Ç. Sen 18th, 2019

Ağ Evin müharibə axtarışı

Son vaxtlar ABŞ müəmmalı addımlar atmağa başlayıb. Vaşinqton  Avropada müharibə hazırlığını araşdırır. Daha dəqiq desək, ABŞ-ın Müharibə Logistika Agentliyi beş Avropa ölkəsinin — Belarus, Ukrayna, Moldova, Finlandiya və Polşanın mövcud infrastrukturunun müharibə dövrünün şərtlərinə nə dərəcədə uyğun gəlməsi və hərbi hazırlığının vəziyyətini öyrənir. Belə görünür ki, ABŞ dünyada müharibə axtarır. Bunun üçün səfərbər olunub. Amma siyasi ekspertlərin fikrincə, ABŞ dünyada sadəcə özünün güc strukturunu sübut etmək və nümayiş etdirmək üçün qarşısındakı müəyyən hədəfləri aşmağı nəzərdə turub. 

Siyasi şərhçi Natiq Miri Cebhe.info-ya açıqlamasında deyib ki, burada hədəf ABŞ Avropada və ya hansısa bölgədə müharibə axtarması deyil: 

“Trampın prezidentliyindən sonra yeni dönəmdə ABŞ yenidən təkqütblü dünyanı bərqərar etmək və hegemon tək güc olmasını bərpa etmək istəyir. Bu yöndə ABŞ-ın hərbi büdcəsi dəfələrlə artırılıb. Xüsusilə də nüvə raketləri sahəsində ən müasir raket sistemlərinin yenidən istehsal olunmasından tutmuş kosmik avadanlıqlara qədər bütün məsələlər  gündəmə gətirilib və bu yöndə artıq strateji qərarlar da verilib. ABŞ demək ki, öz hegemonluğunu bərpa etmək üçün yalnız  hərbi gücü artırmağı qarşısına hədəf qoyub. Ona görə də bu kondeksdə ABŞ üçün təhlükə, təhdid olan ölkələrin, eyni zamanda hətta özünün NATO üzrə müttəfiqlərinin də hərbi gücünü araşdırmağa başlayıb. Bundan əlavə, müharibə təhlükəsi olan bölgələrin təbii ki, araşdırılması bu prosesə daxildir. Avropa ölkələrində aparılan hərbi araşdırmalar da bu böyük planın tərkib hissəsi kimi görünür. Yəni, bu, təkcə Avropa ölkələri ilə məhdudlaşacaq məsələ deyil. Təbii ki, hədəfdə bu gün ABŞ üçün təhdid təşkil edən Rusiya, Çin,  İran  və bu yöndə olan bir çox ölkələrin hərbi potensialı araşdırılır. Yeni bir müharibənin başladığı təqdirdə hansı ölkələrin hansı güclə iştirak edə biləcəyi potensialı da araşdırma mövzusudur”.

Natiq Mirinin fikrincə, qeyd olunan məsələlərin hamısı yeni bir savaş üçün deyil: 

“Sadəcə ABŞ yenidən dünya dövlətləri üzərində alternativsiz hərbi gücünü bərpa etmək üçün mütləq mənada həm öz tərəfdaşları, həm də rəqblərinin hərbi potensialını araşdırmaq məcburiyyətindədir. Aparılan proses də təxminən bu planın tərkib hissəsi kimi dəyərləndirilməlidir”.

 

Paylaş: