C. Noy 22nd, 2019

Azərbaycan Respublikasının İrandakı Səfiri MEK-i ziyarət edib

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı (İİR) Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bünyad Hüseynov AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib. Səfir MEK-in Sərgi salonunda, Akademiklər zalında, eləcə də kitabxananın başqa informasiya təminatı məkanlarında mühafizə olunan Azərbaycan və dünya mədəniyyətini, tarixini əks etdirən sənədlərlə tanış olub.

Qarşılıqlı əməkdaşlığın müzakirəsi zamanı Səfir Bünyad Hüseynov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət kitabxanasına MEK tərəfindən təqdim olunan ədəbiyyatın əsasən AMEA-nın çap etdiyi elmi əsərlərdən formalaşdırılması taktikasını Azərbaycanın elmi potensialının tanıdılması baxımından yüksək qiymətləndirib. Səfri İİR-in kitab siyasətindən, MEK-in Şərq ədəbiyyatı fondunda mühafizə olunan ərəb əlifbası ilə yazılmış Azərbaycan ədəbiyyatının İranda Azərbaycan mədəniyyətinin və tarixinin təbliği üçün  önəmindən bəhs edib. O, Mərkəzi Elmi Kitabxananın İranın aparıcı kitabxanalarından biri ilə əməkdaşlıq əlaqələrinin qurulması üçün yardım göstərəcəyini bildirib. MEK direktoru Leyla İmanova İƏT üzv dövlətlərinin Mədəniyyət kitabxanası və səfirliyin kitabxanasını zənginləşdirmək məqsədilə hazırlanmış kitab kolleksiyasını səfirə təqdim edib və bu fəaliyyətin davamlı olacağını bildirib. Leyla İmanova Azərbaycanın xaricdəki diplomatik missiyaları tərəfindən Azərbaycan haqqında xarici dillərdə hazırlanmış ədəbiyyat ilə Milli Rəqəmsal Yaddaş bazasının zənginləşdirilməsindən, beynəlxalq kitab mübadiləsindən danışıb.
Görüşün sonunda Azərbaycan Respublikasının İran İslam Respunlikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bunyad Hüseynov Mərkəzi Elmi Kitabxananın beynəlxalq əlaqələrinin genişləndirilməsinə, kitabxananın fondlarının və yeni yaradılmış Diplomatik fondunun zənginləşdirilməsinə, eləcə də Azərbaycan Milli Rəqəmsal Yaddaş layihəsinə verdiyi töhfəyə görə təşəkkürnamə ilə təltif edilib.

 

Paylaş: