Be. İyl 22nd, 2019

Melkumyan necə cəzalandırıldı? – erməni Allahverdinin oğlu Dağlıq Qarabağda fitnə-fəsad toxumu səpirmiş

Bəzi erməni araşdırmaçıların qənaətinə görə SSRİ dövründə Azərbaycanın tabeliyində olan Dağlıq Qarabağ Muxtar vilayətinin ən “milli ruhlu” rəhbəri, vilayət partiya komitəsinin birinci katibi Qurgen (atasının adı Allahverdi) Melkumyan olub. O, 1962-1973-cü illərdə vilayətə rəhbərlik edib.

Qurgen Melkumyanın belə “yüksək” qiymətləndirilməsi, rəhbərliyi dövründə onun millətçilik yönümdə apardığı siyasət, vilayətdə erməni şovinizminin inkişafı üçün yaradılmış şərait, ermənlərin Qarabağ torpaqları ilə bağlı yersiz iddialarına göz yummağı və hətta onlara dəstək olması ilə bağlıdır. Yaxın tariximizdən də məlumdur ki, Dağlıq Qarabağ Muxtar Vilayətində 1960-cı illərin sonlarında, 1970-ci illərin əvvələrində erməni millətçilərinin fəallığı artaraq qabarıq şəkildə özünü büruzə verib. Məhz elə 1967-ci ildə Xankəndi şəhərinin mərkəzində üç nəfər azərbaycanlının diri-diri yandırılması kimi dəhşətli bir hadisə də Melkumyanın vilayətdə birinci katib olduğu dövrə təsadüf edib.

Xankəndi Pedaqoji İnstitutunun dosenti, sonralar qondarma “DQR”-in baş naziri, daha sonralar isə Ermənistanın Rusiya Federasiyasında və Belarusda səfiri olan Oleq Yeseyan Qurgen Melkumyanın fəaliyyətinə qiymət verərək müqayisəli şəkildə təhlil aparıb. O qeyd edib ki, əgər 15 il vilayətə rəhbərlik edən Boris Gevorkov bu illər ərzində cəmi bir dəfə Yerevanda olubsa, Melkumyan 11 il ərzində dəfələrlə rəsmi və qeyri-rəsmi şəkildə Ermənistana getmiş, protokoldan kənar görüşlər keçirib. Bu görüşlərin hansı məqsəd daşıdığı, nəyə xidmət etməsi də aydın məsələdir.

Təbii ki, Qurgen Melkumyanın millətçi fəaliyyəti Azərbaycan rəhbərliyinin diqqətindən kənarda qalmayıb. 1967-ci ilin yayında yuxarıda qeyd etdiyimiz məlum Xankəndi hadisələrində, həmin dövrdə Azərbaycan DTK-nın sədri olan Heydər Əliyev Xankəndi şəhərində olaraq, baş vermiş cinayət hadisəsini araşdırıb. O zaman rəsmi Bakı gərgin mübarizədən sonra sübut və dəlillərlə 39 nəfər erməni canini həbs etdirməyə nail olub. Daha sonra vilayət mərkəzində keçirilən yekun müşavirədə törədilmiş hadisələrə görə vilayətin partiya rəhbərləri də tənqid olunub. Heydər Əliyev həmin toplantıdakı tənqidi çıxışında məhz Qurgen Melkumyanı əsas hədəf seçib.

Nəhayət, 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gələn Heydər Əliyev Dağlıq Qarabağ Muxtar Vilayətindəki xoşagəlməz ab-havaya bələd olan bir şəxs kimi Melkumyanı vilayətdən uzaqlaşdırmağı vacib sayıb. Beləliklə, Moskva ilə aparılan danışıqlardan və əldə olunan razılıqdan sonra 1973-cü ildə Qurgen Melkumyan vəzifəsindən kənarlaşdırılıb. O, cümlədən onun yaxın ətrafında olan millətçilər də vəzifələrini itiriblər.

Sözsüz ki, vilayətdə baş verən bu kadr dəyişiklikləri ermənilərin qəzəbinə səbəb olub. Ara-sıra açıq və ya gizli şəkildə etirazlar eşidilib.

1973-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin 50 illik yubileyi qeyd olunanda noyabrın 14 də Heydər Əliyev Xankəndi şəhərinə səfər edib.

Dağlıq Qarabağda bəzi vəzifəli erməni şəxslərin Ermənistanın millətçiləri ilə əlaqəsi haqqında məlumatlı olan Heydər Əliyev iclasda bu məsələ ilə bağlı sərt və barışmaz mövqeyini bildirib.

Heydər Əliyev sonralar bu haqda fikirlərini belə bölüşüb:
“Mən Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi ilə dəfələrlə görüşmüşəm, vilayətin bütün rayonlarında olmuşam, ermənilərlə də çox söhbət etmişəm… Bir faktı xatırladım. DQMV-nin 50 illik yubileyi idi, vilayət “Xalqlar dostluğu” ordeni ilə təltif olunurdu. Oradakı çıxışımdakı bəzi məqamları erməni millətçiləri indi də mənə bağışlaya bilmirlər. Mən bəzi əhvali-ruhiyyələri hiss edərək demişdim ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olaraq qalacaq…”.

Təbii ki, ermənilər Heydər Əliyevin bayram tədbirindəki təbrik çıxışında mövzunun bu səmtə yönələcəyini gözləməyiblər…
Həmin vaxt DQMV-nin partiya komitəsinin birinci katibi olan Boris Gevorkov isə Qarabağ münaqişəsi başalaya qədər vilayətə rəhbərlik etdi. O, özü millətçi olmasa da (bəlkə də gizli millətçi olub, bunu ustalıqla pərdələyib), Yerevandan gələn millətçilərlə mübarizədə məğlub oldu. (musavat.com)