Be. Sen 16th, 2019

Əbədiyyət üfüqlərində doğmuş eşq günəşi… İmadəddin Nəsimi – 600

Aynurə Əliyeva

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti 

2016-2017-ci illərdə Yunesko–nun yubileylər proqramı çərçivəsində təşkilatın baş qərargahında Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin qeyd edilməsinə dair təklifləri qəbul olunub. Qazaxıstan, İran, Türkiyənin dəstəyi ilə ölkəmizin təklifi əsasında böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin (1369-1417) vəfatının 600 illik yubileyi qeyd ediləcək. Sonuncu yubiley təklifi Almaniyanın dəstəyi ilə Azərbaycan və Gürcüstan tərəfindən birgə təqdim edilib. Azərbaycanın dahi yazıçısı İmadəddin Nəsiminin məzarı Suriyada yerləşir. Hazırda Suriyada baş verən hadisələr nəticəsində şairin məzarının hansı vəziyyətdə olduğu məlum deyil. Onun vəfatının yubileyinin qeyd edilməsi 600-il bundan öncəki dövrə tarixi ekskursiya məqsədi daşıyır. Bununla bağlı müvafiq qərar YUNESKO-nun baş konfransının 38-ci sessiyası çərçivəsində qəbul olunub. Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileyinin qeyd edilməsininin YUNESKO tərəfindən qəbul olunması Mədəniyyət və Turizm Nazirliyiyi və YUNESKO yanında Daimi Nümayəndəliyimizin birgə fəaliyyəti nəticəsində mümkün olur.

 İnsanpərvərlik və azadlıq nəğməkarı – Nəsimi

Adı dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsimi zəngin irs qoymuşdur. Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi (1369-cu il, Şamaxı-1417-ci il, Hələb)-azərbaycanlı şairi, mütəfəkkir. Nəsimi klassik Azərbaycanın ustad şairidir. O, doğma dilimizdə sanballı əsərlər yaradan ilk sənətkarlardandır. “İmadəddin Nəsimi” adı ilə məşhurdur. Orta əsirlərdə Şamaxıda zəmanəsinə görə qüvvətli təhsil verən mədrəsələr var idi. Nəsimi bu mədrəsələrdə mükəmməl təhsil almış, ana dilindən başqa, ərəb və fars dillərini, riyaziyyat astronomiya, təbiət, fəlsəfə, məntiq elmlərini öyrənmişdir. Nəsimi gözüaçıq bir ailədə yetişmiş, peşəkarların, xırda sənətkarların mühitində təlim-tərbiyə almışdır. Şəhər zəhmətkeşləri mühitinə yaxın olması şairin tərbiyəsində, onun dünya görüşünün formalaşmasında çox əhəmiyyətli olmuşdur. Doğrudur, Nəsimi islam dininin hökmran olduğu bir dövrdə yaşayıb-yaratmışdır, ancaq şəhər zəhmətkeşləri içərisində böyüməsi onu xalq həyatına, zəhmətkeş insanların mühitinə yaxınlaşdırmışdır. İlkin şeirlərini məşhur sufi Hüseyin Həllac Mənsurun şərəfinə, şairin öz müəlliminə ehtiram və yaxınlıq əlaməti olaraq “Nəsimi” və “Hüseyni” təxəllüsü ilə yazan Nəsimi XIV əsrin sonlarından Azərbaycanda geniş yayılan “Hürufi” sufi təriqətinə qoşulmuş və təriqətin qurucusu təbrizli Fəzullah Nəiminin şərəfinə özünə “Nəsimi” təxəllüsünü götürmüşdür. Nəsimi qısa zamanda hürufiliyin nəinki Azərbaycanda, həmçinin Misir, İraq, İran və Anadoluda ən tanımmış simalarından birinə çevrilmiş, şeirləri dildən-dilə düşmüşdür. Hürufiliyin siyasi təhlükəsindən qorxan Teymuri hakimiyyəti 1394-cü ildə F. Nəimini edam edir. Müəlliminin edamından dərin sarsıntı keçirən Nəsimi onun vəziyyətinə əsasən təriqəti yaymaq üçün Təbrizə, oradan da Anadoluya gedir. Əngin batini fikirləri təbliğ etməsi Nəsimini daim təqiblərə məruz qoyur. Bunun nəticəsi olaraq o, 1417-ci ildə həbs edilir və Suriyanın Hələb şəhərində edam olunur. Şairin məzarı da Hələb şəhərindədir. Şeirlərinin təməl anlamını İslam təsəvvüfünün vəhdəti-vücud ideyası və ilahi eşq təşkil edən Nəsimi fars, ərəb, Azərbaycan türkcəsində mükəmməl şeir nümunələri ortaya qoymuşdur. Onun şeirləri bütün türk xalqları ədəbiyyatına və bütövlükdə klassik şərq poeziyasına ciddi təsir göstərmişdir. Nəsimi ana dilində ilk dəfə müstəzad, mürəbbe, tərcibənd nümunələri yazmış, rübai və tuyuğlarında sadə xalq dilindən istifadə etmişdir. Onun şeirlərində istifadə etdiyi dərin təsəvvüfi düşüncəsi sonralar bir çox böyük mütəfəkkürə təsir göstərmişdir. Klassik şairimizin odlu poetik nəfəsindən hərarət saxlayan qaynaqlardan biri də XVI əsrdə Aşıq Çələbi tərəfindən tərtiblənmiş “Məşairüş–şüara” adı ilə tanınan təzkirədir. Nəsiminin olduqca enerjili, üsyankar (və mükəmməl) poetik “Mən”i vardır, və nəinki Azərbaycan, ümumən türk xalqları (bəlkə də dünya!) poeziyasında bu qədər parlaq, həcmli, dərin (ilahi!) məzmunlu ikinci bir şair “mən”i olduğunu təsəvvür etmək çox çətindir. Ömrünün sonuna qədər heç bir tərəddüd etmədən “Ən əl-həq” deyənlərin yolu ilə getmiş (və bu  yolda edam olunmuş, dərisi soyulmuş) dahi şair-mütəfəkkirin, sufizm-hurifizm təbliğatçısının “mən”i haqqında ən papulyar, kütləvi məlumat, ilk növbədə onun məhşur şeirlərində ifadə olunur.

