Ç. İyl 24th, 2019

Yaxşı ərdir, amma pulunu pozğun qadınlara xərcləyir…

Atalar sözüdür: heç kim öz ayranına turş demir. Biz öz eyiblərimizi gizlətməyə meylli xalqıq. Əslində, mən buna pis baxmıram. Söz-söhbətsiz ev yoxdur. Əgər ağzımızdan çıxan hər sözü qonşunun ovcuna qoysaq, evlə bayırın fərqi olmaz. Amma bəzən əndazəni aşırıq. Bizim “Papadan artıq katolik olmağımız” özümüzə də, başqalarına da ziyan vurur.
Üç-dörd ay əvvəl Space TV-də efirə gedən “Gəl dərdini danış” verilişinə 82 yaşlı bir ağsaqqal təşrif buyurmuşdu. Yaşına hörmət edib onu başda əyləşdirdik, sonra əlimizi çənəmizə dayayıb, səbrlə söhbətinə qulaq asdıq. Dedi ki, 4 oğlu var, amma heç birinin atası o deyil. Hamı bir-birinin üzünə baxdı, çaşıb qaldıq. Kişi özü məsələyə aydınlıq gətirdi: “Mənim öz istədiyim vardı. Buna görə də kəbinli arvadıma yaxın durmurdum. O isə pozğunun biri idi, yad kişilərdən hər il bir uşaq doğurdu”.
Belə tiplərlə əvvəllər də qarşılaşdığım üçün təmkinimi pozmadım: “Bəs, siz bu biabırçılığa necə dözürdünüz?”
Ağsaqqalın cavabı belə oldu: “Mənimçün çox çətin idi. Ürəyim partlayırdı. Bir-iki dəfə anama təklif etdim ki, bu ifritəni qovaq getsin. Dedi ki, dinmə, a bala. Eldən ayıbdır”.
Uzun ilıər əvvəl onları tərk etmiş qardaşını tapmaq ümidi ilə “Səni axtarıram” verilişinə 45-50 yaşlı bir qadın üz tutmuşdu. Ağzını açan kimi ilk sözü bu oldu: “Qardaşımın ipək kimi yumşaq ürəyi vardı”.
Aparıcı ənənəvi sualını verdi: “Necə oldu ki, ipək kimi yumşaq ürəyi olan qardaşınız ata-anasını, qardaş-bacısını atıb, qərib ellərə üz tutdu?”
Dedi ki, kənddə iş tapa bilmədiyi üçün başını görürüb, Rusiyaya gedib.
Sorğu-sual başladı. Söhbət əsnasında məlum oldu ki, “ipək kimi yumşaq ürəyi olan qardaş” Azərbaycanı 15 il əvvəl tərk edib. Beş il əvvəl atası, üç il əvvəl anası, ötən il də qardaşı dünyasını dəyişsə də, onların heç birinin hüzr mərasimində iştirak etməyib. Qadının dediyi bu sözlər indiyə kimi qulaqlarımda səslənir: “Atam canını tapşıra bilmirdi. Üç gün, üç gecə “Asif” deyib sayıqladı. Qardaşımın şəklini sinəsinə qoyandan sonra canını tapşırdı”.
O vaxt indiki qədər təcrübəli və təmkinli olmadığım üçün dərhal qadının başının üstünü kəsdirdim: “Ata-anasına bu zülmü edən qardaş sənin nəyinə lazımdır? On beş ildə bir dəfə geri dönməyən adamı niyə axtarırsan?”
Qadın məzlum görkəm alıb, belə dedi: “Müəllim, siz Asifi tanımırsınız? Onun qızıl kimi ürəyi var. Hər bacıya belə qardaş qismət olmur”.
Xalqımızın təəssübkeşliyinə heyrət etməmək mümkün deyil. Biz ata-anasının, doğma qardaşının ölüm xəbərini eşidib, tükünü tərpətməyən adamlara toz qondurmayan insanlarıq…
Uzaq bir tanışım var, əhli-kef adamdır. Əlinə beş manat pul düşən kimi arağa verib, qarnına tökür. Başqa bir pis cəhəti isə şorgöz olmasıdır. Arvadı hər dəfə məni görəndə belə deyir: “Dostunun başına ağıl qoy. Araqdan başı açılmır. Bu da azmış kimi həftənin üç gününü orda-burda gecələyir. Ayın əvvəlində mənə 200 manat pul verir, ortasında tutub əlimdən alır”.
Ötən gün toyda qarşılaşdıq. Yeri olmasa da, dilimin ucuna qədər gələn sözləri geri qaytarmadım: “Güllü, Elşən səni yenə incidir?”
Ərinin qoluna girib, nazlana-nazlana belə cavab verdi: “Elşənin başına dönərəm. Onun kimi ər var?”
Azca əsəbləşsəm də, büruzə verməməyə çalışdım: “Bəs niyə hər dəfə məni görəndə, kişidən şikayət edirsən? Day denən, gül kimi oğlana şər atırsanmış…”
Qolunu həyat yoldaşının qolundan çəkib, başını mənə tərəf uzatdı: “Əslində, Elşən pis adam deyil. Amma çox içir, ayıq vaxtı yoxdur. Bir pis xüsusiyyəti də odur ki, əlinə beş manat düşən kimi pozğun qadınlara xərcləyir. Deyirəm, evin yıxılmasın, uşaqlar böyüyüb, sabah qızları alan olmayacaq, amma vecinə də deyil”.
Ağzımı açmağa macal tapmamış Güllü üzünü həyat yoldaşına çevirdi: “Aşqım, qolunu uzat, qoy camaat paxılllığımızı çəksin”.
Əlim üzümdə qaldı. Onlar gənc sevgililər kimi qol-qola girib, toyun keçirildiyi salonun yolunu tutdular. Mən isə bu dəhşətli mənzərə qarşısında müvazinətimi itirməmək üçün bərk-bərk sürahidən tutdum…