Bz. Sen 22nd, 2019

Sənət adamlarının ailələrinin dağılma səbəbləri: “Soyunub kişi ovuna çıxırlar”

Həm dünyada, həm də Azərbaycan cəmiyyətində müğənnilərlə bağlı müəyyən fikirlər formalaşıb. Sənət adamları xüsusilə gənc müğənnilər ya ailəsi dağılandan sonra sənətə gəlirlər ya da sənətə gələndən sonra boşanırlar.

Maraqlıdır, problem nə ilə bağlıdır? Bu, cəmiyyətdə formalaşan fikirdi yoxsa həqiqətən gənc müğənnilər boşanmağa meyllidir?

Turkustan.info xəbər verir ki, Sosioloq Əhməd Qəşəmoğlu Modern.az saytına açıqlamasında deyib ki, bütün dünyada, o cümlədən Azərbaycanda sənət adamlarına qarşı bu cür münasibəti müşahidə edirik:

“Bu problemin cavabı sosial pxisologiyada öz əksini aydın tapıb. İnsanın hər hansı bir davranışı üç güclü amilin təsiri altındadır: Mühit, insanın aldığı informasiyalar, onun üstünlük verdiyi dəyərlər.

Əgər gənc müğənnilərdə dediyimiz mənzərə müşahidə olunursa, onun səbəblərini bu üç tərəflərin hər birində axtarmaq lazımdır. Təbii ki, müğənni ondan əvvəl artıq belə bir mənzərənin yarandığını görəndə onda belə bir fikir yaranır ki,tanınmış müğənni olmaq üçün əvvəl-axır boşanmaq lazımdır.

Beynində bu fikir formalaşan adamın ailəyə qarşı münasibəti hər zaman arxa planda olur. Yəni onun qəlbindəki əsas arzusu müğənni olmaqdırsa, əlbəttə, ailə geri planda qalır. Sosial psixologiyada tamamilə əsaslandırılıb ki, hər bir insanın  özünün konkret baş tələbatı olur.

Bu tələbat yerdə qalan tələbatları tənzimləyir. Əgər insanın əsas tələbatı tanınmış biri olmaqdırsa, qalan tələbatlar buna uyğun formalaşacaq. Yox əgər, bir adam gözəl ailə sahibi olmaq istəyirsə, sənəti də, təhsili də buna uyğun tənzimlənəcək. O cümlədən bu, gənc müğənnilərə də aiddir”.

Ə.Qəşəmoğlu qeyd edib ki, ən mühüm rol oynayan məsələlərdən biri dəyərlərdir:

“Mənəvi dəyərlər öndə olanda bu, müğənninin həyatında fərqli rol oynayır. Digər dəyərlər ön planda olan zaman isə tamamilə başqa situasiya yaranır. Ola bilər ki, mühit imkan verməyəndə mənəvi dəyərlər müğəninin ortadan çıxmasına səbəb olsun. Bu səbəbdən qeyd etdiyim faktorları birlikdə nəzərdən keçirməliyik. Əgər ölkəmizdə gənc müğənnilərin sürətlə boşanma hallarının baş verməməsini  istəyiriksə, elə bir mühit yaratmalıyıq ki, dediyim üç faktorun qarşılıqlı əlaqələri davranışa daha müsbət təsir etsin.

Müğənnilər daha çox öz həmkarlarından informasiya alırlar. Onlar da  bunlara ancaq kiminsə sərgüzəştlərindən, ailənin karyeraya mane olmağından danışır. O cümlədən bu cür xəbərlərlə bağlı tez-tez mətbuatda məlumatlar gedir. Hətta filmlər çəkilir, bədii əsərlər yazılır. Yəni gənc müğənnilərin boşanmasını sürətləndirən proseslərdən biri də aldıqları informasiyalardır”.

Sosioloq bildirib ki, indi bütün dünyada insanlar maddiyyata, şöhrətə köklənib:

“Mənəvi amillərə qarşı sanki böyük basqı var. Bunun hesabına  bu cür proseslər ölkəmizdə də davam edəcək. Həmçinin digər qorxulu tərəf də var. Müğənnilərdən bəzən  sosial, siyasi mexanizmlərin həyata keçirilməsi istiqamətində vasitəçi kimi istifadə edirlər. Yəni əgər bir ölkədə mədəniyyət, mənəviyyat sisteminə güclü təsir etmək istəyirlərsə, maraqlı olan qüvvələr müğənnilərə də müraciət edirlər.

Lakin ailəsini dağıtmadan da böyük uğurlar qazanan müğənnilər var. Onların təcrübəsini öyrənmək və geniş təbliğ etməklazımdır. Mənə elə gəlir ki, həyat yoldaşı ilə müğənninin maraqları üst-üstə düşəndə, aralarındakı sevgi hissi güclü olanda ailə dağıdılmadan da nailiyyətlər əldə etmək olar. Təəssüf ki, biz cəmiyyətimizdə bu istiqamətdə işlər görmürük. Halbuki böyük ailə ənənələrini təbliğ etmək önəmlidir”.

Tanınmış psixoloq Elnur Rüstəmovdeyib ki, əslində müğənnilərin boşanması və ya ailəsini dağıtdıqdan sonra sənətə gəlməsi məsələsi nisbi yanaşmadır:

 

“Burada əsas məsələ  sənət adamı və onun tərəf müqabilinin bir-birini nə qədər anlamasıdır. Çünki sənət adamlarının müəyyən qədər düzənli həyatları olmur, tədbirlərdə, səfərlərdə olurlar.

Onlar psixoloji baxımdan  bir qədər həssas insan kimi dəyərləndirilir, diqqət istəyirlər. Digər tərəfdən müğənnilərin onlarla mütəmadi olaraq əlaqə yaradan tərəfdarları, fanatları olur. Əlbəttə bu da istər-istəməz  onların tərəf müqabilində, yəni həyat yoldaşlarında qısqanclıq, narahatlıq yarada bilər.

Lakin zamanında müğənnilər psixoloji dəstək alsa, ailənin dağılmasına gərək qalmayacaq. Qeyd etdiyim kimi tərəflərin bir-birini anlaması, qarşı tərəfin müğənninin sənətini nə qədər tanıması, gözlənilən hadisələrdən məlumatlı olması önəmlidir.

Bu gün Azərbaycan mədəniyyət və incəsənətində kifayət qədər  gözəl ailəsi olan və sənətdə uğur qazanan insanlar var. Boşanandan sonra müğənni olmağa can atanların psixologiyası isə tamamilə fərqlidir.

Onlar düşünür ki, ailəli olanda müəyyən qadağalar var idi, öz potensiallarını reallaşdıra bilmirdilər. Lakin ailələri dağıldıqdan sonra sərbəst olduqlarını zənn edib məşhurluğa, müğənni olmağa cəhd göstərib, özlərini sənətə həsr etməyə qərar verirlər”.

Maqazin müxbiri  Könül İbrahim qeyd edib ki, hələ də Azərbaycanda müğənnilərə, sənət adamlarına qarşı fikir birmənalı deyil:

“Müğənnilər özləri də  həmkarı olan xanımla evlənmək istəmir, oğluna sənətçi qız almır. Bunun bir səbəbi onlara çox zaman dırnaqarası baxılmasıdır.

 

Eyni zamanda müğənni həyat yoldaşı olmaq asan deyil.  Xüsusilə, qadın müğənnilərin  həyat yoldaşları onların iş qrafikinə dözə bilmir.

Çünki bəzən xarici ölkələrə qastrola gedirlər, bəzən gec saatlara qədər toy oxuyurlar, səsyazma studiyalarında saatlar  keçirirlər və sair. Ailəyə zaman ayırmağa vaxt qalmır. Bir çox müğənninin ailəsi buna görə dağılır.

Elə müğənnilər də var ki, içindəki sənət sevgisini yox edə bilmədiyi üçün ailəsini dağıdıb, sənətə gəlir. Varlı sevgili tapmaq üçün müğənni olanlar da az deyil. Onların  istəyi sənət deyil, imkanlı kişi tapmaqdır. Səsləri olmasa da, hər kəs onları tənqid etsə də, veclərinə deyil. Soyunub kişi ovuna çıxırlar. Beləsi həm sənəti gözdən salır, həm də  digər əxlaqlı müğənnilərin adını ləkələyir”.

Paylaş: