Ç. Yan 22nd, 2020

Jurnalist Aida Eyvazlı təşkilat yaratdı

Tanınmış jurnalist, “Aprel şəhidləri”ndən bəhs edən “Qalibiyyət: şahidlər və şəhidlər” kitabının müəllifi Aida Eyvazlı yeni təşkilat yaradıb.
Turkustan.info bildirir ki, bu barədə Modern.az-a danışan Aida Eyvazlı təşkilat barədə məlumat verib.

““Aprel-2016 şəhid ailələrinə dəstək” ictimai birliyini yaratmışıq. Təşkilatın ilk təsis yığıncağı aprelin 2-də keçiriləcək. Təşkilatın təsisçiləri mənimlə Sevinc Əlizadədir.
Bəzi yerlərdə şəhid ailələrinə münasibət birmənalı deyil. Bəzi bölgələrdə etinasızlıq var. Hadisələrdən sonra bir neçə şəhid ailələrinin problemlərini mətbuatda işıqlandırıb onlara dəstək olmağa çalışdıq. Problemlərin bir çoxu öz həllini tapdı. Ona görə də “Aprel şəhidi”miz olan polkovnik Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova ilə birgə belə qərara gəldik ki, yeni bir təşkilat yaradaq. Çünki nəsə bir problem olanda şəhid ailələri mənə zəng edib dəstək istəyirlər. Düzü, belə bir birliyin yaradılmasını çoxdan düşünürdüm. Sonra hiss etdim ki Sevinc xanım da bunu istəyir. Ona görə də bir yerdə yaratmağa qərar verdik. Nə yaxşı ki, yaratdıq.
Məramımız, istəyimiz ondan ibarətdir ki, Azərbaycanın qəhrəmanlıq tarixini əbədiyyətə qədər yaşadaq. Hər kəs hər zaman bilsin ki, onlar qəhrəman olublar, Vətən yolunda canlarını veriblər. Onlar üçün hər şeydən öncə Vətəndir. Məktəblərdə vətənpərvərlik ideyalarının daha yaxşı təbliğ olunmasını istəyirik”.

Təşkilatın ofis məsələsinə gəlincə, xanım jurnalist hələ ki, ofissiz olduqlarını deyib.

“Hələ ki, ofisimiz yoxdur. İnanıram ki, bu xeyirxah işimizdə bizə yardım edənlər olacaq”.

Paylaş: