Be. Sen 16th, 2019

Moskvanın Qarabağın əvəzinə Azərbaycandan istədikləri

Ermənilər ilk dəfədir ki, real həqiqətlə üz-üzədirlər

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanın bu gün keçirdiyi brifinqdə Qarabağ münaqişəsinin həlli ilə bağlı dediyi sözlər Kremlin regiona baxışından 180 dərəcə fərqlənib.

Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, Mariya Zaxarova ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin, o cümlədən Rusiyanın münaqişənin nizamlanması üzrə addımlarının effektivliyinin artırılmasının vacibliyini vurğulayıb:  “Fəallığı yox, səmərəliliyi artırmaq lazımdır. Düşünürəm ki, hamı bununla məşğul olacaq”.

XİN sözçüsünün dediyindən belə anlamaq olar ki, artıq Rusiya Qarabağı işğal altında saxlayan Ermənistana açıq və gizli dəstək verməyəcək, Ermənistanı ucuz, bəzən pulsuz silahlarla təmin etməyəcək və s…

Amma belə deyil. Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın bu gün İrəvanda keçirdiyi mətbuat konfransında açıqladığı bəzi detallar tamamilə fərqli mənzərə ortaya çıxarır. Onun etirafına görə, Moskva Ermənistana silahı başqa ölkələrlə, o cümlədən Azərbaycanla müqayisədə iki dəfə ucuz satır, Rusiya hərbi məktəblərində Ermənistan üçün 4 min zabit hazırlanır. Həmçinin Rusiya ilə hərbi ittifaq hesabına Ermənistan S-300-lərlə gücləndirilmiş havadan müdafiə sistemi qurub.

Təbii ki, Rusiya Ermənistana bu yardımlarını əvəzsiz etmir və onun məqsədinin nə olduğunu ABŞ-ın Özbəkistandakı və Ukraynadakı keçmiş səfiri Con Herbst Ermənistanın “1in.am” portalına bu gün verdiyi müsahibədə açıq bildirib. Onun sözlərinə görə,  ucuz silah verməklə və təhlükəsizliyinə təminat verməklə Ermənistanı öz ərazisinə çevirmiş Rusiya Azərbaycanı da eyni vəziyyətə salmaq istəyir:

“Ermənistanın Dağlıq Qarabağda Azərbaycanın ərazi bütövlüyünü pozmasına icazə verən Rusiya eyni zamanda ona silah satmaqla Azərbaycan üçün də həyati vacib olmağa çalışır. Mən hesab edirəm ki, Kremlin siyasəti çox riyakardır. O, Dağlıq Qarabağda sülhün bərqərar olmasında maraqlı deyil”.

Əslində, ABŞ-ıl diplomat indiyə kimi Azərbaycanda hər kəsin bildiyi həqiqəti deyib. Yəni bu məsələdə yenilik yoxdur. Amma yenilik ondadır ki, ABŞ diplomatının bu sözlərini çox populyar erməni portalı dərc edib. Bəlkə, bu fikirləri oxuyub real vəziyətlərini, Rusiyaya qulluq etdiklərini, həmişə olduğu kimi Moskvanın maraqlarının qurbanı olduqların anlayarlar. Yoxsa erməni KİV-lərinin və ekspertlərinin əksəriyyəti Rusiyanın Azərbaycanı dəstəkləməsi barədə cəfəngiyyatlar uydurmaqdan yorulmurlar. 

Paylaş: