03 Dekabr 2020 04:42

Ankarada keçirilən sərgidə “Unudulmayan Xocalım” kitabına böyük maraq göstərilib

Fevralın 18-25 –də qardaş Türkiyənin paytaxtında XII Ankara kitab sərgisi keçirilib. Sərginin təşkilatçıları Başkent Ədəbiyyat Dərnəyinin rəhbəri Ahmet Kurt, həmin dərnəyin İdarə Heyətinin üzvləri İnayet Millidere və Yusuf Millidere, eyni zamanda Denizli Yaren Kültür-Sənət Turizm Dərnəyinin rəhbəri, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin xalq şairi Safiye Samyeli tərəfindən həmyerlimiz, şair və yazar Könül Ordubadi də tədbirdə iştirak etmək üçün dəvət edilib. Sərgidə 3 gün ərzində Könül Ordubadinin iştirakı ilə “Unudulmayan Xocalım” kitabının imza günləri olub. “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Türkiyədəki nümayəndələri də həmin tədbirdə fəallıq göstəriblər. Bir sıra türkiyəli və azərbaycanlı şair və yazarlar, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr, ictimaiyyət nümayəndələri “Unudulmayan Xocalım” kitabına böyük maraq göstərib, faciə barədə geniş məlumatları ədəbi dildə geniş oxucu kütləsinə çatdırdığına görə müəllifə minnətdarlıqlarını ifadə ediblər. Bu barədə suallarımızı cavablandıran Könül Ordubadi qeyd etdi ki, bu gün Türkiyə ictimaiyyəti Xocalı soyqırımını törədənlərə qarşı özünün nifrətini yüksək səslə ifadə edir. Bəlkə də bunun təzahürüdür ki, sərgidə ən çox maraq göstərilən nəşrlər sırasında “Unudulmayan Xocalım” kitabı daha çox diqqətləri cəlb etdi. Müəllif bildirdi ki, bu məsələdə Türkiyənin və Azərbaycanın dəyərli ziyalıları, şair və yazıçıları öz dəstəklərini əsirgəmədilər. “Üç gün bizimlə çiyin-çiyinə verərək dəstəklərini əsirgəməyən dəyərli şair dostlarım Arifə Aslana, Zeynəb Naxçıvanlıya, informasiya dəstəyinə görə Rauf Əliyev Kəngərliyə, imza günlərində həmişə yanımda olan Safiyə Samyeliyə, Gülay Göktürkə, Süleyman Altunbaşa, İnayet Millidereyə və Azərbaycan sevdalısı olan digər dəyərli Türk yazarlarına çox-çox təşəkkür edirəm”, – deyə Könül Ordubadi bildirib.

Paylaş: