Be. Noy 18th, 2019

Kreml “müharibə zəngi” çaldı – QARABAĞDA

Dağlıq Qarabağda yeni müharibə qaçılmazdır. Bu iddia ilə Rusiya hərbi dairələri çıxış edib. Belə ki, Rusiya hərbi dairələrinə bağlı Strategiyaların və Texnologiyaların Analizi Mərkəzi özünün “Fırtınanı gözləyərkən: “Cənubi Qafqaz” başlıqlı hesabatında çıxış edib. Ekspertlər hesab edirlər ki, münaqişənin kəskinləşməsi bir neçə səbəbdən ola bilər. Səbəblər bunlardır: Azərbaycanın hərbi-texniki üstünlüyü, neftin qiymətinin yenidən yüksəlməsi, demoqrafik disbalans, habelə Ermənistanın işğal etdiyi və Dağlıq Qarabağ ətrafında yerləşən rayonların ermənilərin lehinə hüquqi möhkəmləndirməsinin mümkün olmaması…

Hesabatda o da bildilir ki, Bakı, o cümlədən, sürətli demoqrafik artımdan irəli gələn sosial problemlərlə qarşılaşır. Kəndlərdən gənclərin şəhərə axını və iş tapa bilməməsi ciddi daxili siyasi risklər yaradır. Ona görə də, Ermənistan tərəfdən istənilən zəiflik Bakının əlində Qarabağda yeni hərbi əməliyyatlara başlamaq üçün fürsət ola bilər. Əgər hücum ildırım sürətli olarsa, Bakı qələbə əldə edə bilər.

Siyasi şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Rusiya ekspertlərinin bu fikirləri həqiqətə söykənir: 

“Prosesləri analiz etdikdə Azərbaycanın öz torpaqlarını azad etməsi üçün həm hüquqi, həm də hərbi əsası var. Azərbaycanın işğal altında olan torpaqları azad etməməsi böyük suallar doğura bilər. Yəni bu ən azı ölkə daxilində cəmiyyət tərəfindən müəyyən suallarla qarşılana bilər ki, niyə Azərbaycan dövləti milyardlarla pul xərcləyərək ən müasir silahları alıb, qüdrətli bir ordu yaradıb, ancaq işğaldakı torpaqlar azad olunmur? O torpaqlar ömürlük erməni əsgərlərinin ayaqları altında inləməli deyil ki… Azərbaycan hüquqi, hərbi, həm də siyasi cəhətdən zəmin yaratmalıdır ki, torpaqlar azad olunsun. Azərbaycan düşmən qarşısında böyük üstünlüyə malikdir. Belə olduğu təqdirdə Azərbaycan nəyi gözləyir? Baxın, bu gün Türkiyə sərhədlərində Türkiyənin təhlükəsizliyini təhdid edən bir çox təhlükələr mövcuddur. Bunlardan biri də terror dəhlizinin yaradılması və terrorçu qüvvələrin türk sərhəddi boyunca təşkilatlanması, eləcə də güclənməsidir. Türkiyə dövləti dərhal öz təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçdi və “Zeytun Budağı” əməliyyatı keçirilməklə ABŞ-n dəstəyinə rəğmən terror qüvvələrinə güclü zərbə vuruldu. Yəni bütün bunlar Azərbaycan dövləti üçün ibrət və örnəkdir. Azərbaycan torpaqları da uzun müddət erməni işğalında qala bilməz”.

Politoloq hesab edir ki, artıq erməni dövlətinin Azərbaycan torpaqlarını işğal alında saxlaması üçün heç bir zəmin yoxdur: 

“Azərbaycan dövlətinin öz torpaqlarını azad etməsi üçün bütün əsaslar və mühit mövcuddur. Azərbaycan bu mühitdən, vəziyyətdən istifadə edərək, hərbi yolla öz torpaqlarını azad etməyə başlamalıdır. Doğrudur bu hərbi əməliyyatların uzunmüddətli olmasına əngəl olan geosiyasi amillər mövcuddur. Amma Azərbaycan hardasa bir yerdən başlamalı, bir neçə bölgəni azad etməli, ordusu zəif düşmüş Ermənistanı sülh masasına oturtmalıdır. Yoxsa ki, Ermənistan bu cür danışıqlar çərçivəsində bu prosesi daim təxribatlarla sabotaj edəcək. Beləliklə də proses uzanacaq. Düşünürəm ki, artıq Azərbaycan dövləti buna son qoymalıdır. Rusiya ekspertlərinin dediyi də əslində buna əsaslanıb. Artıq erməni işğalına qarşı Azərbaycanda hərəkətlənməyə ehtiyac var. Bunun üçün də həm regionda, həm Suriya cəbhəsində, həm də qlobal səviyyədə bir mühit var. Azərbaycan Ermənistana çox sərt şəkildə dərhal işğal zonalarından ordusunu çəkməklə bağlı nota verməlidir. Çəkilmədiyi təqdirdə qısa zamanda BMT nizamnaməsində qeyd edilən hüququndan yararlanaraq öz torpaqlarını işğaldan azad etməyə başlamalıdır. Azərbaycan həm də antiterror əməliyyatları keçirməlidir. Hətta bunu Türkiyə ordusunun dəstəyi ilə birgə keçirə bilər”.    /cebhe.info/

Paylaş: