Ca. İyn 27th, 2019

“Türkiyə ABŞ-ın sanksiyalarına qarşı cavab tədbirləri görəcək” – Mövlud Çavuşoğlu

Birləşmiş Ştatlar Ankaranın Rusiyadan S-400 sistemi almasına görə sanksiyalar tətbiq edərsə, Türkiyə “qarşılıqlı addımlar atacaq”. Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoglu bu gün – iyunun 14-də deyib.

“Birləşmiş Ştatlar bizə qarşı hər hansı mənfi addım atarsa, biz də qarşılıqlı tədbir görəcəyik”, – o, Türkiyə televiziyasına müsahibəsində vurğulayıb. O qeyd edib ki, Türkiyə Rusiyadan S-400 raketdən müdafiə sistmeninin alınması qərarından geri çəkilməyəcək .

Bundan az əvvəl ABŞ müdafiə nazirinin əvəzi Patrik Şanahan türkiyəli həmkarına yazdığı məktubda bildirirdi ki, Ankara Rusiyadan S-400 sistemini almaq fikrindən daşınmasa, Türkiyə ABŞ-ın rəhbərlik etdiyi F-35 qırıcı təyyarə proqramından çıxarılaqcaq.

Bu məktuba cavabında Çavuşoğlu yazır ki, Türkiyəyə heç kim ultimatum verə bilməz.

“Türkiyə belə məktublarla öz qərarından geri çəkilən deyil. Türkiyə S-400-ü alıb. Bu silah Türkiyəyə çatdırılacaq və Türkiyədə yerləşdiriləcək”.

“Reuters” agentliyi bu açıqlamadan sonra türk lirəsinin ABŞ dollarına qarşı 5,93 səviyyəsinə düşdüyünü yazır. Bu, son iki həftədə ən zəif göstəricidir.