Be. Avq 19th, 2019

“Türkiyə və Azərbaycanın dollardan imtinası asan deyil”

İqtisadçı: “Heç bir iş adamı rahat yolu qoyub daha çətin yola getməz…”

“Yaxın zamanda Azərbaycan və Türkiyə öz milli valyutaları ilə ticarət həyata keçirə biləcək”. Bu sözləri Türkiyənin ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib. Nazir qeyd edib ki, Azərbaycan və Türkiyənin milli valyutaları ilə ticarət etməsi çox vacibdir. 

“Bununla bağlı hər iki ölkənin Mərkəzi Banklarına həm Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, həm də Azərbaycan Prezidenti İlham Əliyev müvafiq təlimatlar verib. Hazırda texniki işlər demək olar ki, yekunlaşıb”, – deyə o qeyd edib. Nazir iki ölkə arasında sərbəst ticarətin həyata keçirilməsi ilə bağlı müzakirələrin aparıldığını da deyib. 

Xatırladaq ki, bir müddət əvvəl Rusiya və Türkiyə dollardan asılılığı aradan qaldırmaq üçün idxal-ixrac əməliyyatlarını milli valyutada aparacaqlarını bəyan etmişdi, lakin hələ də ortada nəticə yoxdur. Səbəb iqtisadi səmərə baxımdan ortaq nöqtələrin araşdırılmasının davam etdirilməsidir. 

Qeyd edək ki, iki ölkə arasında dollardan imtina edib, milli valyuta ilə ticarət əməliyyatlarının aparılması o qədər də asan məsələ deyil. Burada ciddi risklərin olması əsas müzakirə mövzusudur. Çünki hər iki ölkənin milli valyutası kifayət qədər volatilliyi ilə seçilir.

Картинки по запросу İqtisadçı ekspert Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında belə bəyanatların böyük əksəriyyətinin siyasi motivli olduğunu söylədi: “ Burada iqtisadi məntiq yoxdur. Azərbaycan manatı bir müddətdir ki, dollara nisbətdə sabit qalsa da, türk lirəsi həddən artıq oynaq bir valyutadır. Son illərdə ümumiyyətlə, tez-tez dəyərdən düşməsi, sonra bir qədər dəyər qazanması, kifayət qədər oynaq olması ilə yadda qalıb. Bu, onu deməyə əsas verir ki, iş adamlarına öz milli valyutalarında əməliyyatların həyata keçirilməsi risklidir. Bu riskləri kim sığortalayacaq? Bu sual açıq qalır. Əgər hər hansı azərbaycanlı iş adamı türk lirəsi ilə ticarət edəcəksə, o türk lirəsini əldə etmək üçün başqa bir valyutanı lirəyə çevirməlidir. Bu da ikiqat əməliyyatların aparılmasına səbəb olur ki, o məzənnə fərqlərində də itkilər yaşanır. O cümlədən türk iş adamı da Azərbaycan manatını əldə etmək üçün Azərbaycan banklarına müraciət etməlidir. Bizdə təəssüf ki, hərraclarda oyunçuların sayı məhduddur, valyuta satan yalnız Neft Fondudur, alan isə banklardır. Hərraclar da tam formal xarakter daşıyır. Ona görə də, onlar Azərbaycan banklarına müraciət etməlidirlər ki, əllərindəki dolları, funt-sterlinqi və ya avronu manata çevirib Azərbaycanla iş qursunlar. Bu iş adamları üçün ciddi bir problemə çevrilə bilər. Heç bir iş adamı rahat yolu qoyub daha çətin yola getməz. Əgər buna dövlət dəstəyi olacaqsa, iş adamlarının itkiləri dövlət tərəfindən qarşılanacaqsa, bu haqda düşünməyə dəyər. Bu da daha böyük problemə səbəb ola bilər”. 

N.Cəfərlinin sözlərinə görə, hazırda dünya ticarətinin 70 faizi dollar üzərindən aparılır: “Bir çox ölkələr bu tipli bəyanatlar səsləndirirlər. Ən çox Rusiya belə bəyanat verir və 4 il bundan öncə Çinlə dollardan imtina edib, yuan və rublla alış-veriş etməklə bağlı qərar verdilər. Aradan 4 il keçməsinə baxmayaraq, Çinlə Rusiya arasındakı 80 milyard dollara yaxın ticarət dövriyyəsinin cəmi 2-3 faizi milli valyutada aparılır, qalanı dollar və avro üzərindən görülür ki, bu da iş adamlarının rahatlığının saxlanılması baxımındandır. O baxımdan bu bəyanatların böyük əksəriyyəti siyasi bəyanatlardır. Qərblə Amerikaya bir mesaj vermək üçün istifadə olunan bəyanatlardır. Ancaq reallıq onu göstərir ki, dünya ticarətində müqavilələrin 70 faizdən çoxu dollarla bağlanır. 

Oturuşmuş bir sistem var. Bu sistem iş adamlarının rahatlığı üçün önəmlidir. Pul köçürmələrin böyük əksəriyyəti dollar üzərindəndir. Bunu milli valyutalara çevirmək çox çətin prosesdir. Hər iki tərəfdən ciddi dövlət dəstəyi lazımdır. Dövlət riskləri öz üzərinə götürməlidir. Mən inanmıram ki, Türkiyə və ya Azərbaycan dövləti indiki şəraitdə belə riskləri öz üzərinə götürsün”. 

İqtisadçı ekspert onu da vurğuladı ki, manatın da, lirənin də məzənnəsi müstəqil şəkildə deyil, çarpaz məzənnə ilə , yəni dollara nisbətdə müəyyənləşir: “Bu da əlavə itkilərə səbəb olub. Türk iş adamları lirənin manata olan nisbətini dollarla hesablayacaq. 

Manatla lirənin birbaşa məzənnəsi yoxdur. Azərbaycan Mərkəzi Bankı da hər iş günündə valyuta məzənnələrini elan etdikdə, rubl, türk lirəsi və ya larini dollara nisbətdə çarpaz məzənnə ilə hesablayır. Yəni məzənnənin birbaşa müəyyən olunması mexanizmi yoxdur. O cümlədən Türkiyədə də belə bir yanaşma var. Türk birjalarında da əsasən dollar üzərindən hesablamalar aparılır”.     /Yeni Müsavat/

Paylaş: