Şb. Dek 14th, 2019

Türklərə qarşı “Afrin tələsi”: Moskvadan cavab gecikmədi

Saleh Müslimin “Rusiya vasitəçilik edir” açıqlamasına Moskvadan cavab gecikməyib

Suriyanın şimalında, Türkiyənin hərbi əməliyyat keçirdiyi Afrin bölgəsində vəziyyət gün keçdikcə daha da gərginləşir. Türkiyə Silahlı Qüvvələri (TSQ/TSK) və Azad Suriya Ordusu (ASO) qarşısında tab gətirə bilməyən PYD terrorçuları Suriya prezidenti Bəşər Əsəddən yardım istəyib.

  Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, terror təşkilatının lideri Saleh Müslim Suriya hökumətinə təklif göndərdiklərini və hazırda cavab gözlədiklərini deyib. Müslim, həmçinin əlavə edib ki, təşkilatın Bəşər Əsədlə danışıqlarında Rusiya vasitəçilik edir.

Saleh Müslimin “Rusiya vasitəçilik edir” açıqlamasına Moskvadan cavab gecikməyib. Kreml yayılan məlumatı təkzib edib.

“Əgər Suriya ordusu PYD terrorçularını qorumaq üçün Afrinə girsə, o zaman Türkiyə ordusunu heç kəs dayandıra bilməz”. Bunu isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu (Mevlüt Çavuşoğlu), Bəşər Əsədlə PYD arasında əldə olunan razılaşma iddialarını şərh edərkən deyib.

“Bu barədə yayılan iddiaları biz də eşitdik. Hələlik rəsmi açıqlama yoxdur. Suriya ordusunun Afrinə hansı məqsədlə girmək istədiyinə baxmaq lazımdır. Əgər niyyətləri PYD-li terrorçuları təmizləməkdirsə, o zaman problem yaranmaz. Yox əgər, məqsədləri PYD-yə dəstək verməkdirsə, onda türk əsgərinin Afrinə doğru hərəkətinin qarşısını heç kim ala bilməyəcək”, — Çavuşoğlu qeyd edib.

 “Timeturk” xəbər verir ki, Suriyanın dövlət telekanalı dünən rejimə bağlı ordunun 24 saat ərzində Afrinə daxil olacağı xəbərini yaymışdı. İddiaya görə, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu qarşısında tab gətirə bilməyən PYD/YPG terrorçuları Afrini Türkiyəyə təslim etməmək naminə Bəşər Əsəd rejimi ilə razılaşıb. PYD ABŞ-ın müttəfiqi olmasına baxmayaraq, Bəşər Əsədin bütün şərtlərinə boyun əyib.

Nədir o şərtlər?

1. PYD/YPG bütün silahlarını rejimə təhvil verməli;

2. Afrində PYD-yə aid 52 hərbi baza Suriya rejiminin nəzarətinə keçməli;

3. Bölgədəki bütün məktəblər və dövlət obyektləri yenidən rejimin nəzarətinə qaytarılmalıdır.

PYD-nin Afrindəki nümayəndəsi Hevi Mustafa isə yayılan məlumatı təkzib edib. Mustafa deyib ki, hələlik razılıq əldə olunmayıb və danışıqlar davam edir.     /sputnik.az/

 

Paylaş: