Bz. Sen 22nd, 2019

Nuriyyə Hüseynova üçün ÖZƏL GÜN – Video

Bu gün Türk dünyasının sevilən müğənnisi, Azərbaycanın Əməkdar artisti, xanəndə Nuriyyə Hüseynovanın doğum günüdür.

Nuriyyə İsmayıl qızı Hüseynova Azərbaycanın qədim diyarı Naxçıvanda – Ordubad rayonunda dünyaya gəlib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solistidir.Əməkdar Artist Nuriyyə Hüseynova Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında muğam ixtisası üzrə təhsil almışdır.

Asəf Zeynallı adına Musiqi texnikumunda, 8 saylı uşaq musiqi məktəbində dərs demişdir. 1994-cü ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllimə kimi çalışır. Eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.

Nuriyyə Hüseynova ansamblın tərkibində bir çox dövlət tədbirlərində çıxış etmişdir. 2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində “UNESCO”-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmiş, ansamblın ifasında “UNESCO” tərəfindən kompakt-disk buraxılmışdır.

O, ansambl ilə birgə 2005-ci ildə Düşənbədə keçirilən “Qəlblərin səsi” festivalında, İstanbul şəhərində “İslam ölkələrinin mədəniyyət həftəsi” çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış etmişdir.

2007-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür.

“Türküstan” ailəsi olaraq əziz Nuriyyə xanımı doğum günü münasibətilə təbrik edir, Tanrıdan möhkəm cansağlığı, yorulmaz fəaliyyətində uğurlar arzulayırıq.

Özəl günündə Nuriyyə xanımın ifa etdiyi çox sevilən bir əsəri – sözləri Nizami Muradova, bəstəsi Çilənay Hüseynovaya aid “Eşq bir sirdir” mahnısını tədim edirik:

 

 

Paylaş: