Bz. Okt 20th, 2019

TDY “Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu” Assosiasiyasına daimi üzv seçildi – FOTOLAR

Türkiyə Dəmir Yolları “Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasına daimi üzv seçilib.

Turkustan.info xəbər verir ki, bu barədə qərar “Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası hüquqi şəxslər birliyinin Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən iclasında qəbul olunub.
İclasda ölkəmizi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov təmsil edib.
“Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin rəhbəri Kanat Alpısbayev bildirib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə keçən il 750 min ton yük daşınmasının planlaşdırıldığına baxmayaraq, 1 milyon 900 min ton yük daşınıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Türkiyə Dəmir Yollarının bu dəhlizə qoşulmasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu il dəhliz vasitəsilə 4 milyon ton yükün, o cümlədən 15 min konteynerin daşınması planlaşdırılıb. Bununla bağlı hansısa maneənin olmadığını deyib. Cavid Qurbanov aprelin 1-dən etibarən Bakı və Aktua limanları arasında əlavə səfərlərin həyata keçirələcəyini qeyd edib. 
Cavid Qurbanov, tədbir çərçivəsində Türk işadamları ilə keçirilən görüşlərdə region ölkələri arasında ticarətin Beynəlxalq Trans-Xəzər Nəqliyyat Dəhlizinə daxil edilməsini təklif edib.
Türkiyə Dəmir Yollarının assosiasiyaya daimi üzv olması ilə bağlı protokolu Türkiyə Cümhuriyyəti Dəmir Yolu Daşımaçılığının baş direktoru Veysi Kurt və “Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu” Assosiasiyasının baş katibi Baurzxan Kuluşev imzalayıb.
Veysi Kurt, Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutunun Türkiyə üçün böyük əhəmiyyət kəsb etdiyini və bu dəhliz vasitəsilə yükdaşımanın 4,5 milyard insanı əhatə etdiyini deyib. 
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının iştirakı ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları TBNM-ə qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır. TBNM tərəfindən bütün marşrut boyu vahid keçid tarifi təyin olunub, “bir pəncərə” prinsipi tətbiq edilib və bu layihə çərçivəsində konteyner qatarları müvəffəqiyyətlə marşrut üzərindən daşınır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən ilk “Nomand ekspress” sınaq konteyner qatarı 2015-ci il avqustun 3-də yola salınıb. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən “Nomad Ekspress” qatarı orta hesabla 10-12 günə yükləri Çindən Avropaya çatdırır.   /Azərtac/

Paylaş: