Ca. İyn 27th, 2019

Azercell uşaqlara dəstək verməyə davam edir

Öz Korporativ Sosial Məsuliyət siyasətində uşaqların müdafiəsi və hüquqlarının qorunmasına yönəlmiş təşəbbüslərə xüsusi önəm verən “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilən layihələrdən biri “Uşaq Qaynar Xətt” xidmətidir. Uşaqlarla iş sahəsində geniş təcrübəyə malik olan psixoloqlar, hüquqşünaslar və sosial işçilərdən ibarət heyətə malik “Qaynar Xətt” xidmətinin əsas məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, habelə müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsidir.

Təkcə bu ilin may ayı ərzində xidmətdən yararlanan uşaqların sayı 421 nəfər təşkil edib. Bu müraciətlərdən 217-si təhsil, 33-ü psixoloji, 7-si səhiyyə, 35-i sosial,39-u hüquqi problemlərlə bağlı olub. Onu da qeyd edək ki, müraciətlərdən 370-i 18 yaşdan yuxarı, 48-i isə 18 yaşdan aşağı vətəndaşlarımıza aiddir. Ümumilikdə, yanvar- may ayları ərzində “Uşaq Qaynar Xətt” xidmətinə 1603 zəng daxil olub. 2010-cu ildən 2019-cu ilin iyun ayına qədər isə xidmətdən 37 895 uşaq yararlanıb.

“Uşaq Qaynar Xətt”inin ölkənin istənilən nöqtəsində əlçatan olmasını təmin etmək üçün, Azercell şirkətinin təşəbbüsü ilə 2017-ci ildə İOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib. 2018-ci ilin iyun ayının 13-dən isə xidmətin Göygöl ofisi fəaliyyətə başlayıb. Mərkəz Göygöl rayonunun sakinləri ilə yanaşı, ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Ağstafa) yaşayan uşaqlara da xidmət göstərir.

Qeyd edək ki, “Azercell Telekom” MMC-nin dəstəyi, “Ümidli Gələcək İctimai Birliyi”nin təşkilatçılığı ilə 24 saat fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80 və (051) 580 22 80 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb. Xidmət haqda ətraflı məlumatı www.usaqxetti.az internet səhifəsindən əldə etmək mümkündür.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.®