Ca. İyn 27th, 2019

Qənirə Paşayeva Murad Köhnəqalanın azadlığa buraxılmasına vasitəçi oldu…

Bir neçə gün öncə keçmiş ailəsinə aliment ödəməməsi səbəbindən Tovuz rayon Məhkəməsinin qərarı ilə həbs olunan şair Murad Köhnəqala bu gün azadlığa  buraxılıb.

Turkustan.info xəbər verir ki, bu barədə sosial şəbəkədə gənc yazıçı Kəramət Böyükçöl bildirib.

O deyib ki, dostları Murad Köhnəqalanın 12 min manat aliment borcundan 3 min manatını ödəyiblər. Qalan məbləğin ödənilməsi üçün şairə möhlət verilib:

“Qalan pulu ödəmək üçün möhlət verilib. Pulun az bir hissəsini yığmışıq, böyük hissəsi qalıb. Ümid edirəm ki, tezliklə məbləğin hamısı toplanacaq”.

Murad Köhnəqala qalan pulu ödəməsə, onun barəsində cinayət işi başlanacaq.

 Qeyd edək ki, Murad Köhnəqalanın azadlığa buraxılmasına millət vəkili Qənirə Paşayeva da müdaxilə edib. Deputat bununla bağlı bildirib:

“Murad Köhnəqala ilə bağlı narahat olan, mənə zəng edib “kömək edin” deyənlərə məlumat vermək isteyirəm ki, o, artıq azadlıqdadır. 2 gündür bu istiqamətdə bizə dəstək olan və Murad bəyin azadlığa buraxılması üçün müraciətimə müsbət yanaşıb mənimlə birliktə dəstək olan Ümid müəllimə, Tovuzdan olan dəyərli dostlara,məhkəmə və vəkillik sistəmində olan dəyərli insanlara təşəkkür edirəm. 
Murad bəyin ailəsinə ödəməli olduğu və uzun müddət yığılıb qalmış böyük məbləğ vəsaitin, alimentin bir hissəsini ödədik, hüquqi prosedurlar həyata keçirildi və onun azadlığa buraxılması mümkün oldu. Ümid edirik ki, Murad bəy artıq azadlıqda olaraq bundan sonra alimentlə bağlı qalan xərcləri yavaş-yavaş ailəsinə ödəyəcək və bir daha belə veziyyətle üzləşməyəcək. Allah yardımçıları olsun!”.  /Modern.az/