30 Noyabr 2020 12:32

Şeirdə ləhcə haqqında…

Mahmud Əyyub

Bir çox zaman şeirləri oxuyarkən bölgə ləhcələrinə rast gəlirik. Sözsüz ki, bunu təbii hal kimi qəbul etmək lazımdır. Hər bir bölgədə yaşayan şair öz ləhcəsini qismən olsada şeirə gətirməlidir. Ancaq ləhcənin şeirə gətirilməsi də bir qədər nəzəri qaydalarla həyata keçirilməlidir. Dilin normalarını bilmədən şeirə gətirilən ləhcə şirin olmur və öz oxunaqlığını itirir. Aydındır ki, bölgə ləhcələrində fərqlər hiss olunur. Bu fərqlilik danışıq dilində daha aydın görünür. Bəzəndə qafiyə xatirinə ləhcələrdən daha çox istifadə olunur.

            Hər bölgənin ləhcəsi əziz, şirin və doğmadır. Bunları qorumaq bizim şərəfli borcumuzdur. Şübhəsiz ki, ləhcələr əksər vaxt danışıq dilində qorunur və gələcək nəsillərə ötürülür. Bu isə ləhcələrin özündə də zaman-zaman azda olsa, dəyişiliklərə səbəb olur. Bu baxımdan çalışıb ləhcələri yazılı ədəbiyyata gətirmək lazımdır. Yazılı ədəbiyata gələn bölgə ləhcələri tarixə düşür.

            Şübhəsiz ki, ləhcələr təkcə nəzm əsərlərində yox, həmdə nəsr əsərlərində qorunmalıdır. Ədəbiyyatın hər iki sahəsi ləhcələrin inkişafında öz töhfələrini verməlidir. İndiyə kimi çap olunan kitablarda bölgə ləhcələrinə rast gəlinir. Bunu biz nəsr və nəzm əsərlərində də görürük. Ancaq bu yazımızda nəzm, yəni poeziya sahəsində olan ləncələrdən söhbət açmaq istəyirik.

            Çap olunan kitablarda, dövri mətbuatda və sosial şəbəkələrdə yayımlanan poeziya nümunələrində ləhcələrin qorunduğu şeirlərə az-az rast gəlinir. Dövrümüzdə poeziyaya yeni gözəllik bəxş etmək üçün ləhcələrin olduğu elmi-bədii sözlərin zənginliyinə üstünlük verilsə daha yaxşı olar. Ancaq bu o demək deyil ki, ləhcələrdən istifadə edib dilin normalarını, poeziyanın qanunlarını pozmaq lazımdır. Çalışıb ləhcələr əsasında elə qızıl poeziya nümunələri yaratmaq gərək ki, bu şeirlər tarix yazsın.

            Biz aşıq yaradıcılığında yazıb-yaradan aşıq və şairlərimizin poeziya incilərini təhlil etsək onların şeirlərində saysız dərəcədə ləhcələrə rast gəlmək mümkündür. Onlar ustalıqla bu ləhcələri şeirlərdə elə işlədirlər ki, şeir və ləhcə oxucuya daha şirin və əziz olur. Bu şairdən böyük məharət, qabiliyyət və savad tələb edir.

            Bəzən müasir şairlərin şeirlərində ləhcələrə rast gəlmək olur. Bu şeirlərdə işlənən ləhcələr isə çox zaman təkrar işlənən sözlərdir. Klassik şair və aşıqların yaradıcılığına nəzər yetirsək onlarda işlənən ləhcələrin indiki şairlərin əsərlərində rast gəlirik və bu baxımdan burada tam təkrarlığa yol vermək olmaz. Hal-hazırda dilimizin zənginliyindən bəhrələnərək şairlər kifayət qədər ləhcələri poeziya nümunələrində işlədə bilərlər. Bu isə şeirə yeni bir ruh gətirər. Əlbəttə ki, belə yeniliklərə can atan şairlər təkrarlıqdan uzaq olar və yeni qafiyələr işlədərək şeirin şan-şöhrətini yenidən artıra bilərlər.

            Yeni ləhcələr əsasında şeir nümunələri yaratmağa çalışan hər bir şair dilin qrammatik, leksik və fonetik qanunlarını dərindən bilməldir. Bunları bilmədən yaradıcılığa yeni ləhcələr gətirmək çox zaman uğursuzluğa gətirib çıxara bilər. Belə olduqda isə bu yenilik şairə heç bir əlavə üstünlük verməyəcək. Bu baxımdan şairlər həmdə yaxşı dilçi olmalıdır. Dil poeziyanın əsasıdır. Dilsiz poeziyanı təsəvvür etmək olmaz.

            Ləhcələrin şeirdə və yazılı ədəbiyyatda işlədilməsinin müstəsna rolu və əhəmiyyəti var. Biz bunu artıq hiss edirik və indiyə kimi yazılan əsərlərdə işlənmə məqamları bizləri valeh edir. Bəzən dildə elə ifadə və fikirlər var ki, onu ədəbi dildə aydın izah edə bilmirik. Bu baxımdan çox ciddi problemlərlə üzləşirik. Ancaq dildə olan ləhcələr bizə imkan verir ki, həmin ifadə və fikirləri aydın izah edək. Əslində bu cür ləhcələr dilin tərkibi ilə yanaşı ədəbi dilin də zənginləşməsinə səbəb olur. Belə ləhcələr yazılı ədəbiyyata gələrək ədəbi dilin inkişafına zəmin yaradır. Bu isə öz növbəsində həmin ləhcələrin unudulub arxaiqləşməməsinə səbəb olur.

            Bəzəndə ləhcələrin qorunduğu sözlər şeirlərdə orfoqrafik baxımdan düzgün yazılmır. Çalışıb dildən yazıya alınan ləhcələr vahid bir orfoqrafik qayda ilə yazılsın. Çox zaman bir bölgənin ləhcəsini yazıya alarkən müəlliflər müxtəlif cür yazırlar. Bu isə əlbəttə, narazılığa səbəb olur. Belə olduqda bu sahədə vahid bir orfoqrafiq qaydaların tərtibinə ehtiyac duyulur. Bu qaydalar yeni ləhcələrin yaranmasına və yazılışına təkan verəcək ki, bu sözlərdən də şair və yazıçılar əsərlərində istifadə edəcəklər. Son nəticə olaraq dilin lüğət tərkibi zənginləşərək yeni-yeni əsərlərin meydana gəlməsinə təkan verəcək.

            Ciddi müzakirə olunan məsələrdən biri də ləhcələrin ədəbi dildə işlənib-işlənməməsi məsələsidir. Bu günümüzdə də ciddi müzakirəyə səbəb olan bir məsələdir. Amma düşünürəm ki, ləhcələrin ədəbi dilə gətirilməsi elə də ciddi problem yaratmır. Axı, yazıya alınan ləhcələr zamanla ədəbi dildə öz yerini tutur.

            Bu gün ləhcələrin ədəbi dildə işlənməsini bir qurup insanlar istəmir. Sual olunur klassik poeziyamıza xüsusi ilə də aşıq yaradıcılığına müraciət etsək kifayət qədər ləhcələrin işləndiyi şeir nümunələri var. Bu şeirlərdə olan nümunələr isə günümüzün şairləri tərəfindən öz yaradıcılıqlarında istifadə olunur. Belə olduqda həmin ləhcələr ədəbi dildə zamanla öz yerlərini tapırlar.    

            Yuxarıda qaldırlan bəzi məsələlərr sırf dilçilərin işidir. Bu səbəbdən bizim bu məsələdə israrçılıq etmək niyyətimiz yoxdur. Sadəcə poeziya nümunələrinin zənginləşməsi üçün ləhcələrdən istifadənin tərəfdarıyam. Bu ədəbiyyatımızın inkişafına da təkan verəcək.

 

 

 

Paylaş: