Ça. İyl 16th, 2019

Gürcü inqilabı finala yaxınlaşır

İyunun 19-dan Gürcüstanda başlanan etiraz aksiyaları səngimir.

Getdikcə əhatə dairəsi böyüyən aksiyaların yekunda inqilabla nəticələnəcəyi istisna olunmur. Artıq etiraz aksiyalarına siyasi partiyalar da qoşulub. Belə ki, son yürüşdə müxalif “Avropalı Gürcüstan” və “Vahid Milli Hərəkat” partiyalarının liderləri və tərəfdarları da iştirak ediblər.

 Tbilisidə Gürcüstan parlamentinin binası qarşısından başlayan “Azadlıq yürüşü” hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahı qarşısında başa çatıb. Aksiyaçıların isə tələbi dəyişmir, onlar daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb edirlər. Qeyd edək ki, bundan əvvəl aksiyaçıların tələbi ilə Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze iyunun 21-də istefa verib.

Siyasi şərhçilər hesab edir ki, Gürcüstanda aksiyaların getdikcə daha da genişlənməsi, sonra inqilabla nəticələnə bilər. Digər tərəfdən aksiyaların bu qədər böyüməsində maraqlı qüvvələrin də olduğu deyilir. Xüsusilə də Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin aksiyaçılara dəstək verməsi, bu prosesində onun da maraqlı olduğunu göstərir. Ekspertlər iddia edir ki, Mixeil Şaakaşvilinin lideri olduğu partiya bu aksiyaların fonunda yenidən hakimiyyəti ələ almağı hədəfləyir.

Aksiyaçıların daha bir tələbi isə ölkədə parlament seçkilərinin keçirilməsi,  proporsianal sistemin bərpasıdır.  Qeyd edək ki, hazırda Gürcüstanda qarışıq, (majoritar və proporsional) seçki sistemi tətbiq olunur. Hazırkı Qanunvericiliyə görə, Gürcüstanda 150 yerlik parlamentə 77 nəfər proporsional, 73 nəfər isə majoritar sistem əsasında seçilir. Aksiyaçıların bu tələbi qarşısında hakim partiyanın sədri Bidzina İvanişvili geri addım atmağa məcbur olub. Belə ki, o, Gürcüstanda parlament seçkiləri 2020-ci ildə proporsional seçki sistemi üzrə keçiriləcəyini deyib. “2020-ci ildə parlament seçkiləri proporsional seçki sistemi üzrə sıfır seçki baryeri şəraitində keçirilməlidir” – deyə, İvanişvili partiyanın Şiyasi Şurasının iclasında deyib.

Politoloq Fikrət Sadıqov “Cümhuriyət” qəzetinə şərhində Gürcüstanda baş aksiyaların hakimiyyət dəyişikliyinə səbəb olacağını deyib: “Çox təəssüflər olsun ki, qonşu Gürcüstanda belə bir hadisələr baş verir. Bu, özü-özlüyündə stabiliyyə zərbə vuran və bizi narahat edən hadisələrdir. Çünki Gürcüstan bizim yaxın partnyorumuzdur. İstəməzdik ki, belə hadisələr yaxın Gürcüstanda baş versin. Amma reallıq odur ki, Saakaşvilini devirən qüvvələr, vədləri yerinə yetirə bilmədilər. Bunun fonunda onun  tərəfdarları və digər qüvvələr fəallaşıb. Sadəcə olaraq, Saakaşvili vəziyyətdən istifadə edərək hakimiyyətə gəlməyə çalışır. Burada söhbət çevrilişdən gedə bilməz. Burada hansısa qüvvələrin hakimiyyətə gəlməsindən söhbət gedir. Yəni burada həm Saakaşvilinin partiyası gündəmdədir, həm də digər müxalif partiyalar özləri haqqında bəyanatlar verir. Vəziyyətlə bağlı xalqı mitinqlərə sürükləndirən qüvvələr də elə onlardır”.

F.Sadıqov əlavə edib ki, Gürcüstanda baş verən hadisələr regionun təhlükəsizliyinə təsir göstərən amilə çevrilə bilər: “Etiraz edənlər Gürcüstanda parlament seçki sistemini dəyişmək, tam olaraq proporsianal sistemin bərpa olunmasını istəyirlər. Çox güman ki, bu baş versə, müxalif partiyalar parlamentdə çoxluq təşkil edə və hökumətin tərkibinə daxil ola bilər. Beləliklə də, öz niyyətlərinə çata bilərlər.

Əsas məsələ isə ondan ibarətdir ki, xarici qüvvələr bundan istifadə edərək, Gürcüstanda stabilliyi pozmaq istəyirlər və bunu da əslində, edirlər. Gürcüstanın müxalif qüvvələri, partiyalar bunu başa düşməlidirlər. Çünki onların müdaxiləsi nəticəsində bu qalmaqallar gündəmə gəlib. Düşünürəm ki, sağlam düşüncələli gürcü siyasətçiləri bütün bunları düşünüb, təhlil edib bir nəticə çıxarmalıdırlar. Çünki əks halda, bu qeyri-stabil vəziyyət davam edəcək və regionun təhlükəsizliyinə təsir göstərəcək”.   /cebhe.info/