Bz. Sen 22nd, 2019

ADAU-da 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ ilə bağlı tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin Ictimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları Aqrar iqtisadiyat, Aqrobiznes və idarəetmə fakültələrində  31 Mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirib.

Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov  açıb, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri haqqında ətraflı məlumat verib.  Bildirib ki, 1918-ci ilin mart-aprel aylarında ermənilərin Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Muğan və Lənkəranda törətdiyi soyqırım nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan yurd-yuvasından didərgin salınıb. Təkcə Bakıda 30 min nəfər xüsusi qəddarlıqla öldürülüb.  Bu gün soyqırım aktının dünyaya çatdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla müntəzəm iş aparılır.

Ictimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Aad Bayramov 19-cu əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən düşünülmüş şəkildə Azərbaycanlılara qarşı törədilən  soyqırımı nəticəsində yüzlərlə yaşayış məntəqəsinin dağılmasından,  yüz minlərlə azərbaycanlının qətlə yetirilməsindən, Azərbaycanın başqa bölgələrində də soyqırımın xüsusi qəddarlıqla həyata keçirilməsindən danışıb və deyib ki,  azərbaycanlıların kütləvi şəkildə qırılmasını, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixində ən qanlı səhifələrdən biri hesab etmək olar.

Kafedranın müəllimlərindən Şəfa Musayeva, Səbinə Əlizadə, tələbələrdən Gülçin Quliyeva, Sevinc Abdullayeva, Samirə Quliyeva, Nərminə  Hüseynova, Ruslan Vəliyev və başqaları çıxşlarında bildirib ki, 1918-ci il martın 31-də Bakı kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməyən vəhşiliklər ediblər.  Onu da deyiblər  ki, bu soyqırım əsl hüquqi-siyasi qiymətini Azərbaycan dövlət Müstəqilliyinə qovuşduqdan sonra alıb. Ulu öndər Heydər Əliyevin Mart hadisələrinin 80-ci ildönümü ərəfəsində – 26 mart 1998-ci il tarixli Fərmanı erməni təcavüzkarlarının terror hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olub. Bu Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından bir növ proqram sənədidir.

Paylaş: