Be. İyl 22nd, 2019

Pişəvəri hökumətinin yıxılmasında ingilis “BARMAĞI” – Bağırovun Stalinə MƏKTUBU

1945-1946-cı illərdə Cənubi Azərbaycanda Azərbaycan Milli Hökumətinin (AMH) qurulması ilə bağlı faktı demək olar ki, hamı bilir. 
Onu da bilirik ki, Güneydə öz müstəqilliyini elan edən hökumət çox keçmədən süquta uğrayır. Bu günə kimi də o dövlətin yıxılmasını tarixçilərimiz də daxil olmaqla hər kəs bir cür şərh edir. Sovet hökumətinin dəstəyi ilə baş tutan hərəkat hansı dövlətin və ya dövlətlərin təsiri ilə yıxıldı? Burada da qarışıq suallar çoxdur. Ancaq ortada bir fakt var – o da Seyid Cəfər Pişəvəri hökumətinin yıxılmasıdır.
Cənubi Azərbaycanda hərəkata nəzarət etməyi və bu məsələnin həllində idarəetməni tam öz üzərlərinə götürməyə çalışan Sovet Azərbaycanı Mərkəzi Komitəsinin katibi Mir Cəfər Bağırov bu məsələ ilə bağlı Stalinə bir sıra məktublar yazmışdı. O, növbəti məktubunda Stalinə izah etmək istəyir ki, Moskva Cənubi Azərbaycan və Şimali Kürdüstanda baş verən proseslərə nəzarəti zəiflədərsə, adı keçən bölgələrdə ABŞ və Böyük Britaniya aktiv rol alacaqlar. Bu məsələ ilə bağlı ard-arda məktublar getsə də, nəticə bugünkü kimidir.
Mir Cəfər Bağırov Stalinə belə məktublardan birini də 22 oktyabr 1946-cı ildə yazmışdı. Məktubun tarixi əhəmiyyətini nəzərə alaraq tədqiqatçı Adıgözəl Məmmədovun araşdırmalarından əldə etdiyimiz həmin tarixi sənədi təqdim edirik:
“Moskva, ÜİK(b)P MK Stalin yoldaşa 
Oktyabrın 20-də mən Naxçıvanda Pişəvəri, onun müavini Sadıq Padeqan və fədai (partizan) qoşunlarının generalı Qulam Yəhya Danişyanla görüşdüm.
Onlar İran Azərbaycandakı vəziyyət barədə məlumat verdilər, onların fikrincə, Tehranın ingilisyönlü hökumətindən daha nələr gözləməyin mümkün olduğu haqqında danışdılar və onlara hərbi hücumun baş verəcəyi halda zəruri yardım göstərilməsini xahiş etdilər.
Onların bəyan etdiyinə görə, Azərbaycanda əhalinin əhval-ruhiyyəsi əsasən müsbətdir. Azərbaycan Demokrat Partiyasının nüfuzi və təsiri möhkəmlənir və güclənir. Torpaqların kəndlilər arasında bölüşdürülməsinin davam etməsi ilə bağlı böyük ruh yüksəkliyi müşahidə olunur. Ordu, xüsusilə partizanlar özlərini sakit aparır və heç bir şübhə doğurmurlar. Kürdlərlə qarşılıqlı münasibətlər qənaətbəxşdir. İndiyə qədər onlara imkan daxilində maddi yardım göstərilmişdir.
Son zamanlaradək Tehran hökumətinin Azərbaycana heç bir pul və maddi yardım göstərmədyinə, üstəlik Azərbaycana məxsus 20 milyon tüməni qaytarmadığına baxmayaraq, azərbaycanlılar öz xərclərini birtəhər ödəyirlər, amma artıq kürdlərə, xüsusilə də çox ehtiyacları olan İraq kürdlərinə yardım etmək iqtidarında deyillər. Bununla bərabər Azərbaycan sərhədində İran ordusunun böyük qüvvələri cəmlənmişdir. İran zabitləri və ingilis kəşfiyyatçılarının rəhbərliyi altında çoxlu iri quldur dəstələri yaradılmışdır. Demək olar ki, hər gün bu və ya digər ərazidə həmin dəstələr silahlı hücumlarla azərbaycanlıların gücünü yoxalyırlar.
Azərbaycan daxilində ingilisyönlü irticaçı elementlər və ingilislər özləri əhalinin parçalanması üzrə fəal iş aparırlar. Çaxnaşma  yaratmaq məqsədilə Azərbaycan ərazisində labüd müharibə haqqında şaiyələr yayır, əhaliyə vaxtında Azərbaycandan getməyi təklif edirlər. Kürdlərin azərbaycanlılarla qarşılıqlı münasibətlərində ayrı-ayrı anormallıqlardan istifadə edərək onları bir-birinə qarşı qaldırırlar.
Oktyabrın 17-də yenicə Təbrizə gəlmiş İngiltərə baş konsulu Karss qeyri-rəsmi görüş adı altında Pişəvərinin yanına getmişdir. Söhbət əsnasında o, Pişəvəriyə bir sıra suallar vermişdir: 
1. Azərbaycan demokratları Təbriz aerodromunu genişləndirmək və yenidən qurmaq istəyirlərmi?
2. Azərbaycanlılar xarici ticarəti təşkil etmək üçün və qaydaya salmaq fikrində deyillər ki?
3. Azərbaycanın hansı rayonlarında indiyə qədər neft yataqları aşkar olunub?
4. Neftdən başqa digər qiymətli yataqlar varmı?
5. Nə üçün azərbaycanlılar digər Avropa dövlətlərinin mədəniyyətindən istifadə etmək üçün onlarla daha sıx əlaqə qurmaq istəmirlər?
6. Azərbaycanlıların kürdlərlə qarşılıqlı münasibətləri necədir? Kürdlər Azərbaycanın şəhər və kəndlərinə hücuma hazırlaşmırlar ki? və s.
Pişəvəri cavab verib ki, kürdlər və azərbaycanlıların öz aralarında vuruşmasına səbəb yoxdur və onun partiyası qabaqcıl xalqların mədəniyyətinin təkcə Azərbaycnda deyil, bütün İranda yayılmasının lehinədir. Digər məsələlərə gəldikdə isə, Pişəvəri onlar barədə Tehran hökumətinə müraciət etməyi təklif edib, çünki bu məsələlər Demokrat Partiyasının funksiyalarına daxil deyil.
Tehrandan son hadisələrlə əlaqədar olaraq, Pişəvəri və onun yoldaşları hesab edirlər ki, məclisə seçkilər İrandakı demokrtik qüvvələrin tam iflic vəziyyətinə salınana, Azərbaycan məsələsi aradan qalxana qədər uzadılacaq. Bundan başqa, onların fikrincə Tehran hökuməti Azərbaycan məsələsini iki yolla: ya açıq silahlı hücumla, ya da qoşunları Azərbaycana yeritmək, qarnizon və jandarmeriyanın rəhbərliyini öz əlinə almaq imkanı qazanmaq üçün saxta saziş imzalamaq yolu ilə aradan qaldıra bilər.
Tehranla sonrakı danışıqlarla bağlı onlar yenidən təsdiq etdilər ki, bizim göstərişimiz olmadan heç bir müstəqil addım atmayacaqlar. 
Silahlı hücuma gəldikdə isə, əhali sözsüz ki, müqavimət göstərəcək. Bu halda onlara yalnız silah, avtonəqliyyat və pulla kömək göstərmək lazımdır. Yardımın həcmi haqqında iki gün ərzində məlumat verməyə söz veriblər.
Azərbaycan K(b) MK-nın katibi (M.C.Bağırov)
22 oktyabr 1946-cı il № № 3-34”
(redaktor.az)