Ca. İyn 27th, 2019

Nikol buna da sussa, demək, Kremldən dəhşət qorxur – ŞƏRH

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin Ermənistanın eks-prezidenti Robert Köçəryanla görüşü Kremlin əvvəlki kimi Baş nazir Nikol Paşinyanla Qarabağ klanı arasındakı mübarizədə ikinciyə dəstək mesajı verməsi deməkdir.

Bunu politoloq Elxan Şahinoğlu qeyd edib. O, səfirin Kremlin təlimatını yerinə yetirdiyini söyləyib:

“Rusiya səfiri bu görüşdə qeyri-adi heç nə olmadığını deyir. Bu açıqlama diqqəti yayındırmaq üçündür. Rusiyanın başqa ölkələrdəki səfirləri adətən müxalifət liderləri ilə görüşmürlər, əlaqəni rəsmi strukturlarla qururlar. Məsələn, Rusiyanın Azərbaycandakı səfiri nə vaxt müxalifətin hansısa lideri ilə görüşüb? Rusiyanın Ermənistandakı səfiri isə gedib Köçəryanın ofisində bir saat onunla fikir mübadiləsi aparır”.

Politoloqun sözlərinə görə, Azərbaycan torpaqlarını işğal edən, Xocalı soyqırımının müəlliflərindən olan Robert Köçəryan Kreml üçün əziz siyasətçidir:

“Belə olmasaydı, Rusiya Prezidenti Vladimir Putin Köçəryana ad günü təbriki göndərməzdi. Nikol Paşinyan birinci dəfə bu təbrikə reaksiya bildirmədi, həzm etmək məcburiyyətində qaldı. Baş nazir Rusiya səfirinin Köçəryanla budəfəki görüşünə də sussa, demək ki, Kremldən dəhşətli dərəcədə çəkinir. Elə Köçəryana dəstək verən Kreml bu yolla Paşinyana yerini göstərir. Hadisələrin bu cür inkişafı şəraitində Paşinyan Qarabağ klanı ilə Kreml ittifaqının güclənəcəyinə və ona qarşı planların həyata keçirilməsinə hazır olmalıdır”.

E.Şahinoğlu həmçinin Köçəryana dəstək verən zehniyyətin heç vaxt Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım göstərməyəcəyini deyib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın eks-prezidenti Robert Köçəryanla görüşüb. (axar.az)