Şb. Dek 7th, 2019

Ulu Turan şairi Rüstəm bəy Behrudi (Bührüdlü) – Aydın Mədətoğlu yazır

Qəlbində böyük bəşəri duyğuları, Turançılıq və Türkçülüyü yaşadan, Turançılığın və Türkçülüyün əvəzsiz nəğməkarı, yaradıcılığı heç kəsə bənzəməyən, sözün həqiqi anlamında filosof-şair olan Rüstəm bəy Behrudini 40 ildir ki, yaxından tanıyıram. 

Bu 40 ildə Rüstəm bəy fiziki və əqli baxımdan mərhələ-mərhələ böyüyüb bu anda gördüyümüz 60 yaşlı, ulu Tanrının millətimizə bəxş etdiyi müdrik şairi Rüstəm Behrudi olub.

Ədəbiyyatımızın “Əqidə şəhidi” Hüseyn Cavid bəy əfəndi, «Əqidə şairi» isə Rüstəm bəy Behrudidir. Doğrudur, ədəbiyyatımızda Əlibəy Hüseynzadə, Ziya Göyalp, Hüseyn Cavid, Cəfər Cabbarlı, Əhməd Cavad, və s. kimi Türkçü, Turançı şairlərimiz olub. Lakin onların yaradıcılığında bu mövzular, xüsusilə Turançılıq  Rüstəm bəy Behrudidəki kimi davamlı və əhatəli olmayıb. Bu ədəbi şəxsiyyətlərdən fərqli olaraq Rüstəm bəyin yaradıcılığının başlanğıcı da, ortası da, sonu da «Vətən» dediyi Turandır. Rüstəm bəy şerlərində tarixi türk-Turan düşünürlərinin, qəhrəmanlarının ruhlarını çağırır, onların ruhlarını danışdırır, onları oxucularına olduğu kimi tanıtdırır.

Şair şeirlərində söz-söz, misra-misra Ulu Turanın sərhədlərini cızır. Rüstəm bəyin sevinci də, kədəri də, olumu da, ölümü də Turandır. O, bu yolda dönməzdir. Turan yolunda şair ölümə belə hazırdır. Ucsuz-bucaqsız Turan elləri şairin içindədir.

Rüstəm bəyin fəlsəfi düşüncəsində Turan və onun ədəbi sahibi Türk yenidən yoğrulmalı, yenidən doğulmalı, yenidən oluşmalıdır ki, «Vətən» dediyi Turan bir torpağa yerləşsin.

Şairin taleyi həm də bugünkü Turanın və onun əzəli sahibi Türkün taleyidir. Şair milləti ilə bərabər, Turanın da parça-parça olmuş,  ayrı-ayrı dövlətlərin tərkibində qalmış, hərəsinə bir qondarma ad qoyulmuş Türkün və Turanın ayrılığının əzabını yaşayır. Onun şeirlərində «Vətən dediyi» Turan, millət dediyi Türk boyda ayrılıq var.

Rüstəm bəy yaradıcılığa başladığı gündən kommunist rejiminin ağır təzyiq və təhdidlərindən çəkinmədən Turan ideyasını və Türk millətçiliyini qabarıq şəkildə ortaya qoyan nadir sənətkarlardandır. Hüseyn Caviddən sonra uzun müddət gündəmdən çıxarılan və unudulan Turan məfkurəsi XX əsrin 80-ci illərindən başlayaraq Rüstəm bəyin şeirləri ilə yenidən həyata qayıtdı.

Rüstəm bəy yaradıcılığa ilk qələm qoyduğu andan günümüzədək ulu Türk ruhunun keşikçisi, atəşin təbliğatçısıdır. Şairə görə, Türkün qibləsi Tanrı Dağı, real qəhrəmanları Türkün «atası» sayılan, II Böyük Turan İmperatorluğunun yaradıcısı Oğuz Xaqan, Böyük Hun İmperatorluğunun yaradıcısı Mətə xan, Qərbi Hun İmperatoru Atilla, əzəmətli Göy Türk İmperatorluğunun qurucusu Bilgə Xaqan, 40 Türk igidi ilə nəhəng Çin İmperiyasını sarsıdan Gürşad və Ulu Türk ellərini bir bayraq altında birləşdirib Turanı yenidən yaradan Əmir Teymurdur. Şairin anlamında bu qəhrəmanlar sevgidən və inamdan da ucadırlar.

Rüstəm bəy öz şeirləri ilə keçmişin, bugünün, gələcəyin fövqündə yaşayan şairdir. Onun şeirlərində dünən, bu gün, sabah vəhdətdədir. Şairin fəlsəfəsində həm də dünənin, bugünün, sabahın fövqündə duran ruh vardır.

Əslində Rüstəm bəy bir ruh şairidir. Şair Şamanizmə dayanan ruhu ilə Göy Tanrıya və Turana doğru yol alır.

Rüstəm bəy öz ruhunu dinləyən və onun söylədiyini söyləyən şairdir. Şaman Rüstəm bəyin şeirlərində ən mühüm obrazlardan biridir. Əslində bu «şaman» elə şairin özüdür. O da Şaman kimi Türkün yüksəlişinə, Turanın əbədi yaradılışına, taleyinə dualar, ilahilər oxuyur:

«Şaman kimi sözlərdən

Mən tale toxuyuram.

Hər gecə Göy üzünə

Mən dua oxuyuram.

…Ürəyimdə səksəkə, ruhumda bir zəlzələ:

-İlahi, bu milləti yox olmaqdan hifz elə!»

Şairə görə, türk göydən gələn ruhdur. İnam da, İman da Türkün adından gəlir.

Rüstəm bəyin poeziyasında Türklərin mifik təfəkkürünün məhsulu olan Boz Qurd şairin ruhunun aparıcı  ünsürüdür. Onun şeirlərində Boz Qurd bu gün də diridir. Əslində Rüstəm bəyin şeirlərində Boz Qurd şairin özüdür.

Rüstəm bəyin şeirlərinin ana ruhu təkcə türkün  bugünkü məzlum durumu deyil, həm də keçmiş əzəmətli tarixindən gələcəyə uzanan məfkurədir.

Rüstəm bəy ruhunu şeirlərinə köçürmüş ölümsüz şairdir. Axı, ruh ölməzdir.Onun yaradıcılığı bu baxımdan öz parlaqlığı ilə kəsərliliyi ilə bütün müasirlərindən seçilir.

Rüstəm bəy şair-filosofdur. Bu onun İnsan-İblis-Tanrı üçlüyündə daha qabarıq görünür. Şair bu vaxtadək heç bir sənətkarda rast gəlinməyən Tanrıya müraciətlə belə bir fəlsəfi fikir irəli sürür ki: «Ey Tanrım! Məni Səninlə şeytan arasında araçı qıl.

Barışdır yeri göy ilə

Barışdır hər şeyi, görüm

Necədi düşmənsiz yaşamaq

Heç nə sürməz sonsuzadək

Barışdır Xeyri Şər ilə

Tanrım, özün də dön barış

Yaratdığın bəşər ilə.

Şair şeirlərində insanların qəlbindən iblis xofunu çıxarmaq üçün onu adiləşdirməyə çalışır. Şair göstərir ki, bəndələr iblis olmağa iblisdən daha çox can atırlar. İblisə xidmət edən belə adamlar iblisdən daha çox qorxuludurlar. İblis də Tanrı kimi təkdir. Lakin hər bir insanın içində bir iblis var.  Şair söyləyir ki, mənim də içimdə bir iblis var. Fəqət mən o iblisi mələyə çevirmişəm.

Rüstəm bəy həm də istedadlı publisistdir. Onun publisistikasının əsasını ictimai-fəlsəfi və mənəvi fikirlər təşkil edir. Ounun publisistikası da şeirləri kimi axıcıdır. Şairin istər publisistik yazıları, istərsə də esseləri tam mənası ilə bədii və obrazlıdır.

Ümumiyyətlə, Rüstəm Behrudinin yaradıcılığının ana qayəsi ən qədim Türk ruhunun günümüzlə çulğalaşması və Türk dünyasının siyasi-mənəvi bütövlüyü təşkil edir.

«Ürəyində minarəsi kədərdən yapılan bir Allah evi» olan şairin o Allah evinin divarlarına öz şaman dualarını yazmaqdan başqa heç bir işi yoxdur.

Tanrı, Ruhuna yeni-yeni işıq, nur salsın, bədəninə o ali ruhu daşıya biləcək sağlıq, qələmini sıxı tuta biləcək barmaqlarına qüvvət versin.

Sən ulu Türk millətinə hələ çox gərəksən. Ömrün uzun olsun!

Aydın Mədətoğlu

“Türküstan” qəzeti

Paylaş: