Be. Sen 16th, 2019

“Yanıq Kərəmi” şair Rəşad Məcidin bədii fəlsəfəsində

“Yanıq kərəmi” saz havası haqqında iki şeir yazıldığından xəbərim var. Şeirin birini Ədalət Nəsibovun özünün “Yanıq kərəmi” ifa etdiyi videosunda öz müşaiyətilə musiqili bədii qiraətində dəfələrlə dinləmişəm. Üçüncü bir şeiri Rəşad Məcidin ( “Bir də gəlməyəcək…”) şeirlər kitabında oxudum, eyni zamanda şairin Ədalət Nəsibovun “Yanıq Kərəmi” ifasına həsr etdiyi şeirin də söz qüdrətini gördüm. Rəşad Məcidin “Dilləndi Yanıq Kərəmi” şeirinə bir ədəbi nəzəri yanaşma edək. Bəli, bu şeirdə “Yanıq Kərəmi” saz havası bədii təsvir vasitələri ilə fəlsəfi estetik məqamlardan keçməklə insanı dərin-dərin düşündürür, xalqın nisgilli keçmişi, indiki nisgilli durumu semantik (sətiraltı) konteksdə təqdim olunur. Fikirimi şeirə nəzəri yanaşma ilə təqdim etsəm, daha anlaşıqlı olar.

Birinci bənddə:
Bir hüznlü ahdı o səs, -metonimiya
Çeşmə olub axdı o səs. -metonimiya
Pillə-pillə qanadlanıb -metafora
Şimşək kimi çaxdı o səs – -təşbeh
Dilləndi “Yanıq Kərəmi”. -metonimiya
Misraların sonunda “o səs” epifora kimi şeirdə alliterasiya yaradır, söz təranəsi əks etdirir. Poetika baxımından səkkiz hecalı misralar: “ölçü-vəzn-janr”, “ritim”, “bədii lövhə”lər dialektik təqlidə cavab verməklə eridusiya (intellectual) təsiri yaradır. Qeyd edim ki, “hüzn”-hüzün kimi səslənir və birinci misrada yeddi heca sonrakı səkkiz hecalı misralarla eyni ahəngə xidmət edir…

İkinci bənd:
Bir alovdu, yana-yana -təşbeh
Axdı cana, keçdi qana. -metafora
Kül eləyib dağı-daşı,
Od ələdi bu cahana – -təşbeh
Selləndi “Yanıq Kərəmi”. -metonimiya
Bu ikinci bənddə şair sazın sinəsindən qopan ecazkar əks-sədanın mifik gücünü: “kül eləyib dağı-daşı” çox yüksək dialektik təqlidlə tərənnüm etmişdir; Od-alovla müştərək sifət səsin təşbeh (bənzəyən və bənzədilən) vasitəsilə verilməsi insanda güclü estetik emosiya yaradır. “Selləndi Yanıq Kərəmi” misrasında metonimiya-məcaz hadisənin ümumilikdə heyranedici-möcüzəli-ecazkar səs axını kimi bir harmoniya təsiri bağışlamasını göz önünə gətirir…

Üçüncü bənd:
Min illərin savaşıdı,
El ahı, el yaddaşıdı. -təşbeh
Nakam eşqin yol yoldaşı
Dərdin bağrı badaşıdı – -təşbeh
Vətəndi “Yanıq Kərəmi”. -metonimiya
Bu üçüncü bənddə şair mənsub olduğu xalqın dərd-sərini, “min illərin savaşı”nı- mövcudluğunu, dövlətçiliyini qorumaq üçün apardığı mübarizəni təxəyyülündən keçirir, öz yanğılarını da saz havasına qoşur: “Vətəndi “Yanıq Kərəmi” misrasında semantik anlayış belədir ki, şair Azərbaycan vətəndaşlarını bu müqəddəs məkanımızı qorumağa səsləyir…

Dördüncü bənd:
Harayından qaçdı ölüm,
Atəşində heçdi ölüm. -metafora
Sən dinəndə bu dünyadan
Baş götürüb köçdü ölüm, -metonimiya
Nədəndi, “Yanıq Kərəmi”?
Dördüncü bənddə şair bütövlükdə bir semantika toplusu təqdim etməklə, epiforada (ölüm) xeyirin şərə qalib gəlməsini canlandırır. Şair sonluğu bədii sualla-“Nədəndi “Yanıq Kərəmi”?- deməklə göstərir ki, insanın haqqı anlayan duyğuları qaynayarsa, qarşısında haqsızlıq heçdir…
Müraciət etdiyim “Dilləndi “Yanıq Kərəmi” şeiri bütövlükdə aşağıdakı kimidir.

DİLLƏNDİ “YANIQ KƏRƏMİ”

Bir hüznlü ahdı o səs,
Çeşmə olub axdı o səs.
Pillə-pillə qanadlanıb
Şimşək kimi çaxdı o səs –
Dilləndi “Yanıq Kərəmi”.

Bir alovdu, yana-yana
Axdı cana, keçdi qana.
Kül eləyib dağı-daşı,
Od ələdi bu cahana –
Selləndi “Yanıq Kərəmi”.

Min illərin savaşıdı,
El ahı, el yaddaşıdı.
Nakam eşqin yol yoldaşı
Dərdin bağrı badaşıdı –
Vətəndi “Yanıq Kərəmi”.

Harayından qaçdı ölüm,
Atəşində heçdi ölüm.
Sən dinəndə bu dünyadan
Baş götürüb köçdü ölüm,
Nədəndi, “Yanıq Kərəmi?”
Hörmətli şair Rəşad Məcidə bir daha can sağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayıram!

Mahmud Əyyub
AAB-nin üzvü.

Paylaş: