Ça. İyl 23rd, 2019

Tanınmış iqtisadçıdan DOLLARLA BAĞLI vacib açıqlama: “İlin sonunda…”

“Lari büdrədi, manatın taleyi necə olacaq?”

İqtisadçı ekspert Vüqar Bayramov son günlərin ən aktual məsələsinin bu sual olduğunu qeyd edib.

Ekspert Gürcüstanda baş verən hadisələrin milli valyutaya təsirindən bəhs edib:

Vüqar Bayramovdan DOLLARLA BAĞLI vacib açıqlama: "İlin sonunda..."

“Bu, son günlər bizə ən çox müraciət olunan sualdır. Gürcüstanda artıq 1 dollar almaq üçün 2.87 lari ödəmək lazımdır. Düz bir il əvvəl Tbilisidə 1 dollar 2.4 lariyə dəyişdirilirdi. Bu o deməkdir ki, son 1 ildə lari 17 faiz dəyər itirib. Gürcüstana ildə 1.5 milyon turist göndərən Rusiyanın gürcü mallarının idxalını əngəlləcəyi təhlükəsi lariyə təzyiqi artırır. İki ölkə arasında gərginliyin artacağı halda larinin daha da ucuzlaşacağı istisna olunmur.

Gürcüstan Azərbaycanın qeyri-neft ixracatında ilk üçlüyə daxil ola bilməsə də, ən çox neft olmayan məhsullarımızı göndərdiyimiz 4-cü ölkədir. Azərbaycan 2018-ci ildə qonşu ölkəyə 124,5 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib. Bu, 3-cü ən çox qeyri-neft məhsulu göndərdiyimiz İsveçrədən cəmi 11 milyon az ixrac deməkdir. Gürcüstanla illik ticarət dövriyyəmiz isə ötən il əvvəlki illə müqayisədə 5 faiz artaraq 579 milyon dollara çatıb. Tranzit əməkdaşlığı da bura əlavə etsək, əminliklə qeyd etmək olar ki, Gürcüstan Azərbaycan üçün vacib iqtisadi tərəfdaşlardandır”.

V.Bayramov bildirib ki, larinin ucuzlaşması manata psixoloji təsir etməkdədir: “Artıq bir sıra valyuta dəyişmə məntəqələrində dolların alış kursu çox cüzi olsa da bahalaşıb. Bir sıra banklarda 1 dolları 1.7007 manata təklif edilir. Doğrudur, neftin qiyməti Mərkəzi Bank üçün məqbul səviyyədədir. Artıq neftin 1 bareli 67 dollardan baha satılır. Bununla belə, qonşu ölkələrin milli valyutalarının ucuzlaşması bizim valyuta bazarımıza təsirsiz ötüşmür”.

Ekspertin fikrincə, yenə də Mərkəzi Bankın mövqeyi həlledicidir: “Güman olunur ki, manatın məzənnəsinin necə dəyişməsi birbaşa baş bankın mövqeyindən asılı olacaq. Bununla yanaşı, bu ilin avqust və dekabr aylarında dollara tələbin yenidən artacağı gözlənilir. Belə ki, avqustun ikinci yarısı və sentyabrın əvvəli idxal olunan məktəb ləvazimatlarına tələb artıdığına görə dolların alışı yüksəlir. İlin sonunda da idxal və xarici turist səfərlərinin sayı artır. Dövlət və özəl müəssisələrin xarici borc öhdəlikləri var və bu da dollara tələbi artır. O baxımdan, biz yenidən ilin sonunda dollara tələbin artacağını proqnozlaşdırırıq. Bu baxımdan, Mərkəzi Bank dollar təklifini aylar üzrə optimallaşdırmağa çalışmalıdır”.