Ç. Noy 13th, 2019

Bakı hərbi zərbəyə hazırlaşır – Sabiq nazirin şərhi

Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Axar.az-a müsahibəsini təqdim edirik:

– ABŞ Prezidenti Donald Tramp ötən gün Konqres tərəfindən daha əvvəl bəyənilmiş büdcə layihəsini imzalayıb. Gürcüstandan və Ukraynadan fərqli olaraq, Ermənistan maliyyə yardımı almayacaq. Bu, nədən qaynaqlanır?

– Tramp seçkiqabağı da belə bir bəyanatla çıxış edirdi ki, ABŞ daxili məsələlərlə məşğul olmalıdır və xarici yardım proqramları ciddi şəkildə azaldılmalıdır. ABŞ hökuməti təkcə Ermənistana deyil, böyük siyahıda yer alan digər ölkələrə də yardımı ya tamamilə dayandırır, ya da xeyli azaldır. Bu baxımdan Ermənistana xüsusi münasibət barədə fikirlər səsləndirmək hələ tezdir. Hadisələrin bundan sonrakı inkişafını gözləməliyik. Yalnız onda əsas rəy bildirməyə imkan olacaq.

– Tofiq müəllim, ABŞ-da milli təhlükəsizlik müşaviri vəzifəsinə Makmasterin əvəzinə bu ölkənin BMT-dəki keçmiş nümayəndəsi, müharibə tərəfdarı və İran əleyhdarı Con Boltonun gətirilməsi gözlənilir. Bu, Azərbaycana Qarabağ və digər siyasi məsələlərdə hansı üstünlükləri qazandıra bilər?

– Bu barədə uzunmüddətli proqnozlar vermək çətindir. Bolton antirusiya və antiiran mövqeyi ilə xüsusilə seçilir və o, Yuqoslaviyadakı proseslərdə çox fəal olub. Ümumiyyətlə, Boltonun təyinatı fonunda ABŞ-da antiiran meyilləri daha da güclənəcək. Bu baxımdan, müxtəlif amillərin, o cümlədən Azərbaycan faktorunun istifadəsi istisna olunmur. Hesab edirəm ki, Azərbaycan bu qarşıdurmada balanslaşdırılmış siyasət aparmalı, heç bir düşərgəyə yaxın olmamalı və neytral qalmalıdır. Bu siyasət ölkəmizin xeyrinə daha uğurlu olacaq. Yəni xoşməramlı bu və ya digər xidmətlər “düşərli” ola bilər. Ancaq qarşıdurmada fəal bir iştirakçıya çevrilmək düzgün olmazdı.

– Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun bu yaxınlarda Qarabağ müharibəsinin anonsunu verdi. Azərbaycan Ordusunun bir müddət öncə 25 minlik heyətdən ibarət irimiqyaslı hərbi təlimlərini nəzərə alsaq, son baş verənlər Qarabağ ətrafında vəziyyətin dəyişəcəyindən xəbər verir?

– Artıq Rusiyada kiminsə, hansısa fikri söyləməsinə ehtiyac yoxdur. Çünki indi Azərbaycan ictimaiyyəti də çox yaxşı başa düşür ki, danışıqlar mənasız və əsilsiz bir şəkildə qurulub. Bu fonda həmsədrlərin fəaliyyəti barədə tənqidlər həmişə səsləndirilib. Təbii ki, danışıqlar olmayan yerdə hərbi əməliyyatların bərpasının məntiqi bir davamı olacaq. Bu həqiqəti hamı başa düşür. Əgər danışıqlara ciddi şəkildə getməsə və Ermənistan qısa müddət ərzində ərazilərimizi boşaltmasa, müharibə qaçılmaz olacaq. Azərbaycan artıq bu siyasətini heç gizlətmək də istəmir. Keçirilən genişmiqyaslı hərbi təlimlər və son zamanlar alınan müasir silahlar məhz Azərbaycanın müdafiə imkanlarının daha da genişlənməsinə hesablanıb.

– Bu arada, Müdafiə naziri Zakir Həsənov ötən gün Türkiyədə səfərdə oldu və bir sıra görüşlər keçirdi. Bu səfərin əhəmiyyəti barədə fikirləriniz maraqlı olardı.

– Zakir Həsənovun Azərbaycanın əsas siyasi, iqtisadi, təhlükəsizlik tərəfdaşı olan qardaş ölkəyə səfəri çox vacib bir hadisədir. Azərbaycan müdafiə sahəsində Türkiyə ilə əməkdaşlıq üçün bütün imkanlarını istifadə etmək niyyətindədir ki, öz təhlükəsizlik və müdafiə imkanlarını, potensialını artırsın. Türkiyə bu proseslərdə hər zaman Azərbaycanın yanındadır. Bu baxımdan sözügedən əməkdaşlıq təbii prosesdir. O ki qaldı Türkiyənin Ermənistan-Azərbaycan konflikti ilə bağlı mövqeyinə, son zamanlar çox faydalı, əsaslı və qəti bəyanatlar səslənir. Bu, Azərbaycan və dünya ictimaiyyəti üçün bir siqnaldır. Ona görə də bu səfəri çox müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu səfərin yüksək dəyərini hamı yekdilliklə anlayır.

– Tofiq müəllim, Skripal olayına görə ittiham olunan Rusiya hazırda ABŞ və Qərb dövlətləri tərəfindən təklənib. Bu təcridolunma aksiyası Moskvanı münaqişəli məsələlərlə bağlı korrektələrə məcbur edə bilərmi?

– Birincisi, SSRİ-nin çöküşündən sonra Rusiyanın bir dövlət kimi dünyada yeni mövqeyinin və rolunun müəyyənləşməsi prosesləri gedirdi. Rusiya öz nüfuzunu genişləndirməyə çalışırdı. Ancaq Rusiya rəhbərliyinin ikinci fövqəl-dövlət olmaqla bağlı ambisiyaları digər iqtisadi, siyasi və hərbi güc dairələri tərəfindən qəbul olunmadı. Nəhayət, Qərbin bu siyasətə qarşı mənfi reaksiyası fonunda Rusiyanın xarici siyasətində düzəlişlər qaçılmazdır. Bu dəyişikliklərin hansı səpkidə olacağı və Qərbi qane edib-etməyəcəyi hələ sual altındadır. Bu proses yeni başlayıb və indiki mərhələdə Gürcüstanın probleminə, Qarabağ, Dnestryanı və ya Krım məsələsinə, yaxud da onların bir hissəsinə təsir göstərəcəyi barədə konkret fikir söyləmək çətindir. Qərb istəyir ki, Rusiya öz qonşularına təsirini azaltsın. Bu da istər-istəməz bu və ya digər şəkildə Rusiya tərəfindən Ermənistana dəstəyin birmənalı azalmasına gətirib çıxaracaq. Bundan sonra ölkədə hansı vəziyyətin yaranacağını dəqiq demək çətindir. Ancaq hər halda bu proseslər və tendensiyalar mövcuddur, çünki onların predmetləri artıq görünür.

– Tofiq müəllim, Ermənistanda hakimiyyət dəyişikliyi fonunda gedən son siyasi proseslərə baxışınız necədir?

– Ermənistanda hazırkı dəstə hakimiyyətdə qaldı. Sadəcə, prezident postunun səlahiyyətləri baş nazirə veriləcək. Yeni baş nazir prezidentin səlahiyyətlərini üzərinə götürdükdən sonra Ermənistanda real hakimiyyət yenə də Qarabağ klanının əlinə keçəcək və siyasi mənzərə dəyişməz olaraq qalacaq. Bu da siyasətdə ciddi dəyişiklikləri mümkünsüz edir.

– Skripal olayı fonunda Qərbin Rusiyaya qarşı getdikcə daha da artan aqressiyasını haqlı sayırsınız?

– Hazırkı böhran onu göstərir ki, artıq qırmızı xətt keçilib və ciddi şəkildə xəbərdarlıq verilir ki, Rusiya öz nüfuzunu bundan artıq genişləndirə bilməz. Rus diplomatlarının qovulması və Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi isə onu göstərir ki, Qərb öz mövqeyini kifayət qədər açıq və ciddi şəkildə Rusiya rəhbərliyinə çatdırır. Qısa müddətdə biz bunun nəticəsini görəcəyik. Çünki bəllidir ki, Rusiya Qərbə alternativ yarada bilməz. Yəni Rusiyanın rəqabət üçün nə iqtisadi, nə hərbi, nə də demoqrafik potensialı yetərlidir. Əgər Sovet İttifaqı soyuq müharibəni uduzubsa, deməli, Rusiya gec-tez, daha doğrusu, qısa bir müddətdə öz siyasətini dəyişməli olacaq.

– Yəni Rusiya dünyanın bölüşdürülməsi uğrunda apardığı savaşdan geri çəkiləcək?

– Bəli. Çünki bu bölüşmə üçün güc gərəkdir. Rusiyanın indiki vəziyyətdə iqtisadi imkanları İspaniyaya bərabərdir. Təbii ki, dünya da Rusiyanın ikinci fövqəldövlət olmaq ambisiyalarını qəbul etmir. O ki qaldı silah məsələsi və müdafiə imkanları ilə bağlı Rusiya rəhbərliyinin verdiyi bəyanata, hesab edirəm ki, bu, ilk növbədə daxili auditoriyaya ünvanlanıb. Çünki ABŞ və digər ölkələr Rusiyada hansı silahların olduğunu dəqiqliklə bilirlər. Yəni indiki dünyada hər şey bəllidir və nəyisə gizlətmək, kimisə qorxutmaq, sadəcə, başqa məsələlərə xidmət edir. Seçkilərin nəticələrindən sonra Rusiyanın siyasətində ciddi düzəlişlərə gedəcəyini istisna etmirəm.

– Tofiq müəllim, siyasət kluarlarında prezident seçkilərindən sonra Azərbaycanın Ermənistan və Qarabağla bağlı hücum siyasətinin sərtləşəcəyi barədə fikirlər dolaşır. Buna bir qədər aydınlıq gətirməyinizi xahiş edirik.

– Bu bəyanatları çox məntiqli sayıram. Çünki problemin sülh yolu ilə həllinə ümidlər var idi. Məqsəd itki vermədən həqiqəti və ədaləti bərpa etmək idi. Ancaq ermənilərin siyasəti buna imkan yaratmır. Azərbaycanın Dağlıq Qarabağı yaddan çıxaracağını və ya torpaqlarını kiməsə bağışlayacağını gözləyənlər yanılırlar. Azərbaycan güclənib, yeri, zamanı gələndə və əlverişli şərait yarananda güc tətbiq edərək ərazi bütövlüyünü təmin edəcək.

Paylaş: