Rəhbərlik dəyişdi, müddət uzadıldı, güzəşt olundu — Vəziyyət düzələcəkmi?
Professor: “Vergilər ilə bağlı əsas problemlər vergi siyasətinin formalaşmasında mövcud olan nöqsanlar ilə bağlıdır”
“Azərbaycanda vergi ödəyicilərinin sənədləşmələri qaydasında olmadığı təqdirdə, vergi orqanları onlara müvafiq sanksiyalar tətbiq edəcək”. Turkustan.info Report-a istinadən xəbər verir ki, bunu vergilər nazirinin müşaviri Xaqani Abdullayev deyib.
“Müəyyən çətinliklər nəzərə alınaraq, vergi ödəyicilərinə ilin sonuna qədər vaxt verilir. 2019-cu il yanvarın 1-dən bütün vergi ödəyiciləri tam şəffaf fəaliyyət göstərməlidirlər. Keçid dövründə vergi hesablamaları və ödənişləri real vəziyyəti əks etdirməklə həyata keçiriləcək” — o qeyd edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında məsələyə münasibət bildirib. O deyib ki, vergi sistemində, ümumiyyətlə, fiskal siyasət sistemində şəffaflığın təmin olunması aidiyyəti dövlət orqanlarına, ilk növbədə Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinə aid olan məsələlərdir. Vergilər ilə bağlı məsələlər Vergilər Nazirliyinin vəzifə borcudur.
Professor düşünür ki, vergi ödəyicilərinə şəffaflığın təmin olunması ilə bağlı ilin sonuna qədər vaxt verilməsi bir qədər təəccüblü yanaşmadır: “Vergi hesabatlarındakı, vergi sistemindəki şəffaflığın təmin olunması məsələləri vergi orqanlarının vəzifə borcudur və bu barədə əlavə şərhə ehtiyac olmamalıydı. Görünür, bu şərh onunla izah olunur ki, Vergilər Nazirliyi sistemində ciddi problemlər mövcud olub. Nəticədə nazirliyin mexanizmi kifayət qədər işlənilib və praktiki effektini verməyib”.
İqtisadçının fikrincə, vergilər ilə bağlı əsas problemlər vergi siyasətinin formalaşmasında mövcud olan nöqsanlarla bağlıdır: “Sözsüz ki, orada subyektiv amillər də var. Amma düşünürəm ki, başlıca problem vergi siyasətinin formalaşmasındakı nöqsanlar ilə bağlı olub. Bu, ilk növbədə ölkədə proqressiv vergi sisteminə keçidlə bağlıdır. Çünki uzun müddət ərzində bu barədə müəyyən diskussiyalar olsa da, yenə də buna keçid təəssüf ki, Azərbaycanda baş verməyib”.
“Digər tərəfdən, vergi yükünün bölünməsi məsələsi var. Yəni, inkişaf edən iqtisadi sistemlərdə vergi yükü daha çox hüquqi şəxslər yox, fiziki şəxslər üzərində qurulur. Təxmini optimal nisbət burada 65-70 faizin 30-35 faizə qədər olmasından ibarətdir. Əsas yük fiziki şəxslərin üzərinə düşməlidir ki, real sektor, iqtisadi fəallıq inkişaf etdirilsin. Təəssüf ki, bizdə rəqəmlər, yumşaq desək, bir qədər başqadır. Ona görə də biz onun şahidi olduq ki, vergi yükü bir çox iqtisadi fəallıq subyektləri üçün çox ağır olub” — o əlavə edib.
Professorun fikrincə, digər tərəfdən, vergi hesabatlarında şəffaflığın təmin olunması bilavasitə Vergilər Nazirliyinin və digər aidiyyəti qurumların vəzifə borcudur: “Bütün vergiyə cəlb olunan iqtisadi subyektlərin tam qanuni şəkildə fəaliyyət göstərməsinin təmin olunması üçün Vergilər Nazirliyinin əlində lazım olan hüquqi normativ və qanunvericlik bazası var”.
İqtisadçı-ekspert Cəfər İbrahimli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, vergi ödəyicilərinə işlərinin qaydasına salınması üçün vaxt verilməsi yaxşıdır: “Bu, sahibkarlara bir mənada güzəşt kimi düşünülə bilər. Sahibkarların şəffaf sistemə keçmələri üçün çətinlik çəkdikləri müşahidə olunur. Bunu üçün müəyyən vaxtın verilməsi yaxşı olar. Şirkətlər isə bu vaxtı sui-istifadə müddəti kimi başa düşməməli və bir an əvvəl qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməlidir. Bu, həm dövlətin, həm də sahibkarların xeyrinə ola bilər”.
X.Abdullayev vergi ödəyiciləri ilə münasibətdə onların hüquqlarının və qanuni mənafelərinin qorunmasına xüsusi diqqət yetirildiyini söyləyib: “Vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi dəqiqləşdiriləcək. Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicilərinin iştirakı ilə araşdırılacaq, Apelyasiya Şurasının fəaliyyəti fəallaşdırılacaq, vergi administrasiyası daha açıq şəkildə çalışacaq”.