Poeziyamızın fatehi

Nəsimi VIII əsri-hicrinin son yarısında doğma yurdu Azərbaycanda sakin idi. O zaman bu yerdə hökmranlar Əmir Teymur, Şahrux mirzə və Miranşah idi. Nəsimi Miran şahın zamanında vətənini tərk etməyə məcbur oldu. Buna da Şah Fəzlullahın Miranşahın əmri ilə öldürülməsi səbəb oldu. Cahil üləmanın fitvaları ilə Miranşah Şah Fəzullahı Şirvandan götürdərək öldürtdü. Nəsimi isə ya ələ keçməmək və yaxud təbliğat aparmaq üçün səyahətə çıxdı. Əsnayi-səyahətində bir çox yerə, əz cümlə Türkiyəyə və Hələb məmləkətinə uğradı. Hələb məmləkəti o zaman  müluki-çərakisə əlində  idi. Hər  bir zaman məsləkinə rəvac vermək üçün şeirləri ilə təbliğat və təşviqat aparan Nəsimi yad ölkələrdə heç bir şeyi nəzərə almayaraq yoluna davam edirdi, avam xalqın etiqadına müxalif və idrakına sığmayan şeir söyləyirdi.

                Məndə sığar iki cahan, mən bu cahana sığmazam,

                Gövhəri-laməkan  mənəm, kövnü məkanə sığmazam.

               

                Ərş ilə fərşü kafü nun, məndə bulundu cümlə çün,

                Kəs sözünü və əbsəm ol, şəhrü bəyanə sığmazam.

İmadəddin Nəsiminin həyat və yaradıcılığını məktəblilərə tanıtmaq məqsədilə kitabxanaçı bir sıra məktəblərdə olub, sərgi təşkil edib, şair haqqında “Ağla və qəlbə işıq saçan şair” adlı   söhbət keçirə bilər.  Söhbətin əvvəlində kitabxanaçı şair haqqında qısa məlumat verir. Sonra isə oxucularla Nəsiminin insana, sözə verdiyi dəyər haqqında müzakirə aparılır.

Böyük şair Nəsimi insana olduqca  yüksək dəyər verir, insanı ən ali varlıq hesab edir. Onun fikrincə insan sifətinin Allah qələmi ilə çəkilən gözəlliyini tərifləyir və ənəlhəqq (mənəm Allah) deyən fədakar sufilərin bu məhşur şüarını sözün həqiqi mənasında deyil, məcaz kimi qəbul edir. O, insanı ülviləşdirir. İnsana səcdəyə gəlməyən mələk bu ilk insanın fəzilətlərindən xəbərsizmiş.

                               Səcdəgah etmişdi eşq əhli qaşın mehribanı,

                               Qılmadan xeyli məlayik səcdeyi-Adəm hənuz.

Nəsimi poeziyasının leytmotivi insandır; zəkalı, kamil, gözəl insan; öz amalından dönməyən, mübariz, haqq, həqiqət yolunda canından keçməyə hazır olan mərd, doğruçul, sadiq, vəfalı insan! Nəsimi öz şəxsində insanın bəşəri keyfiyyətlərini açır, onu mənalandırır, poetik səviyyəyə yüksəlir. Şairin fikrincə insan bütöv bir aləmdir, insan  kainatdır.

    Mən mülki-cəhan, cəhan mənəm, mən,

    Mən ərşi –məkan, məkan mənəm, mən.

Lakin insan bundan daha böyükdür, o kainata  da sığmır… İnsana, şəxsiyyətə aid bütün bəşəri keyfiyyətlər şairin gözəllik aləminə daxildir, onun təsvir hədəfidir. Haqqın, həqiqətin tərənnümü Nəsiminin şəxsiyyəti ilə poeziyası arasında bir vəhdət, bağlılıq, həmahənglik yaradır. Nəsimi fitrətən haqq, həqiqət aşiqi idi. Buna görə, hər şeydən əvvəl; həqiqət olan insanın sözü də həqiqət olmalıdır: Bu keyfiyyətlər Nəsimidə onun poetik amalı kimi səslənir.  

                 Cümlə həqdir, hər nə kim, mövcud imiş,

                Həqqə  sacid, həqqə hər məscud imiş.          

Əsl böyük həqiqət isə insandır, insanın mövcudluğudur. Haqq, həqiqət özü də ancaq insanla bağlı keyfiyyətdir, insana məxsusdur, bəşəridir. Belə olan surətdə insan həqiqətin keşiyində durmalı, mövcud aləmin sahibi, habelə haqqın, ədalətin başçısı-allahı olmalıdır:                               

Ey könül, həq səndədir, həq səndədir,

Söylə həqqi kim, ənəl-həq səndədir.

Və ya:

Bulmuşam həqi, ənəl-həq səndədir,

Həq bənəm, həq bəndədir, həq söylərəm.

Böyük şair, filosof İmadəddin Nəsimi dərin, sarsılmaz inam və işıqlı ideal sahibi olub. Sözün böyük mənasında heyrət doğuran cəhət budur ki, Nəsimi öz həqiqətini, öz “ənəlhəq” ini yalnız poeziyasının qüdrəti ilə deyil, şəxsi dönməzliyi, fədakarlığı  ilə-əfsanələrə çevrilmiş, mərdanə və amansız ölümü ilə təbliğ və təsdiq etmişdir.

 “Doğru söz doğrulara acı deyil”, “Qövli yalançı ilə olma müsahib, çək əlin…” Altı yüzillik bir zaman məsafəsini qət edib gələn bu müdrik hökmlər böyük Nəsiminin köhnəlmək, unudulmaq bilməyən həyat qənaətidir. Söz insanın mənəvi dayağı, zövqü, səfasıdır, ləyaqəti, şöhrəti, şanıdır. Əbəs yerə deyil ki, söz, sözün bu qüdrəti bizim Nizami, Füzuli, Xətai, Nəsimi kimi söz ustadlarımızın  mövzusu olmuş, onlar söz  haqqında ölməz şeirlər demişlər. Nəsiminin “Söz” rədifli şeiri ana dilində yazılmış söz haqqında ilk şeirdir. Şeirdə sözə, söz sənətinə yüksək qiymət verilir; çünki söz, nitq insanın ilk zəruri keyfiyyətidir:

                Dinləgil bu sözü ki, candır söz,

                Aliyi-asiman məkandır söz.

                Şeş cəhətdən münəzzəh anla və baq,

                Şeylə kim xaliqi-cahandır söz…

Şairin təsvirincə söz dünyanın bəzəyidir; dünyada söz qədər füsünkar, söz qədər ali, söz qədər cahanşümul bir nemət yoxdur, söz “tərcümandır”, söz “könüldə candır”, söz “payəkandır”, söz   “asimandır”, söz “sahib zəmandır” və s. Söz insana həyat verir, söz həqiqəti aşkar edir, insanlar arasında ünsiyyət yaradır, onları bir-birinə bağlayır, qovuşdurur. Buna görə insanın danışığından, sözündən, söhbətindən Nəsimi zövq alırdı, insan nəfəsi onu qanadlandırırdı. Nəsimi deyirdi ki, insan olan kəs gərək ağıllı danışsın, onu sözü yığcam, fikri isə geniş olsun.

                Aqilsən, sözünü  müxtəsər et!

                Ey Nəsimi, çü bikərandır söz-

Nəticə: Sənətkar haqqında daha obyektiv fikri adətən zamanın amansız sınağından sonra söyləyə bilirlər. Bu mənada Nəsiminin cismani məhvi əslində onun mənəvi qələbəsi kimi əsrlərdən bəri neçə-neçə nəslə misilsiz örnək oldu. Sonralar Nəsimi adı poeziyamızda öz əqidəsi yolunda  təkcə sözdə deyil, həm də işdə fəda olmaq timsalına çevrildi: “Nəsimi tək bu aşiq, – Yolunda  soyulandır” (Sarı Aşıq). Əqidəsi, məsləki, baxışları, inandığı həqiqətlər uğrunda canından keçən, düşmən qarşısında əyilməyən sənətkarlar az olmamışdır. Ancaq bu əqidə qəhrəmanları arasında Nəsimi müstəsna bir yer tutur. Haqsızlığa, ehkamçılığa, nadanlığa, idraksızlığa, zülm və ədalətsizliyə, cəmiyyətdə Allahdan və insanlıqdan uzaq bütün vəziyyətlərə odlu şeirləri ilə üsyan edən Nəsimi Azərbaycan ədəbiyyatında içtimai-fəlsəfi şeirlərin parlaq nümunələrini yaratmışdır.  

Bir günəşdir Nəsimi kim anın

Neçələr zərrəsinə həsrətdir.

Yüksək idealları və məfkurəsi yolunda mübarizə aparan görkəmli şəxsiyyətlərdən biri, XIV əsrin axırı XV əsrin birinci yarasında yaşamış Seyid İmadəddin Nəsimidir. Nəsiminin mürtəce şər qüvvələrə qarşı son nəfəsinə qədər fədəkarcasına mübarizəsi və bu yolda öz həyatını qurban verməsi böyük bahadırlıq dastanı kimi beş yüz ilıdən bəridir ki, yaşamaqdadır.                Mərhaba, xoş gəldin, ey ruhi- rəvanım, mərhəba!

                Ey şəkərləbyarı- şirin, laməkanım, mərhaba! …

Nəsimi yaradıcılığını oxuculara tanıtmaq və sevdirmək məqsədi ilə kitabxanaçı oxucularla onun  əsərlərinin  təhlilini keçirə bilər. Kitabxanaçı Nəsiminin “Bəhrül-əsrar” qəsidəsinin təhlilinə başlayır.   Azərbaycan ədəbiyyatı tarixində İmadəddin Nəsiminin həyat və yaradıcılığından, onun dünyagörüşündən çox  yazılsa da, farsca qələmə aldığı “Bəhrül əsrar” (şirlər dəryası) fəlsəfi qəsidəsi dərin təhlilə, fəlsəfi baxımdan hərtərəfli tədqiqata cəlb edilməmişdir. Baxmayaraq ki, onun Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar İnstitunda saxlanılan əlyazması filologiya elmləri doktoru C.Nağıyeva tərəfindən aşkarlanmışdır. Onun yaradıcılığında fəlsəfi məzmunlu qəsidələr öz ideya və məzmun xüsusiyyətləri ilə seçilir. Bunların içərisində də öz növbəsində “Bəhrül əsrar” qəsidəsi xüsusi maraq doğurur. Məlumdur ki, bu əsər dərin fəlsəfi məzmuna malik olması ilə bərabər, həm də böyük tərbiyəvi əhəmiyyətli nəsihətamiz fikirlərlə zəngindir. Qəsidədə maddənin dəyişməsi, insanın öləndən sonra torpağa dönməsi kimi fikirlər ifadə olunmuşdur:

Ayağını bu torpağa hörmətlə bas, unutma ki,

Şahlar başı torpaq olmuş gəlib-gedən üstə gəzər.

Əsərdə fəlakətlərlə dolu olan bir zəmanədə zülm və əsarət içərisində iztirablı, kədərli həyat keçirən insanların taleyi şairi dərindən düşündürür. Onun mülki bərabərsizlikdən, içtimai zülm və ədalətsizlikdən şikayətləri bu qəsidədə də qüvvətli bədii ifadəsini tapmışdır. Şair dövlət və sərvət yığmaq ehtirasına, acgözlüklə dünyanı soymağa, çapıb-talamağa çalışan tamahkar, qəddar ürəkli hökmdarlara, feodal məmurlarına istehza edir. Dövlətə, sərvətə pərəstiş edənlərin insanları əzmələrini pisləyir.

                Simü –zər yığmaq üçün cəhd eyləmə Qarun kimi,

                Hər xəzinə torpaq altında qalıbdır min kərə.

                Sərvət ilə yüklənərsə kəştisi dövrün əgər

                O tufanlı dəryada düşməz məgər şuri-şərə?..

                Dünya birşandır, onun həm şəhdi, həm də zəhri var,

                Şəhid üçün insan gərəkdir tab gətirsin nəştərə.

Burada dahi Nəsimi dünyanı mənəm-mənəm deyə qırğına verən hökümdarların, o cümlədən Qarun kimi xəzininə toplamağa cəhd edən və nəhayət, xəzinəsi torpaq altında qalan şəxslərin ölümə məhkum olub, özlərinin də torpağa qarışacaqlarını söyləyir, zəmanəsindəki qəsbkar şahları onların aqibətindən ibrət almağa çağırır. Nəsimi bu şeirində də öz humanist ideyalarına sadiq qalaraq insanın şərəf və ləyaqətini üstün tutur, onlara  dərin hörmət və qayğı bəsləyir, zəhməti, zəhmətkeş insanları, elmi, mərifəti, ədaləti alqışlayır. Bu fikrin təsdiqi üçün şairin fars divanından bir parçanın professor M. Quluzadənin “Böyük ideallar şairi” monoqrafiyasında Azərbaycan dilində nəzmlə verilən tərcüməsinə nəzər salaq. Orada deyilir;

                İnsan üçün mərifətdən özgə yoxdur bir bəzək,

                Bax, sədəf çılpaqdır,ancaq qəlbi bənzər gövhərə.

                Aqil insan zər üçün öz ömrünü verməz hədər,

                De, siçanlar nədən eşq yetirdin sən zərə?

                Sən çörəkçün minnət etmə, hifs elə öz ruzini

                Qafil ol kəsdir ki, ruziçin o, batmaz qan-tərə…

Burda yoxsul insanlar, zəhmətkeş adamlar Nəsimi nəzərində böyük məhəbbətə, böyük qiymətə malik olanlardır. Burada şair insanları sadəliyə, fədakarlığa, təvazökarlığa, yüksək əxlaqi-mənəvi keyfiyyətlərə malik olmağa, arif olmağa, mənalı, şüurlu həyat keçirməyə çağırır. Qəsidənin bu keyfiyyətlərinə görədir ki, Nəsimi Şirvanidən sonra böyük taciq şairi Əbdürrəhman Cami də özünün “Lissətül-əsrar” qəsidəsini yazırlar. Doğrudur, şairlər bu haqda ilk söz açan şair Əmir Xosrov Dəhləvinin xidmətini, öz qəsidələrini onlara cavab olaraq yazdıqlarını göstərmişdir. Bununla belə Nəsiminin adı göstərilən qəsidəsi öz dərin fəlsəfi, içtimai yüksək poetik məziyyətlərinə görə onların içərisində əhəmiyyətli yer tutur. Nəsimi haqqında, onun fəlsəfi görüşləri haqqında istər Avropa alimləri, istərsə də türk, türkmən, özbək və Azərbaycan alimləri, söz ustaları söz yazmışlar, onun hurufilikdə, sufizimdə mütərəqqi cəhətləri əxz etdiyini göstərmişlər. Şair Allahın, bizin fikrimizcə isə, müqəddəs ruhun insanda, təbiətdə mövcud olmasını göstərən dahi bir alimdir. Elə ona görə də əsərlərində, fəlsəfi qəsidəsi olan “Bəhlül-Əsrar” da göstərdiyi kimi, məhşər günü də, axirət günü də bu dünyada olur. Mürtəce qüvvələrin təzyiqinə baxmayaraq yaradıcılığında, məfkürəsini açıqlamaq baxımından, böyük əhəmiyyəti olan “Bəhrül-əsrarın əsrlərin sınağından çıxaraq bu günümüzə qədər çatan əlyazma nüsxələrinin mühafizəsi Azərbaycanın mütərəqqi ziyalılarının əməyinin nəticəsidir. Əsərin müasir məktəblərdə ədəbiyyat proqramlarına daxil edilməsinin böyük tərbiyəvi əhəmiyyəti olacağı şübhəsizdi.

 Altı əsirlik yaşı   olan böyük sənətkar İmadəddin Nəsimi  haqqında çoxlu şeir, poema və roman yazılmış, film çəkilmişdir.

Kino dram janrında, Azərbaycan dilinə, Azərbaycanda; Naxçıvanın, Abşeronun, Atəşgah və Siyəzən və Şamaxınin bəzi bölgələrində çəkilmişdir.  1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında tarixi mövzuda ən yaxşı filmə görə mükafatına layiq görülmüşdür. Ən yaxşı kişi rolunun ifasına görə aktyor Rasim Balayevə II mükafat verilmişdir.

Azərbaycan torpağında Nəsimi zirvəsi var. Bu zirvədən günəş doğur. O günəş ki, qürub edər, ancaq heç vaxt batmaz.

Gəldi yarım nazilə, sordu, Nəsimi, necəsən?

                Mərhaba, xoş gəldin, ey xırda dəhanım, mərhaba!

Altı yüz ildir ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin adı Yazın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi  kimi hörmətlə çəkilir. Altı yüz ildir ki, məsləki uğrunda dara çəkilib dərisi soyulan, son nəfəsində belə öz sözündən dönməyən bu mərd insanın faciəli ölümü şairlərin şeirində, aşıqların sazında tərənnüm edilir.

Onun şeirlərində istifadə etdiyi dərin təsəvvüfi düşüncəsi sonralar bir çox böyük mütəfəkkürə təsir göstərmişdir. Klassik şairimizin odlu poetik nəfəsindən hərarət saxlayan qaynaqlardan biri də XVI əsrdə Aşıq Çələbi tərəfindən tərtiblənmiş “Məşairüş–şüara” adı ilə tanınan təzkirədir.

Həyatı və yaradıcıllığı əsl vətəndaş hünəri timsalı olan İmadəddin Nəsiminin qüdrətli səsi əsrləri adlayaraq bizə gəlib çatmışdır. Nəsimi Azərbaycan xalqının həqiqətən böyük oğludur, çünki öz ana dilində ilk dəfə yazıb-yaratmışdır və şairin hünəri heç vaxt unudulmayacaqdır.  Nəsimi ana dilindən ustalıqla istifadə etmiş, anlaşılır tərzdə, bir sözlə xalqın dilinə yaxın tərzdə yazmışdır.

                               O uzaq, o qədim lisana bir bax!

                               Büllur bulaq kimi süzülər, çağlar.

                               Əsər var yazılıb otuz il qabaq,

                               Otuz cür lüğətə ehtiyacı var…

                                                                              (Qabil. Nəsimi poemasından)Alovlu insanpərvər şair yaşadığı cəmiyyətdə səadət, ədalət, həqiqət görmədiyi üçün kədərlənir, onun şeirlərində xalqın taleyini dərindən duyan insanpərvər sənətkarın iztirab və kədərləri, üsyankar ruhu səslənir. Nəsimi cəmiyyətdəki zülümdən və özbaşınalıqdan şikayətlənir, zülmü, ədalətsizliyi soyğunçuluğu pisləyir. Doğruluğu, haq-ədalət və xeyirxahlığı tərənnüm edir. Humanist şair insan ləyaqətini alçaldan, onun mənəvi azadlığını buxovlayan feodal dünyasına qarşı alovlu etiraz səsini qaldırdı.

                Hərgiz zəmanə kimsəni xoşund qılmadı,

                Hər fel nəmüvafiqu hər fel nasəvab-

 Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Yaxın Şərq ədəbiyyatına  gətirdiyi humanist ideyaları davam və inkişaf etdirən böyük sənətkar insana, insan ləyaqətinə, qüdrətinə olan yüksək inamını tərənnüm edərək şeirlərində insanı həyatın yaradıcısı, həyatı gözəlliklərin əsil mənbəyi kimi vəsv etmişdir. Nəsimi sənəti bütövlükdə insan gözəlliyinə, insan qüdrətinə heyranlıqla dolu bir himn kimi səslənir. Ancaq bu gözəllik, bu qüdrət dünyada bütün insanlara deyil, yalnız özünü tanımış, dərk etmiş kamil insanlara xasdır. Məhz buna görə şair kamil insanı “canımın canənəsi” adlandırır, ona səcdə etməyin vacib olduğunu göstərir. 

Nəsimi yaradıcılığından ilk dəfə əsaslı şəkildə bəhs edən ədəbiyyat tariximizin tədqiqi və nəşri sahəsində müstəsna xidmətlər göstərən Salman Mümtaz olmuşdur. Tədqiqatçı tərtib etdiyi “Seyid İmadəddin Nəsimi. Əsərləri”  kitabını giriş məqaləsi ilə 1926-ci ildə çap etdirmişdir. Ulu öndər Heydər Əliyev Xalq şairi Qabilin “Nəsimi” poeması haqqında bu fikirləru söyləmişdir: “Qabil Nəsimi haqqında mənzum romanını çox böyük ustalıqla yazılmışdır. Doğrudan da bu çox böyük iş idi və Qabil bu işin öhdəsindən layiqincə gəldi. Bu həqiqətən dövlət mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın, şairin işi deyil. Qabil bunun öhdəsindən gəldi”.

 Yəqin ki, Qabili Nəsiminin bədii surətini yaratmağa sövq edən ilk amil-bu qeyri-adi tarixi hadisə olmuşdur. On illik yaradıcılıq axtarışının və gərgin əməyin, mütaliyə və tədqiqatın, Şamaxıdan Hələbə qədər səyahətin, şərqşünas alimlərdən, Nəsimi bilicilərindən öyrənməyin məhsulu olan bu dastanda, bəzi ricət və müəllif nitqi istisna edilərsə, Nəsimi danışır. Qabil hadisələri Nəsiminin dili ilə nəql edir. Xatırladaq ki, bu əsər 1976-cı  ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.

                               Fəsillərin  ən gözəli, əzizi,

                               İnsanların ən yaxşısı, təmizi

                               Bu yollarda yoldaş olub  mənimlə,

                               Bu yollarda qardaş olub mənimlə.

                               Sağdışım-

                               Ilk bahar-Fəsli-gülüstan,

                               Soldışım-

                               Safiyə başçısı Orxan…

                               Gedirəm, dalıram fikrə, xəyala,

                               Dilimdə, gözümdə Əli ül Əla.

                               Rumun ən qüdrətli söz sərkərdəsi-

                               Hürufi şair!

                               Fəzlullah atamın nəfəsi, səsi-

                               Hürufi  şair!..

 Hələbdə Nəsiminin adını daşıyan köhnə bir küçə var. Böyük söz ustadının məqbərəsi oradadır.Yerli sakinlər Nəsiminin öz vətəni, öz dili olduğunu bilirdilər. Onlar bilirdi ki, Nəsimi doğma xalqının oğludur. Bu xalq isə bizik.                             Mənsur: “Ənəlhəq!” söylədi ,

                               “Mürtəddir!”–Elan etdilər.

                                Mənsur “mənəm həqq” söylədi,

                               Bağdadda  edam etdilər.

               

Böyük Azərbaycan şairi, filosofu və mütəfəkkiri İmadəddin Nəsiminin əbədi uyuduğu Hələb şəhərinin (Suriya) milli muzeyinə bu poeziya klassikinin heykəli hədiyyə verilmişdir. Şairin tunc heykəli respublikanının əməkdar rəssamı, heykəltəraş Albert Mustafayevin iştirakı ilə xalq rəssamı Mikayıl Abdullayev tərəfindən yaradılmışdır. Şair əyləşmiş və dərin fikrə qərq olmuş vəziyyətdə təsvir edilmişdir. Onun şəxsiyyətinin  qeyri-adiliyi və daxili ruh yüksəkliyi çox bariz şəkildə verilmişdir.

 İ.Nəsimi klassik Azərbaycan ədəbiyyatı tarixini tədqiq edən dünya şərqşünasları və türkoloqlarının daim diqqət mərkəzində olmuşdur. Nəsiminin əlyazma xəzinələri və kitabxanaların yaraşığı və fəxri olan bu əlyazma nüsxələri şairin ədəbii-bədii irsinin gözəl nümunələridir. Şairin aftoqrafları elm aləminə məlum deyildir. Onun əsərləri əsasən başqaları tərəfindən köçürülərək zəmanəmizə qədər gəlib çıxmışdır.

Nəsimi sözə dəyər verən şairdir. O, şeirlərində, xüsusi ilə rübailərində hikmətli sözlərdən məharətlə istifadə etmişdir. Həqiqətin carçısı olan sənətkar “Doğru söz acı olar” misalından yaradıcı şəkildə faydalanır:

                Ol bilir həqqi ki, yalançı deyil.

                Hər kim yalan söylər, ol naci deyil.

                Həccə doğru varmayan Hacı deyil,

                Doğru söz doğrulara acı deyil.

 Ümumiyyətlə, Nəsiminin hikmətli sözlərə olan münasibətini dürüst müəyyənləşdirmək, təhlil etmək xüsusi tədqiqat mövzusudur. Xalq yaradıcılığının zəngin xəzinəsindən sənətkarlıqla istifadə etmiş böyük şair Nəsiminin öz sözləri indi qədirşünas xalqımız tərəfindən sevilə-sevilə təkrar olunur, zərb məsəllərə  çevrilir:

                Zahidin bir barmağin kəssən, dönüb həqdən qaçar,

                Gör bu miskin aşiqi, sərpa soyarlar ağrımaz.

 Hürufilikdən bəhs edərkən Nəsimidən danışmamaq olmaz. Hürufilər mübariz vətənpərvərlər idilər. XIV əsrdə “məğlubedilməz” Teymur orduları Azərbaycana basqın etdikləri zaman Naxçıvanda Əlincə (Ərincə) qalası qarşısında uzun müddət acizlik göstərib susmağa məcbur olmuşdur. Bunu bir başqa səbəblərlərlə bərabər əsasən hürufiliyin Naxçıvanda daha qüvvətli olması ilə də izah etmək olar. Nəimi öldükdən sonra onu Naxçıvan və Əlincə ətrafındakı hürufilərin müqəddəs mərkəzi olan Xaneqahda dəfn etmişlər. Nəiminin şagirdlərindən birisi onun haqqında yazdığı şeirində Nəimini Zərdüştə, “Cavidnaməni” “Avestaya” və Xaneqahı da atəşgədəyə bənzətmişdir.

Dilrüba Nəqşicahanda bir Əlincə dağı var;

                Zirvəsindən yan keçər  şimşək, buludlar dağılar.

                               Dövrəsində tarimar olmuş sərasər yığılar

                Zərbələrdən öylə bilmişlər qiyamətdir nədir,

                Torpağımda yüksələn rəmzi mətanətdir, nədir?! …

Hələbdə Nəsiminin tərəfdarlarının çoxalması din xadimlərini təşvişə salır, onların fətvası ilə Nəsimi zindana salınır və 1417-ci ildə asılaraq dərisi soyulur. Deyilənlərə görə, şairin edamını təşkil edən din xadimi “Bu elə bir məlundur ki, hara qanından bir damla sıçrasa, oranı kəsmək gərəkdir” demiş. İşə bax ki, şairin qanından bir damla həmin din  xadiminin barmağına düşmüş, barmağının kəsilməsini istəyənlərə “mən söz olaraq demişdim” söyləmişdir.

Al-qan içində inləyən, həyatın son anlarını yaşayan Nəsimi burada bədahətən  “Ağrımaz” qəzəlini söyləmişdir. Nəsiminin adı mərdlik və yenilməzlik simvolu kimi yaşamaqdadır. Nəsiminin ölümü gözəl ölümdü. Deyirlər onu soymağa dabanından başlamışlar, lakin o idealından dönməmişdir. Onun haqqında çoxlu rəvayətlər də yaranıb. Rəvayətlərin birində söylənilir ki, ölüm ayağında belə dözüm və mətanəti qarşısında sarsılan ruhanilər istehza ilə ondan soruşurlar:

                -Sən ki, haqsan, bəs niyə qanın axdıqca saralırsan?

                Nəsimi qürurla cavab verir:

                -Bəli, rəngim saralır. Mən əbədiyyət üfüqlərində doğmuş eşq günəşiyəm. Günəş qürub edəndə saralar.

 Nəsimini diri-diri soymaq, şaqqalamaq, onu sındırmaq olardı, lakin əymək olmazdı. Azərbaycan oğlunun bu ibrətli ölümü, xalqımızın, onun davam edib gələn nəsillərinin iradəliliyi, dönməzliyi rəmzi olmuşdur. Bu ölüm sözün əsil mənasında poeziyaya çevrilmişdir. Şair öz ölümü ilə insanlığı heyran qoydu. Nəsimi Könüllər fatehi idi. Şair ölümü ilə ölməzliyini təsdiq etmiş əbədi şəxsiyyətdir. Azərbaycanın əbədi şəxsiyyəti…

  Böyük şair-filosof İmadəddin Nəsimi dərin, sarsılmaz inam və işıqlı ideal sahibi olub. Sözün böyük mənasında heyrət doğuran cəhət budur ki, Nəsimi öz həqiqətini, öz “ənəlhəq” ini yalnız poeziyasının qüdrəti ilə deyil, şəxsi dönməzliyi, fədakarlığı ilə-əfsanələrə çevrilmiş mərdanə və amansız ölümüylə təbliğ və təsdiq etdi.

                               Bayrağa çevrildin, qanlı bayrağa,

                               Axıb üz-gözünü örtdükcə qanın.

                               Elə bil, boylanıb baxdın uzağa,

                               Uzaq sabahına Azərbaycanın!

Xalq şairi Qabil

 

 

Görkəmli şəxslərin İmaməddin Nəsimi haqqında söylədikləri:

1.Elm Darvinin şəxsində insanının meymun mənşəyini, ədəbiyyat (poeziya) isə Nəsiminin şəxsində ilahi mənşəyini kəşf etdi…

                                                                              Yaşar Qarayev,

professor

2.Nəsimi dövrünün çox savadlı və dərin məlumatlı adamı olmuşdur. Onun dünya görüşü şeirlərində gizli və açıq şəkildə öz əksini tapmışdır. Şair zəngin ədəbi və fəlsəfi irs qoyub getmişdir. 

                                               L.Hüseynzadə,

filoloji elmlər namizədi

3.Nəsimi dərin məntiqi və fəlsəfi baxışları, mübariz poeziyası ilə bütün oxucu və tədqiqatçıları heyran edir.

                                                                          Tarix elmləri namizədi T. Musəvi.

4.Nəsimi Şərqin ulu şairi, böyük fikir adamı olmuşdur.

  1. Aslan,

şair

5.Nəsimi şeir dünyasının incilərindəndir.

6.Nəsimi yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində yeni dövr açmışdır.                                                      S.Şıxəliyeva,

ədəbiyyatşünas  

7.Nəsimi öz mərdanə ölümü ilə düşmənlərini belə təəccübləndirmiş, insanların qəlbində əsrlərlə yaşamasına zəmin yaratmışdır.

                                               Ə. Səfərli,

filoloji elmlər namizədi

8.Nəsiminin şöhrətindən yalnız hurifilər deyil, başqa şairlər, hətta xəttatlar da istifadə edirdilər.

  1. Qəhrəmanov,

filoloji elmlər namizədi

 

 

 

Paylaş: