C. Sen 20th, 2019

“Onları zəhərləyəcəklər, ehtiyatlı olsunlar!” – Azərbaycanlı politoloqdan XƏBƏRDARLIQ

“Rusiyanın kimdən xoşu gəlmirsə, onu zəhərləyəcək. Rusiyanın tənqidçiləri ehtiyatlı olsunlar, kənar yerdə yediklərinə, içdiklərinə diqqət etsinlər!”

Turkustan.info xəbər verir ki, bu sözləri “Atlas Araşdırmalar Mərkəzi”-nin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bir neçə il əvvəl Putinin əsas tənqidçilərindən olan Rusiya kəşfiyyat xidmətinin keçmiş zabiti Litvinenkonu Londonda zəhərləyib öldürdülər: “Özü də adi zəhər deyildi, çayına qarışdırılan maddədə nüvə tullantıları var idi. Nəticədə Litvinenkonun zəhərləndiyi restoranda və yaxın məhəllədə bir neçə günlük karantin elan olundu. Budur, yenə Rusiya xəfiyyəsinin keçmiş zabiti və yenə eyni məkanda – Londonda müəmmalı şəkildə zəhərlənib. Rusiya hərbi kəşfiyyatının keçmiş zabiti Sergey Skripal qızı ilə birgə restoranlardan birində nahar etdikdən sonra küçənin ortasında yıxılıblar, hər ikisi müəmmalı maddədən zəhərlənib, vəziyyətləri ağırdır”.

Elxan Şahinoğlu xatırladıb ki, Ukraynada 2000-ci illərdə prezidentliyə əsas namizəd Viktor Yuşşenkonu da xarici ölkələrdən birində zəhərləmişdilər: “Dəst xətt eyni idi – ölkənin keçmiş prezidenti çay içdikdən sonra özünü pis hiss etmişdi. O zaman plan alınmadı, Yuşşenko sağ qaldı və Rusiyanın acığına Ukrayna prezidenti seçildi, ancaq sağlığı həmişəlik pozuldu. 2013-cü ildə Yuşşenkodan müsahibə alırdım, üz çizgilərində dəyişiklik açıq-aşkar hiss olunurdu”.

Politoloqun sözlərinə görə, belə çıxır ki, Rusiyanın kimdən xoşu gəlmirsə, onu zəhərləyəcək: “Rusiyanın tənqidçiləri ehtiyatlı olsunlar, kənar yerdə yediklərinə, içdiklərinə diqqət etsinlər!”

Paylaş: