Ça. İyl 16th, 2019

“Arif Babayev dedi ki, Alim Qasımovu…” — Zabit Nəbizadə 31 illik SİRRİ AÇDI

ATV-da “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli xalq artisti, ustad xanəndə Arif Babayevə həsr edilmiş verilişdə gənc həmkarları onun barəsində maraqlı fikirlər səsləndiriblər.

Məlumata görə, xalq artisti Teyyub Aslanov A.Babayevin musiqi aləmində böyük nüfuza sahib olduğunu diqqətə çatdırıb:

“Arif Babayevdə xanəndəyə lazım olan hər şey var. Səs, boy-buxun, hörmət… Təsəvvür edin ki, o, hansı məclisə gedirsə, hər kəs ayağa qalxır. Bunun özü böyük nüfuz demədkir.  2007-ci ilə qədər heç vaxt Arif Babayevlə telefonda danışmamışam. 2007-ci ildə mənə əməkdar artist fəxri adı veriləndə çoxlu təbrik zəngləri gəldi. İlk təbrik edənlərdən biri də Arif Babayev idi. Bu özü özlüyündə bir sadəlikdir. Arif Babayev hardadır, Teyyub hardadır? Amma ona baxmayaraq zəng vurur, təbrik edir. Bu, həm də cavanlara böyük örnəkdir”.

Digər xalq artisti Zabit Nəbizadə isə sənətkar barədə danışarkən, 31 illik sirrin üstünü açıb:

“Burada bir sirr açmaq istəyirəm. Sənətə gəlişimdə ilk xeyir-duanı Arif Babayevdən almışam. İndiki kimi yadımdadır ki, 1988-ci il idi. Konservatoriyaya-Arif Babayevin yanına getdim. Bilmək istəyirdim ki, məndən xanəndə olarmı. Təxminən yarım saatlıq “Mirzə Hüseyn” segahı oxudum. Arif müəllim demədi ki, ay bala, bu uzunluqda oxuma, vaxtımı alırsan. Oxuyandan sonra tələbələrdən biri dedi ki, Arif müəllim, bu oğlan Alim Qasımovu yamsılayır. Doğrudan da mən 7-8 il Alim Qasımovu yamsılamışam. Arif Babayev dedi ki, Alim Qasımov boyda sənətkarı yamsılamaq da bir sənətkarlıqdır. Bəlkə də o söz olmasaydı, mən bu sənətə gəlməyəcəkdim. O vaxta qədər Arif müəllim bizim kəndə, rayona çox toylara gəlirdi. Mağarın kənarından ona həsədlə baxırdıq. Düşünürdüm ki, görəsən nə vaxtsa ona salam verə biləcəm?  Amma Allaha çox şükür ki, bu gün onunla bir kollektivdə çalışıram”. (olke.az)