Be. İyl 22nd, 2019

Azərbaycanda yeni cərimələr tətbiq olundu

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Yeniavaz.com xəbər verir ki, İnzibati Xətalar Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:

1.1. 43.1-ci maddəyə “290.3,” rəqəmlərindən sonra “295.6, 295.7,” rəqəmləri əlavə edilsin.

1.2. Aşağıdakı məzmunda 295.6-cı və 295.7-ci maddələr əlavə edilsin:

“295.6. Daşıyıcılar tərəfindən Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikası ərazisini tərk edəcək hava gəmisinin sərnişinlərinə dair “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə –

vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

295.7. Daşıyıcılar tərəfindən Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikası ərazisini tərk edəcək hava gəmisi ekipajının hər bir üzvünün vəzifəsi və ona dair “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların hava gəmisinin yola düşməsinə ən geci 24 saat qalmış, habelə hava gəmisinin ekipajının tərkibi dəyişdikdə, həmin məlumatlar dəyişiklik edildikdən dərhal sonra, lakin hər bir halda hava gəmisi yola düşənədək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə –

vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.”.

Maddə 2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 295.6-cı və 295.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyət müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi ilə bağlı müəyyən etdiyi qayda qüvvəyə mindikdən sonra yaranır.