalan qanun layihəsindən danışıb:

“Elm və təhsil komitəsi “Ali təhsil haqqında” qanun layihəsi üzərində hazırlıq işləri aparmağa başlayıb. Qanun layihəsinin ilkin variantının formalaşmasına çalışacağıq. Sentyabrda ilkin variant üzərində müzakirələr keçirib, Milli Məclisin payız sessiyasına təqdim etmək fikrindəyik”.

Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva  mövzu ilə bağlı öncədən danışmağın tez olduğunu deyib:

“Hələlik bizim komitəyə hansısa yarımçıq qalan qanun layihəsi daxil olmayıb. Çünki iyulun ortasına qədər Milli Məclisin növbədənkənar sessiyası davam edəcək. Öncədən nəsə deyə bilmərik. Ola bilsin ki, yarımçıq qalan da olsun”. (modern.az)

Paylaşılıb
CrestaProject