Be. İyl 22nd, 2019

“Şimal qonşumuzun təxribatından özümüzü qorumalıyıq” – XƏBƏRDARLIQ

Bu gün Qarabağ danışıqları dondurulmuş kimidir.

Sabiq dövlət müşaviri Qabil Hüseynli Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşünə münasibət bildirib.

Politoloq bu görüşdə hansısa nəticənin əldə olunacağına qətiyyən inanmır:

“Çünki artıq Paşinyan da, Mnatsakanyan da görüşlərdə “torpaq verilməsi”ni müzakirə etmək niyyətində olmadıqlarını açıqlayıblar. Erməni tərəfi yalnız qondarma rejimin və monitorinq sisteminin təhlükəsizliyi və möhkəmləndirilməsi istiqamətində mübarizə aparır. Ona görə də, danışıqlar prosesinin hansısa pozitiv nəticələrə gətirib çıxaracağı artıq inandırıcı görünmür”.

Q. Hüseynli qeyd edib ki, Azərbaycan danışıqlar prosesinə hər zaman sadiqdir:

“Ancaq ölkəmiz nəticəsiz danışıqların davam etdirilməsinin tərəfdarı deyil. Vaşinqton görüşündən sonra da, Ermənistan tərəfindən məzmunlu addımlar atılmasa, rəsmi Bakı hərb variantını seçə bilər. Baş verən proseslər fonunda Azərbaycanın müharibə yolu ilə torpaqları azad edəcəyi ilə bağlı ehtimal artmaqdadır. Bir ayda 4 dəfə hərbi təlimlərin keçirilməsi, müharibə şəraitinin yaxşılaşdırılması, keçilən təlimlərdə döyüş atışlarından istifadə edilməsi, Naxçıvanda Türkiyə ilə birlikdə keçirilən təlimlər və s. buna bariz nümunədir. Bütün bunların hamısı onu deməyə əsas verir ki, Azərbaycan yayı çəkilmiş oxdur, sadəcə, oxu buraxmaq lazımdır ki, qarşısındakını silib-süpürüb aparsın. Ancaq Şimalda kifayət qədər təhlükəli, beynəlxalq hüquq normalarına əhəmiyyət verməyən və son dərəcə aqressiv bir dövlətin olduğunu da unutmamalıyıq. Onların təxribatlarından da özümüzü qorumalıyıq”.

Q. Hüseynli bildirib ki, ermənilər danışıqlar prosesini sabotaj etmək, zaman qazanmaq niyyəti güdür:

“Onların Qarabağ danışıqlarını yalnız qondarma rejimin siyasi rəhbərliyi ilə müzakirə etməklə bağlı çıxışları da məhz bu məqsədə xidmət edir. Bu, Rusiya tərəfindən əyyarı verilmiş bir yanaşmadır və danışıqlar prosesinin indiyədək yaradılmış mexanizmini sındırıb dağıtmaq cəhdidir”.

Politoloq vurğulayıb ki, bütün baş verənlərə baxmayaraq, Azərbaycan hələ müharibəyə başlamağa tələsmir:

“Qarabağ klanı ilə Paşinyanın tərəfdarları arasında müəyyən fikir ayrılıqları var, amma müharibəyə başlasaq hamısı bizə qarşı birləşəcək. Əsas məsələ odur ki, dövlət, cəmiyyət, ordu hər an, hər dəqiqə müharibəyə hazır olmalıdır. Ölkədə ciddi müharibə və torpaqların geri qaytarılması təlimatı aparılmalıdır. Hamı vətən müharibəsi əhval-ruhiyyəsi ilə yaşamalı, cəmiyyət bütünlükdə torpaqların azad olunmasına köklənməli və insanlar həvəslə döyüşə getmək üçün hərbi hazırlıq keçməlidir. Dövlət bu istiqamətdə saat mexanimi kimi işləməli, neqativ halların kökü amansızlıqla kəsilməli və ölkədən gəlir mənbəyi kimi istifadə edən adamlar ən ağır formada cəzalandırmalıdır”.

Politoloq Elxan Şahinoğlu da məsələ ilə bağlı saytımıza açıqlama verib.

Politoloq hesab edir ki,  mövcud vəziyyət iki ölkənin xarici işlər nazirlərinin razılaşmalarını heçə endirir:

“Görüş yeri kimi Vaşinqtonun seçilməsi heç də ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığını artırması istəyi ilə bağlı deyil. Belə bir istək hələ nəzərə çarpmır. Məsələ burasındadır ki, xarici işlər nazirləri yanvarda Parisdə, apreldə isə Moskvada görüşüblər, yerdə qalırdı üçüncü həmsədr. Ona görə də bu dəfə görüş yeri kimi ABŞ-ın paytaxtı seçilib”.

Politoloq qeyd edib ki, cəbhə bölgəsində vəziyyət gərgindir, atəşkəsin qorunması qərarı xarici işlər nazirlərinin istəyindən və səlahiyyətlərindən asılı deyil:

“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov demişdi ki, əgər, erməni həmkarı onunla razılığa gəlməsə, qarşı tərəf Azərbaycanın müdafiə naziri ilə razılaşmalı olacaq. Separatçılar öz hava məkanımızda Azərbaycan təyyarəsinə raket tuşlayırlarsa, demək xarici işlər nazirlərinin Vaşinqtondakı görüşündən nəticə gözləməyə dəyməz. Nazirlər ötən dəfə bir neçə şifahi razılaşma əldə etmişdilər, hamısı elə şifahi şəkildə sözdə qaldı, yerinə yetirilmədi. Yerinə yetirilməyəcək də… Çünki münaqişənin indiki şəraitdə və şərtlər altında masa üzərindəki həll perspektivi mümkün görünmür”.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında iyunun 20-də Vaşinqton şəhərində görüş keçiriləcək. (redaktor.az)