06 Dekabr 2020 01:41

Ermənistan 7 rayonu qaytarırmış, amma…

İrəvan Rusiyanı fakt qarşısında qoymağa çalışır

Aprel döyüşlərindən bir az sonra, 2016-cı ilin sonlarında Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından 7 rayonu qaytarmağa razılaşmışdı.

İstiPress-in məlumatına görə, bu barədə tanınmış Rusiya politoloqu Sergey Markov “İnterfaks” agentliyinə müsahibəsində bildirib.

Amma onun sözlərinə görə, münaqişənin nizamlanmasının “Kazan düsturu” adlanan bu variantın gerçəkləşməsinə radikal erməni diasporası mane olub. “Radikalların, o cümlədən radikal erməni diasporunun təzyiqi vardı. Biz bilirik ki, təzyiq yetərincə yüksək idi və Ermənistan rəhbərliyi xeyli ehtiyat etdi”,- deyə Markov vurğulayıb.

Rus politoloqun sözlərinə görə, Madrid prinsipləri əsasında hazırlanmış Kazan düsturu hamı üçün faydalı olub: “Ermənistan Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu Azərbaycana qaytarmalıydı, əvəzində Bakı Dağlıq Qarabağı Ermənistanla birləşdirən iki keçidə razılıq verməliydi… Ermənistan blokadadan azad olmalıydı, münaqişə zonasına ATƏT-in bu və ya başqa birləşmələri gəlməliydi, bu rayonların demilitarizasiyası və Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar başlamalıydı”.

Onun sözlərinə görə, nəticədə Dağlıq Qarabağ keçid statusu alacaqdı, bu isə Xankəndiyə hava nəqliyyatının açılması və Xənkəndinin danışıqlar prosesinə qoşulması demək idi: “Azərbaycan İrəvan tərəfindən işğal edilmiş ərazilərin, demək olar ki, yarısını geri qaytaracaqdı, Ermənistan isə blokadan çıxacaqdı. Yəni faydalar qarşılıqlı idi”.

 

Azərbaycanın işğal edilmiş əraziləri - XƏRİTƏ

“Optimizm böyük idi, tezliklə qaçqınlar evlərinə dönə bilərdilər. Amma bu baş vermədi “, – politoloq bildirib. Sergey Markov iddia edib ki, Ermənistanda və Azərbaycanda apreldə keçiriləcək seçkilərdən sonra Kazan düsturu əsasında danışıqları bərpa etmək mümkündür.

Amma erməni KİV-lərinin məqalələrindən belə anlamaq olur ki, İrəvan müharibəni Ermənistan ərazisinə keçirməyə və bununla da Rusiyanı rəsmi olaraq müharibə tərəfi etməyə çalışır. Məsələn, erməni şərhçi Naira Ayrumyan “Lragir”də dünən dərc etdirdiyi məqaləsində iddia edir ki, müharibənin növbəti mərhələsində Azərbaycan ordusu Qarabağda deyil, Göyçə və Dərələyəzdə, yəni Naxçıvanla Gədəbəyin arasında yerləşən sahədə hücuma başlayacaq.

Erməni diversant Vova Vartanova istinad edən şərhçi güman edir ki, bununla da İrəvanla Qarabağ arasındakı yollar bağlanacaq, belə olan şəraitdə Rusiya KTMT-nin əsas aktyoru kimi münaqişəyə müdaxilə etməyə, yəni Ermənistan tərəfdən Azərbaycanla müharibəyə girməyə məhkumdur.

Təbii ki, Azərbaycan işi bu qədər mürəkkəbləşdirməz və Rusiya kimi bir supergüclə müharibə vəziyyətinə düşmək indiki halda Bakı üçün arzulanan deyil. Amma ermənilər buna çox can atır və bunun iki səbəbi var. Birincisi, miqrasiya üzündən özlərinin döyüşmək üçün əsgəri yoxdur və bu utancı hansı yollasa ört-basdır etməlidirlər. İkincisi, gələcəkdə Azərbaycan qarşı uydurma soyqırım iddiası ilə çıxış etmək üçün əsas hazırlayırlar.

Məsələ bundadır ki, indi beynəlxalq statistika praktikasında olan boşluqlardan istifadə edərək guya Ermənistanda 3 milyon adamın yaşadığını iddia edirlər, reallıqda isə ölkədə 1,4 milyon əhali var. Yəni müharibə başa çatdıqdan sonra dərhal siyahıya almat aparıb Azərbaycan ordusunun 1,6 milyon mülki ermənini qırması barədə yalanlar uyduracaqlar.

Paylaş: