Ç. İyl 17th, 2019

Bakıda qızğın müzakirə: Ölkələr razılığa gələ bilmədi

UNESKO Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Nepalda yerləşən Katmandu Vadisi mədəni irsinin Dünya İrs Mərkəzinin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına salınması məsələsi müzakirə edilib.

Turkustan.info xəbər verir ki, məsələ ilə bağlı təqdimatla çıxış edən Tarixi Yerlərin və Abidələrin Mühafizəsi üzrə Beynəlxalq Şurasının (ICOMOS) nümayəndəsi 1979-cu ildən Dünya İrs Siyahısında olan Katmandu Vadisi mədəni irsi Katmandu vadisində yerləşən 7 ədəd tarixi budda abidəsindən və binadan ibarət olduğunu bildirib.

O qeyd edib ki, 2015-ci ildə Nepalda baş verən və çoxsaylı insan itkisi ilə nəticələnən zəlzələdən sonra bu abidələr ciddi ziyan görüb:

“Nepal hökuməti abidələrin restavrasiyası istiqamətində lazımı işlər görməyib və bu abidə Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına daxil edilməlidir”.

Müzakirələr zamanı Çin nümayəndəsi bu yanaşmanı düzgün hesab etmədiklərini bildirib:

“Restavrasiya və reabilitasiya vaxt tələb edir. Ona görə də biz 2021-ci ilədək Nepala vaxt verilməsini təklif edirik. Biz bu balansı təmin etməliyik. 2021-ci il real rəqəmdir. 2015-ci ildə baş verən zəlzələ Nepala ciddi ziyan vurub. Amma Nepal nümayəndəsi bu istiqamətdə işlər görüləcəyinə dair söz verməlidir. Bu, “qara siyahı”dır. Abidənin “qara siyahı”ya salınması Dünya İrs Mərkəzinin ruhuna uyğun deyil”.

İCOMOS nümayəndəsi bildirib ki, təhlükəli abidələr siyahısına daxil edilmək faciə deyil:

“Bu, üzv dövləti başqa seçim qarşısında qoymur. Təhlükə aradan qaldırıldıqdan sonra həmin siyahıdan çıxmaq mümkündür”.

Küveyt nümayəndəsi deyib ki, Katmandu Vadisinin təhlükəli irs siyahısına daxil edilməsinin tərəfdardır:

“Üzv dövlətdən xahiş edilir ki, o, beynəlxalq təşkilatlardan dəstək istəsin. İCOMOS və İCCROM monitorinq missiyasının keçirilməsi üçün üzv dövlət müraciət etməlidir. Üzv dövlətdən xahiş edilir ki, o, 6 illik planı həyata keçirsin”.

Qvatemala nümayəndəsi qeyd edib ki, Nepala əlavə vaxt vermək lazımdır.

Kuba nümayəndəsi də əlavə vaxt verilməsinin tərəfdarı kimi çıxış edib.

Qırğızıstan nümayəndəsi isə bildirib ki, təhlükə siyahısı mədəni irsin qorunması vasitəsi olmalıdır:

“Ancaq biz görürük ki, təhlükə siyahısı müsbət yox, əks nəticə verib. Təhlükə siyahısına daxil edilmək yerli hakimiyyətə səhv siqnal göndərəcək”.

Sessiyanın Təşkilat Komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev konsensus olmadığını bildirib. Ona görə də məsələnin müzakirəsinin təxirə salınmasını təklif edib.

Macarıstan nümayəndəsi bununla razılaşmayıb. O qeyd edib ki, gələn ilədək təxirə salınsa, bu məsələ açıq qalacaq:

“Ona görə də istəyirik ki, verdiyimiz təklif keçsin və Katmandu Vadisi təhlükəli vəziyyətdə olan siyahıya daxil edilsin”.

İndoneziya nümayəndəsi Nepala vaxt verilməsini dəstəkləyib. Küveyt nümayəndəsi müzakirələrin gedişi zamanı fikrini dəyişib və Nepala vaxt verilməsinin tərəfdarı kimi çıxış edib.

Azərbaycan nümayəndəsi də bu təklifi dəstəklədiyini bildirib.

İspaniya nümayəndəsi Katmandu Vadisinin təhlükəli siyahıya daxil edilməsinin lehinə çıxış edib.

Braziliya nümayəndəsi sədarətə müraciətlə deyib:

“Nəyə görə belə vəchlə istəyisiniz ki, biz bu abidəni təhlükəli siyahıya daxil edək?”

Bu suala cavab verən Dünya İrs Komitəsinin sədri Mextild Rossler təhlükəli siyahıya daxil edilməyin həmin sahənin müstəsna universal dəyərinin qorunmasına xidmət etdiyini vurğulayıb.

Müzakirələr həddən artıq uzandığı və konsensus olmadığı üçün sessiyanın sədri qərar layihəsini hazırlamaq üçün Çin, Avstraliya, Macarıstan, Norveç, Küveyt və Zimbabve nümayəndələrindən ibarət qrupun yaradılmasını təklif edib. Günün sonunda hazırlanacaq məsələyə yenidən qayıtmaq qərara alınıb.

Daha sonra sessiyada Pakistana məxsus, 1981-ci ildən Dünya İrs Siyahısında olan Lahor qalası və Şalemar bağlarındakı vəziyyətin, həmçinin Pakistanın tarixi Makli şəhərindəki abidələrin müzakirəsi başlayıb. Bu abidələr Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına daxil edilməyib.  /Axar.az/