Ça. Yan 28th, 2020

“Putin seçiləcək, Qarabağın işğalı isə…”: Politoloqdan proqnoz

“Vladimir Putinin yenidən prezident seçiləcəyi şübhə doğurmur. İkinci yeri böyük ehtimalla Pavel Qrudinin tutacaq”.

Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib k, Qrudinin özü kommunist olmasa da, namizədliyi Kommunist Partiyası tərəfindən irəli sürülüb: “Partiyanın lideri Gennadi Züqanov bu dəfə namizəd olmadı, nəticəni anladığından Qrudinini irəli sürdü. Qrudininin seçki kampaniyasını izlədim, hazırcavab, nə etdiyini bilən şəxs təəssüratı bağışlayır. Ancaq xarici banklardakı hesabların qaynağını göstərə bilmədiyindən rəqiblərinin hücumlarına məruz qaldı və bu məqam onun nüfuzuna zərər vurdu. Buna baxmayaraq, ikinci yeri tutacağını proqnozlaşdırıram. Digər namizədlər 2-5 faiz arasında səs qazanacaqlar”. 

Elxan Şahinoğlu qeyd edib ki, bu seçkidə liberalların iki namizədi var: “Qriroriy Yavlinski və Kseniya Sobçak. Yavlinski SSRİ illərindən tanınmış iqtisadçıdır, Rusiyada liberal cərəyanın yaradıcılarındandır. Problem ondadır ki, liberal ideya Rusiyada populyar deyil, Boris Yeltsinin dövrünün xaosunu unutmayıblar. Kseniya Sobçak keçmiş şou aparacısıdır, atası kimi liberal ideyaları bölüşür, mərhum atası Sankt-Peterburqun meri olub, indiki prezident Vladimir Putin onun işçisi olub. Sobçak azadlığı hər şeydən üstün tutan gənclərin səsinə ümid edir. Rusiyada prezident seçkisi ilə bağlı gün ərzində mənə ən çox iki sual verilir.

Birinci sual: Rusiyada prezident seçkisindən sonra Qərb-Rusiya münasibətlərində normallaşma başlaya bilərmi?

İkinci sual: Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışı dəyişə bilərmi?

Hər iki suala cavabım eynidir: Xeyr! Tam əksinə, Qərbin Rusiyaya qarşı sanksiyaları sərtləşəcək. Putin Krımı işğal etməklə, müxtəlif dövlətlərdə gizli şəkildə seçkilərə müdaxilə etməklə və ən nəhayət Qərb ölkələrində keçmiş rus xəfiyyələrinin qətllərinə nadir zəhərlərlə fərman verməklə Qərblə bütün körpülərini yandırıb. Qərb Putinin Rusiya daxilində mövqelərini və elə Rusiyanın özü zəiflətməyənə qədər ondan əl çəkməyəcək. Qarabağ istiqamətində də dəyişiklik olmayacaq. Putin Qarabağ münaqişəsinin ədalətli həllinə bundan sonra da maraq göstərməyəcək. Putinin Ərdoğana verdiyi cavabı bir daha xatırlayaq: “Qarabağ münaqişəsini həll etmək çətindir, tərəflərin mövqeləri bir-birindən fərqlənir”. Rusiyanın Ermənistan hakimiyyətinin mövqeyini dəyişmək iqtidarında olmadığına kim inanar?”   /Cebhe.info/

Paylaş: