Ça. İyl 16th, 2019

“Toydan əvvəl bilsəydim…” – 29 yaşlı QİÇS xəstəsinin acı etirafı – TƏFƏRRÜAT

Əli Məmmədli (ad dəyişdirilib) yeddi ildən çoxdur ki, QİÇS xəstəliyindən əziyyət çəkir, amma hazırda birlikdə yaşadığı ikinci həyat yoldaşı bunu hələ də bilmir. 29 yaşlı gənc deyir ki, ilk dəfə 22 yaşında evlənib, amma o vaxt xəstəliyi barədə heç nə bilməyib.

Onun sözlərinə görə, diaqnozu barədə təsadüfən məlumat alıb və bunun üçün məqsədli müayinədən keçməyib. “O vaxt çoxlu siqaret çəkirdim deyə mədəmdə və boğazımda problemlər var idi. Mədə həkiminə gedəndə nəyəsə görə məni çoxlu analizlərə göndərmişdi. Mən də hələ etiraz etmişdim ki, mədəm ağrıyır, bu analizlərə niyə göndərirsiniz. Nəticələri görəndə isə çox pis olmuşdum”, – o deyir.

Müsahibimiz söyləyir ki, bunu həyat yoldaşına bir neçə ay sonra deyə bilib, bundan sonra isə ailədə problemlər yaranıb və övlad planlayan ailə bundan imtina etməli olub.

“Yoldaşım birinci uşaq doğmaqdan qorxdu, sonra da mənimlə yaşamaq istəmədi. Gördüm ki, ailəsi öyrədir ki, məndən boşansın. O vaxt yoxlama yox idi ki, toydan əvvəl bilim, bilsəydim bəlkə indi belə olmazdı”, – o söyləyir.

Hazırda ikinci həyat yoldaşı ilə vətəndaş nikahı ilə yaşayan Əli deyir ki, həm evlilikdən, həm də xəstəliyini xanımına deməkdən çəkinir.

O düşünür ki, nikah bağlasa ondan sağlamlıq haqda arayış istəyəcəklər, bu halda isə xəstəliyi barədə xanımına deməli olacaq. Əli söyləyir ki, xanımının onu tərk etməsi qorxusu “ona xəstəlik keçirmək qorxusunu üstələyir, ona görə də həyat yoldaşının toy arzusunu gecikdirməli olur”.

Azərbaycanda xəstəliklər barədə niyə danışılmır?

Azərbaycanda insanlar bir çox hallarda xəstəlikləri barədə başqalarına məlumat verməkdən çəkinirlər. Bəzi hallarda ən ağır xəstəliklərdən belə illərdir əziyyət çəkənlər bu haqda nə dostlarına, nə iş yoldaşlarına, nə də qohumlarına danışırlar. Xəstəliklərin daşıyıcıları düşünür ki, insanlar bu halda onlardan uzaq gəzəcək və onlarla danışmaqdan imtina edəcəklər. Azərbaycanda insanı xəstəliyi barədə məlumatları ictimailəşdirməyə məcbur edən hər hansı bir qanun yoxdur. Təkcə bəzi sahələrdə çalışan və insanlarla birbaşa ünsiyyətdə olan işçilərdən müəyyən müddətdən bir QİÇS, hepatit kimi bir neçə yoluxucu xəstəlikdən analiz vermək tələb olunur.

2015-ci ildən Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi qaydası tətbiq olunur. Nikaha daxil olmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə qeydiyyatda olduqları poliklinikalara və ya ASAN xidmətə müraciət edərək müayinədən keçməlidirlər.

Onlar üç xəstəlikdən – talassemiya daşıyıcılığı, QİÇS və sifilis xəstəlikləri üzrə yoxlanılırlar. Cütlüklərə müraciət yerlərindən asılı olaraq 5-15 iş günü müddətində 30 gün etibarlılıq müddəti olan arayış verilir. Bu müayinələr ASAN xidmətdə 9 manata, poliklinikalarda isə ödənişsiz aparılır.

Milli Məclis son illərdə hepatit B və C-nin də bu siyahıya aid edilməsini təklif etsə də, bu, hələlik qəbul edilməyib.

İİV testi

Cəmi 7-8 cütlük ayrılmaq qərarı alıb”

Bahadur Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Talassemiyanın profilaktikası şöbəsinin müdiri Aysel Erdoğan “BBC News Azərbaycanca”ya bildirib ki, qanunun qəbul edildiyi dörd il ərzində respublika üzrə 555 min 100 nəfər nikahdan əvvəl icbari tibbi müayinədən keçib. 20 minə yaxın şəxsdə talassemiya daşıyıcılığı, 1800-ə yaxınında sifilis, 500 nəfərdə isə QİÇS aşkar edilib.

Aysel Ərdoğan deyir ki, indiyədək cəmi 7-8 cütlük nəticələrə görə ayrılmaq qərarı alıb. Mütəxəssisin fikrincə hepatit B və C kimi bir sıra xəstəliklər də yoxlanış siyahısına əlavə edilməlidir, lakin hesab edir ki, əvvəlki illərlə müqayisədə hazırda vəziyyət daha yaxşıdır.

“Əvvəlki bəzi cütlüklər deyirdi ki, bizim belə analizlərdən keçməyə ehtiyacımız yoxdur, onsuz da ailə quracağıq. İndi isə heç ailə qurmadan, bir-birində hansısa tibbi problemin olub-olmadığını bilmək üçün əvvəlcədən müayinə keçirlər. Bu dörd il ərzində insanların maariflənməsi yaxşı gedib ki, əvvəlcədən müayinədən keçmək istəyən cütlüklər çoxalıb”.

Aysel Erdoğan söyləyir ki, analiz nəticələrində xəstəliyin çıxması cütlüklərin evlənməsinə qanuni maneə törətmir, lakin onlara qarşıda yarana biləcək xəstəliklər barədə məlumatlar verilir. O əlavə edir ki, nəticələr barədə məlumatlar cütlüklərə birlikdə deyil, ayrı-ayrılıqda təqdim olunur və məlumatların qarşı tərəfə bildirilməsi onların öz öhdələrinə buraxılır.

“Maarifləndirici dövlət proqramı olmalıdır”

Sosioloq Nərmin Məmmədli deyir ki, “insanları xəstəlikləri barədə danışmağa qoymayan cəmiyyətin özüdür”.

“İnsanlar o qədər başqalarının dediklərinə fikir verirlər ki, bəzən öz fikirlərini də unudurlar. Elə adam var ki, öz seçiminə qalsa QİÇS xəstələri ilə də, hepatit xəstələri ilə də qorxmadan, çəkinmədən dostluq edərlər, amma o nə deyər, bu nə deyərdən əl çəkə bilmirlər. Bu da savadsızlıqdan irəli gəlir. Elə bilirlər onlarla dostlaşan kimi ya xəstəlik keçəcək, ya da hamı fikirləşəcək ki, onlarda da xəstəlik var”.

Nərmin Məmmədli hesab edir ki, insanların xəstəlikləri barədə məlumatları istədikləri vaxt başqalarına rahat deyə bilmələri üçün uyğun şərait yaradılmalı və bunun üçün maarifləndirici dövlət proqramı olmalıdır.

“Xarici telekanallarda tez-tez sosial çarxlar görürük. Həmin çarxlarda həm bu xəstəliklər, həm də bu insanlarla necə davranmaq, onlarla risksiz təmas qaydaları haqda, onları təcrid etməmək barədə məlumatlar verilir. Bizdə də gərək məktəblərdən maarifləndirici proqramlar aparılsın ki, insanlar özləri problemləri barədə danışmağa açıq olsunlar”.

deyəcəklər ki, tərbiyəli qız hepatit olmaz”

26 yaşlı Aynur Həsənova deyir ki, altı aydan çoxdur ki, hepatit xəstəsi olduğunu öyrənib, amma nə xəstəliyin necə keçdiyini, nə də nə bundan sonra nə edəcəyini bilmir. Bir ildir ki, nişanlı olan Aynurun bu ilin sonunda toyu olacaq, amma nişanlısı onun xəstəliyi haqda heç nə bilmir, ailəsindən isə təkcə anasının xəbəri var.

“Anam deməyə icazə vermir. Bizim rayonda buna çox pis baxırlar. Nişanlımın özü bəlkə də başa düşər, amma ailəsi evlənməyimizə heç vaxt icazə verməz. Sonra da rayonda deyəcəklər ki, tərbiyəli qız hepatit olmaz. Nə edəcəyimi, necə evlənəcəyimi bilmirəm”.

Aynurun anası onu həkimlərə aparsa da, müalicənin nəticəsi hələlik bəlli deyil. Aynur isə deyir ki, əgər müalicə oluna bilməsə, nişanlısına bu haqda deməyəcək, təkcə toyu təxirə salacaq.