Ça. İyl 16th, 2019

Qlobal dollar savaşı: Qalib kim olacaq?

ABŞ Çin və Avropanı valyuta müharibəsi ilə təhdid edib. 

Prezident Donald Tramp bildirib ki, Avropa və Çin öz valyutaları ilə manipulyasiya edir. Tramp buna cavab veriləcəyini vəd edib: “Çin və Avropa valyutaları ilə manipulyasiya etməklə məşğuldur. Səbəb ABŞ-la rəqabətdir. Biz də axmaq olmamalı, baş verənləri sadəcə, izləməməli və eyni şeyi etməliyik”. 

Maraqlıdır, valyuta savaşında qazanclı tərəf kim olacaq?

İqtisadçı-ekspert Elman Sadıqov “Cümhuriyət” qəzetinə bildirib ki, valyuta savaşında Amerikanın imkanları həm çoxdur, həm də məhduddur: 

“Dünyanın rezerv valyutası olan dollar Amerikanındır, bu, ölkənin imkanlarını genişləndirir. Hər bir dövlət valyutanın ucuzlaşdırılması məsələsində administrativ və yaxud monetar siyasətlə müəyyən tədbirləri görürlər. Məsələn, avronun indiyə qədər ucuz qalması Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Mario Draqinin ən böyük xidmətlərindən biridir. O, avronu ucuz saxlamaqla Avropa mallarını kifayət qədər rəqabətə davamlı etdi və ixracını stimullaşdırdı. Avropa bunu monetar siyasətlə, Çin isə adminstrativ yolla həyata keçirdi. Hər iki imkan Amerikada məhduddur. Amerika kimi dövlət bunu adminstrativ yolla edə bilməz, çünki ABŞ dolları sərbəst dönərli valyutadır və burada adminstrativ üsulla tənzimləmələr olmur. Trampın əlində əsasən iki alət var, birinci, faiz azalması, ikincisi isə, dövriyyəyə əlavə pulun buraxılması. Amerikanın əsas yollarından biri FES-in faiz azalmasına getməsidir. Eyni zamanda dövriyyəyə daha çox pul buraxacaqlar, bu da digər valyutalara nisbətən ABŞ dollarının qiymətini ucuzlaşdıracaq. Nəticədə Amerika malları daha ucuz olacaq ki, bu da ixrac potensialını artırır və Çinlə Avropa malları ilə rəqabət aparacaq”.

Ekspert onu da qeyd edib ki, başqa valyutalardan fərqli olaraq, ABŞ dolları dünyanın əsas rezerv valyutasıdır:

“Dolların ucuzlaşdırılması həm Avropanın, həm də Amerikanın investorları üçün problem yaradır. Məlum olduğu kimi, Amerika dünyada həm ən çox xarici borcu olan, həm də ən böyük istiqraz dövriyyəsinə malik olan dövlətlərdən biridir. ABŞ öz valyutasını ucuzlaşdırmaqla borclarını daha ucuz valyuta ilə ödəyə bilər ki, bu da onun üçün müsbət bir addımdır. Amma məsələnin mənfi tərəfi bundan ibarətdir ki, bu addım investorları Amerikadan çəkindirə bilər. Buna görə də məsələdə bu şəkildə ziddiyyətlər ortaya çıxır”.

Elman Sadıqov hesab edir ki, ABŞ-ın əlində olan digər bir rıçaq embarqodur: 

“ABŞ-ın geniş maliyyə imkanları olduğu üçün həm Avropanın, həm də Çinin aparıcı banklarına, maliyyə təşkilatlarına embarqolar qoya bilər. Burada çirkli pulların yuyulması və.s. səbəblər ola bilər. Yaxud da Amerika Avropada Çin mallarına tətbiq olunan gömrük rüsumlarını daha da artıra bilər. Bu istiqamətdə ABŞ-ın imkanları daha yüksəkdir və o, ticarət müharibələrini qızışdırdıqca Çin daha çox zərər çəkəcək. Bunu Çinin “Huavey” şirkətinin timsalında görmək olar.

ABŞ-ın haqlı olduğu məqamlar var. Çünki indiyə qədər güclü dollar nəticəsində digər dövlətlər öz ixraclarını genişləndirdilər, ABŞ-ın tədiyyə balansında isə mənfi saldo yarandı. ABŞ hər iki ölkənin maliyyə institutlarına və şirkətlərinə embarqolar tətbiq edə bilər. Əgər ABŞ proteksionist dövlət siyasətini daha da genişləndirərsə və ticarət müharibələrini dərinləşdirərsə, çox ciddi təlatümlərin şahidi ola bilərik”.   /Cebhe.info/