Ç. Avq 21st, 2019

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi arasında əməkdaşlıq müzakirə olunub

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Astanada Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin məsul katibi Kuatjan Ualiyevlə görüşüb.

Görüşdə Günay Əfəndiyeva Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr, türk dünyasının maddi-mənəvi irsinin və tarixinin öyrənilib qorunması istiqamətində apardığı işlər barədə danışıb.

Qazaxıstan ilə əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edən Günay Əfəndiyeva Fondun məqsədləri və həyata keçiriləcək tədbirlər barədə geniş məlumat verib.

Kuatjan Ualiyev Fondun fəaliyyətini bütövlükdə türk dünyasının birliyi naminə töhfə kimi dəyərləndirib, gələcək layihələrə dəstək olacaqlarını bildirib.

Görüş zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Paylaş: